İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) bu qurumun, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində silsilə konfranslar və “dəyirmi masa”lar keçirmək təşəbbüsü ilə çıxış edir. “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” adıçəkilən geniş layihə çərçivəsində baş tutan ilk tədbirdir. “Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (Kitabların təqdimatı)” mövzusunda panellərdə öz işini davam etdirən birinci beynəlxalq “dəyirmi masa”da yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları - ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest, Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak ediblər.xeber100.com