Ukrayna parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədi

Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.Azərtac xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.“Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər”, - deyə səfir bildirib.Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, - deyə səfir vurğulayıb.Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.xeber100.com

Fevral 12, 2021 7:16

GUAM Parlament Assambleyasının 13-cü sessiyası keçirilib

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından söz açan sədr müavini vurğulayıb ki, tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür.Son dövrlərdə parlament diplomatiyasının xeyli aktuallaşdığını, beynəlxalq münasibətlərin qanunverici bazasını zənginləşdirdiyini qeyd edən Adil Əliyev bildirib ki, günümüzdə GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər. GUAM PA-nın 13-cü sessiyasının 4 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra “Yeni qlobal çağırışlar şəraitində GUAM-a üzv dövlətlərin əməkdaşlığı” mövzusunda müzakirələrə başlanıb. Öncə COVID-19 pandemiyasının sosial və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə heyətinin rəhbərlərindən Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova), Azərbaycan nümayəndə heyətinin üzvü Cavid Osmanov, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər barədə məlumat veriblər.xeber100.com  

Fevral 11, 2021 6:36

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi Avropa İttifaqının (Aİ) sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına münasibət bildirib.XİN-dən Azərtac-a bildiriblər ki, bununla bağlı verilən açıqlamada deyilir: “Avropa İttifaqının sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur.Məlum olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddətdə əsarətdə saxlanılıb və Aİ bu vəziyyətə biganə münasibət göstərib.Vurğulamaq istərdik ki, son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox insanın itkin düşməsi ilə əlaqədar Aİ bu günədək hər hansı açıqlama verməyib, münasibət bildirməyib.Avropa İttifaqı tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, mülki şəxs Seymur Rzayev ağır yaralanıb.Beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən, bu şəxslər hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcək.Qeyd etmək istərdik ki, birtərəfli və ikili standartlara əsaslanan bu yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər”.xeber100.com

Yanvar 30, 2021 6:42