Atəşkəs sazişinin imzalanmasından 24 il ötür…

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.Apa-nın məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər.Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.Atəşkəsdən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə hər iki tərəf xeyli itki verib.xeber100.com

May 12, 2018 9:41

Milli Məclisin mayın 4-də keçirilən plenar iclasında

Milli Məclisin mayın 4-də keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazov illik məlumatı təqdim edib.Azərtac xəbər verir ki, milli koordinator transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan insan alveri ilə mübarizənin ildən-ilə gücləndiyini söyləyib. O deyib ki, ötən il dünya miqyasında bu tip cinayətlərdə təqsirli bilinən doqquz mindən çox şəxsə ittiham hökmü çıxarılıb.Vilayət Eyvazov insan alverinə qarşı mübarizə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, 2017-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib. Cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq dövlət başçısına təqdim olunub. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər. Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.Məruzəçi qeyd edib ki, uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə polis orqanları tərəfindən reydlər keçirilib, küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib, 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb. Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakıda, Gəncədə və Qubada fəaliyyət göstərən müvafiq sığınacaqlarda hüquqi və psixoloji yardımlar göstərilib. 2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib.xeber100.com  

May 4, 2018 4:21