Xarici işlər nazirlərinin görüşü olub

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nazirlər ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən və siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. Onlar bu xüsusda Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrin rolunu yüksək qiymətləndiriblər.Tərəflər Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarını qeyd edərək bu layihələrin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar açdığını bildiriblər.Görüşdə nazirlər BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.Söhbət zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.xeber100.com

May 31, 2018 3:30

Milli Məclisin plenar iclası keçirilir

Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə 24 məsələ daxildir.İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq.Sonra Torpaq, İnzibati Xətalar məcəllələrində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.Deputatlar Milli Məclisin gənclər və idman komitəsi sədrinin seçilməsi haqqında məsələyə baxacaqlar.İclasda, həmçinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.xeber100.com

May 31, 2018 3:26

Atəşkəs rejimi 84 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işlərini yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.xeber100.com

May 29, 2018 12:40

Azərbaycan Xalq Cümhuriyyəti-100

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.xeber100.com

May 28, 2018 12:55