MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib

İyunun 7-də Bişkekdəki “Ala-Arça” Dövlət iqamətgahında Qırğızıstanın sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib. İclasda Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Moldova, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Sooronbay Jeenbekov, Kərim Məsimov, Andrey Kobyakov, Pavel Filipp, Koxir Rasulzoda, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər. Özbəkistan və Türkmənistan iclasda Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunublar. İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edib. Ukrayna nümayəndə heyəti iclasa gəlməyib. İclası Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov açaraq qonaqları salamlayıb, MDB çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, MDB və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin və azad ticarət zonası rejiminin formalaşdırılmasının vacibliyinə toxunub. Baş nazir qonaqları bu ilin sentyabrında İssık-Kul gölünün sahillərində keçiriləcək ikinci Dünya Köçəri Oyunlarına baxmağa dəvət edib. Onun sözlərinə görə, bu, yalnız idman yarışı deyil, həm də dünya xalqları və mədəniyyətləri arasında dialoqdur. Hökumət başçıları azad ticarət zonalarının fəaliyyətinin səmərəliliyinin artırılması, elektrik enerjisi sahəsində innovativ əməkdaşlıq, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, radioaktiv mənbələrin yerdəyişməsi, aqrobiomüxtəlifliyin saxlanılması məsələlərini nəzərdən keçiriblər. Şuranın iclasında ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, kimya sahəsində kadrların ixtisasının artırılması, habelə hərbi metrologiya problemlərinin tədqiqi və nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı üzrə baza təşkilatları statusunun verilməsi haqqında qərar layihələri də müzakirə edilib. İclasda 2020-ci ilə qədər MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi, Birlik ölkələrinin gənclərlə iş, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, səhiyyə sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib. Hökumət başçıları Birlik ölkələrinin mədəniyyət və incəsənət sahəsindəki uğurları ilə əlaqədar humanitar əməkdaşlığın möhkəmlənməsinə yönələn “ART EXPO” beynəlxalq sərgisinin keçirilməsi məsələlərini də müzakirə ediblər. Ümumiyyətlə iclasda iyirmidən çox məsələ müzakirə edilib ki, bunun da əksəriyyəti iqtisadi sahəni əhatə edir. İclasda Şuranın növbəti görüşünün bu ilin oktyabrında Minsk şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Sergey Lebedev iclasın yekunları ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin gücləndirilməsi üçün 16 sənəd imzalanıb. İclasda MDB-nin icraiyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və təşkilatın səmərəliliyinin artırılması üçün qərar qəbul olunub. Deyilib ki, iclasda qəbul edilən qərarlar bu ilin sentyabrında Qırğızıstanda keçiriləcək MDB Dövlət Başçıları Şurası iclasının gündəliyinə salınacaq.xeber100.com

İyun 7, 2016 3:35

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Gürcüstanda bir sıra görüşlər keçirib. Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib.  “Bu keyfiyyətlər Fikrəti cəmiyyətə, insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şerləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət məhrum olduğu göz işığını şerlərinə daşıyaraq sanki nur saçırdı”, - deyən Ə.Amaşov F.Mursaqulovun əziz xatirəsinə ehtiram əlaməti olaraq çapdan çıxmış kitabın məziyyətlərindən də söz açıb. Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər.  Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər. Qeyd edək ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında dünyasını dəyişib. xeber100.com  

İyun 7, 2016 1:45

Azərbaycan və CAR arasında ikitərəfli əməkdaşlıq

Afrika qitəsinin iqtisadi mərkəzi hesab edilən CAR- ın Cohanesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsisi münasibətilə təqdimat mərasimi keçirilib. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə CAR-ın dövlət strukturları, biznes nümayəndələri, iş adamları, şirkət üzvləri ilə yanaşı, diplomatik korpusun üzvləri də iştirak edib. Tədbirdə çıxış edən səfir Elxan Poluxov Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi sahəsində həyata keçirilən islahatlar kontekstində Palatanın önəmli layihələr reallaşdıraraq müsbət nəticələrə imza atacağına ümidvar olduğunu bildirib. Azərbaycan və CAR arasında ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsinin iqtisadi əməkdaşlıq təşkil etdiyini bildirən səfir Azərbaycanda əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşu üçün münbit şərait yaradıldığını qeyd edib. Tədbirdə həmçinin Ticarət Palatasının sədri Mayls Çambers çıxış edərək, iki dövlət arasında güclü diplomatik əlaqələr fonunda Ticarət Palatasının iqtisadi münasibətlərdə sabit yüksəlişin genişləndirilməsi, təşviqi və irəlilədilməsinə xidmət edəcəyini vurğulayıb. M. Çambers Ticarət Palatasının Cənubi Afrika və Azərbaycanın biznes dairələrinin hər iki ölkədə mövcud imkanlardan faydalanmağa yardım göstərəcəyini və bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin planlaşdırıldığını əlavə edib. Tədbirdə həmçinin AZPROMO tərəfindən çap edilmiş Azərbaycanın iqtisadi mühiti, investisiya layihələri və Azərbaycanda istehsal olunan məhsullara dair materiallar və Ticarət Palatasının broşürları nümayiş etdirilib.xeber100.com

İyun 4, 2016 12:11

“Gənc diplomatların üçüncü təlim proqramı”nın bağlanış mərasimi keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Gənc diplomatların üçüncü təlim proqramı”nın başa çatması ilə əlaqədar iyunun 1-də Astanada, Nazarbayev Universitetində tədbir keçirilib. Türk Şurasından  Azərtac-a bildiriblər ki, bağlanış mərasimində çıxış edən TDƏŞ-in baş katibi, səfir Ramil Həsənov gənc diplomatların gələcəkdə peşəkarlıqlarının artırılmasında bu proqramın əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib mühüm mövzuları əhatə edən proqramın uğurla icra olunduğunu qeyd edib. R.Həsənov proqramın icrasında əməyi olanlara, xüsusən Qazaxıstan Xarici İşlər Nazirliyinə və Nazarbayev Universitetinə təşəkkürünü bildirib. Gənc diplomatlara uğurlar arzulayan Türk Şurasının baş katibi növbəti proqramın da uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Qazaxıstan xarici işlər nazirinin müavini Akılbek Kamaldinov, Nazarbayev Universitetinin prezidenti Şigeo Katsu və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali proqram iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxış edənlər gələcəkdə ölkələr arasında münasibətlərin inkişafına töhfə verməsi və Türk Şurası çərçivəsində münasibətlərin daha da genişləndirilməsində mühüm rol oynaması baxımından belə layihə və proqramların önəmini xüsusi vurğulayıblar. Çıxışlardan sonra baş katib Ramil Həsənov və nazir müavini Akılbek Kamaldinov proqrama qatılan gənc diplomatlara sertifikatlar verərək onlara müvəffəqiyyətlər diləyiblər. Proqramın mövzularından olan “Səfirlər toplantısı”nda Macaristanın Qazaxıstandakı səfiri Andras Baranyi və Qırğız Respublikası səfirliyinin birinci katibi Çolpanai Adjimatova peşəkar təcrübələrini gənc diplomatlarla bölüşüblər. Toplantıda Azərbaycanın və Türkiyənin Qazaxıstandakı səfirləri Rəşad Məmmədov və Nevzat Uyanık da iştirak ediblər. Bağlanış mərasimindən sonra gənc diplomatlar Çimkent, Türküstan və Almatıda təşkil olunacaq mədəni proqrama qatılacaqlar. Proqram iyunun 5-də Almatıda başa çatacaq.xeber100.com

İyun 1, 2016 2:36

Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Respublika Günü ilə bağlı rəsmi qəbul təşkil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik-analitik və işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Argentina hökuməti adından əsas qonaqlar qismində müdafiə nazirinin strateji və hərbi məsələlər üzrə müavini Anxel Pablo Telyo, Xarici İşlər və Etiqad Nazirliyinin xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Rodolfo Zlauvinen, Argentina Parlamentindən yüksək vəzifəli şəxs kimi isə Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisia Ximenez, habelə çoxsaylı parlament üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Rəşad Aslanov 1918-ci ildə elan edilən və 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu vurğulayıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlərdən danışan Rəşad Aslanov bildirib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması uğrunda əvəzsiz xidmətləri, onun gələcəyə hesablanmış inkişaf strategiyası barədə məlumat verən müvəqqəti işlər vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi iqtisadi və siyasi uğurlardan, Azərbaycanın artan geosiyasi önəmi və regional proseslərdə oynadığı mühüm roldan, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımlardan danışıb. R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların birgə yaşadığını, tolerantlıq ənənələrinin mövcud olduğunu vurğulayaraq, dövlətimizin başçısı tərəfindən bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu qeyd edib. Həmçinin ölkəmizin zəngin turizm potensialına malik olduğu bildirən müvəqqəti işlər vəkili 2016-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbirləri barədə danışıb. Azərbaycan-Argentina əlaqələrinə toxunan R.Aslanov ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Tədbir zamanı Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turizm imkanları barədə, həmçinin bu il ölkəmizdə keçiriləcək "Formula 1" yarışı və Şahmat Olimpiadası ilə bağlı videoçarxlar nümayiş etdirilib, ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.xeber100.com

May 30, 2016 12:39