Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub

Avqustun 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, əvvəlcə Komissiyanın 4 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub. Sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar, habelə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə cari ildə yenidən formalaşdırılmış dairə seçki komissiyalarının bütün üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün yeni maarifləndirmə tədbirlərinin təşkil edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra tərtib edilən tədris proqramına uyğun olaraq 2016-cı il avqustun 18-də Bakı şəhərində dairə seçki komissiyalarının sədrləri üçün müşavirə, avqustun 22-24-də isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi qərara alınıb. İclasda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə də baxılıb və MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra sözügedən təşviqat qrupu Komissiyanın qərarı ilə qeydə alınıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.xeber100.com

Avqust 17, 2016 4:10

“Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”…

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 49 min ailə - 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olan vətəndaşların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2016-cı il 20 iyul tarixli Sərəncamına əsasən Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması nəzərdə tutulub. Son vaxtlar məcburi köçkün ailələrinin köçürülmələri ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildiririk ki, həmin Sərəncamın icrası ilə əlaqədar olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkanda yerləşən əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulur. Digər məskunlaşma obyektlərində yaşayan məcburi köçkün ailələrinin də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə baxılacaq.xeber100.com

Avqust 17, 2016 2:16

“Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi”…

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” mövzusunda keçirilən 3-cü konqresində iştirak etmək üçün avqustun 8-dən 11-dək İndoneziyanın Nusa-Dua şəhərində rəsmi səfərdə olub. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, konqresin açılışında İndoneziya Prezidenti Coko Vidodo çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Asiya ölkələrinin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Sonra İndoneziya Konstitusiya Məhkəməsi sədrinin, parlamentin və digər ali dövlət orqanları rəhbərlərinin məruzələri dinlənilib. Konqresdə Asiya ölkələrinin Konstitusiya məhkəmələri sədrlərinin, hakimlərinin və aparat rəhbərlərinin çıxışlarında məhkəmələrin qəbul etdikləri qərarlarda yeni hüquqi mövqelər, tətbiq edilən konstitusiya prinsipləri, konstitusiya islahatları və digər hüquqi məsələlərə toxunulub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev nitqində konstitusiya hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Konqresdə, həmçinin Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının Seul və Cakarta şəhərlərində təsis olunması barədə qərar qəbul edilib. Səfər çərçivəsində Fərhad Abdullayev İndoneziya Konstitusiya Məhkəməsinin sədri Arif Hidayət ilə görüşüb. Söhbət zamanı iki ölkənin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə olunub. Tədbirlərdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.xeber100.com

Avqust 11, 2016 4:15