Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüş toqquşmaları ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aprelin 2-dən 5-dək gedən döyüş toqquşmaları ilə bağlı tədbir keçirilib. Apa-nın məlumatına görə, Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Ermənistan atəşkəs rejiminə əməl etmir və işğalçı mövqeyini davam etdirir. O, Azərbaycan ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını vurğulayıb: "İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq ordumuzun sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alındı və bu 4 günlük müharibədə bir sıra strateji yüksəkliklər ələ keçirildi. Biz bu döyüşlərdə ordumuzun düşmən üzərində həm fiziki həm də mənəvi baxımından qalib olduğunun şahidi olduq. Bu onu göstərir ki, ordumuzda müstəqillik dövründə vətənə məhəbbət hissində formalaşıb və döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aprelin əvvəlindəki hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Artıq bütün dünyanın diqqəti Azərbaycanda və Dağlıq Qarabağdadır". Sonra Azərbaycan ordusunun hərbi əməliyyatlarından bəhs edən video-çarx nümayiş etdirilib. Milli Məclisin deputatı Elmira Axundova çıxışında qeyd edib ki, böyük dövlətlərin müdaxiləsi olmasaydı, Azərbaycan Dağlıq Qarabağ müharibəsində heç vaxt məğlub olmazdı, torpaqlarını itirməzdi. O bildirib ki, sonuncu döyüşlərdə də şəhid olan hərbçilərimizin xatirəsi əbədiləşdirilməlidir. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və hərbi təhsil baş idarəsinin əməkdaşı, polkovnik Nizami Əliyev isə çıxışında sonuncu hərbi əməliyyatlarda Azərbaycan əsgərlərinin böyük şücaət və mərdlik göstərdiyini vurğulayıb: "Hərbi uğurlarımızdan sonra xalqımızda vətənpərvərlik ruhu daha da yüksəlib. Bizim döyüşümüz onu göstərdi ki, Ali Baş Komandanın əmri olan kimi, ordumuz işğal olunmuş torpaqlarını azad etməyə qadirdir". Sonda tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin "Mahnı və rəqs ansamblı"nın çıxışı olub.xeber100.com  

Aprel 27, 2016 3:12

Moskvada Qarabağ problemi müzakirə olunub

Moskvada Ermənistan müdafiə naziri Sehran Ohanyanın İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqanla görüşü keçirilib. “news.am” məlumat verir ki, Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin artmasından narahatlıq ifadə olunub, gərginliyin azaldılmasının zəruriliyi qeyd edilib. Söhbət zamanı vurğulanıb ki, aprelin əvvəlində təmas xəttində baş vermiş 4 günlük müharibənin nəticələrinin münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bir daha sübut edib.  Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA. ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com  

Aprel 27, 2016 1:52

İkitərəfli əməkdaşlığın inkişafı…

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən  apa-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son gərginlik zamanı mülki Azərbaycan əhalisi və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğulayıb.Qonaq hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləyib. M. Vaezi ölkəsinin regional sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik  orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Məmmədyarov isə Azərbaycan prezidentinin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu deyib. O, Mahmud Vaezini Azərbaycan prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Məmmədyarov aprelin 20-də Astara çayı üzərində təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, körpünün ölkələrin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.xeber100.com

Aprel 23, 2016 11:37