“İstedadlı uşaqlar-2016”…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi "İstedadlı uşaqlar-2016" festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azərtac xəbər verir ki, tədbirdə şəhər və regionlardan 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqları təmsil edən uşaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Beynəlxalq Muğam Mərkəzində davam edən tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bütün bunlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Komitə sədri diqqətə çatdırıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və yekunlaşmaq üzrədir. Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Uşaq Məcəlləsinin hazırlanması istiqamətində isə müəyyən işlər görülür. BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsinin müavini xanım Nato Alxazişvili çıxışında Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib. Sonra uşaqların rəsm əsərləri nümayiş olunub. Həmçinin 2015-ci və 2016-cı illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2016” filminin təqdimatı olub. Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib qalib gəlmiş uşaqlar mükafatlandırılıblar. Qaliblərə “Azərbaycanın gələcəyi” kuboku, diplomlar və hədiyyələr təqdim olunub. Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.xeber100.com

İyun 1, 2016 2:27

“Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi”…

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində iyulun 8-dən 12-dək “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” adlı beynəlxalq layihə həyata keçirəcək. İctimai Birlikdən Azərtac-a bildiriblər ki, layihə Avropa İttifaqı, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə, ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin könüllülük işlərinə daha geniş miqyasda təşviqini və könüllülük prinsipinin təkcə gənclər işində deyil, eyni zamanda, digər dövlət və qeyri-dövlət strukturlarında tətbiqini əhatə edəcək. Layihənin məqsədi Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər qurumların könüllük sahəsində bu günədək əldə etdikləri təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” kampaniyası çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kampaniyanın avropalı gənclər arasında təbliğidir. Hazırda iştirakçıların seçimi həyata keçirilir. Təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən gənclər də iştirak edəcəklər.xeber100.com

May 31, 2016 2:28

“Gənc sahibkarların bacarıqlarının artırılması”…

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə “Gənc sahibkarların bacarıqlarının artırılması” pilot layihəsi çərçivəsində təlimin keçirilməsinə başlanılıb. YAP GB-dən Azərtac-a bildiriblər ki, Birliyin əlaqələndiricisi Elmar Məmmədov Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Ekspert Arzu Qafarlı gənclərimizin sahibkarlıq fəaliyyəti ilə iqtisadiyyatımızın inkişafına dəstək olmalarının, onlara innovativ düşüncənin aşılanmasının və maarifləndirmələlərinin vacibliyinin bildirib. Qeyd edib ki, təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır. Təlimdə gənclərə biznes etikası və mədəniyyəti, biznes planın yazılması qaydaları, marketinqin əsasları, innovativ biznes ideyaları və onların həyata keçirilməsi mövzusundə təlim keçirilib. Sonda gənclər qruplara bölünərək əldə etdikləri biliklər üzrə müvafiq tapşırıqları yerinə yetiriblər.xeber100.com

May 26, 2016 3:06

“Dövlət qulluğu haqqında”…

Azərbaycanda dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin ikinci, yəni müsahibə mərhələsinin keçirilməsi ilə bağlı yeni dəyişikliklər təklif edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Dövlət qulluğu haqqında" qanuna edilməsi nəzərdə tutulan yeni dəyişikliklərdə öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin (dövlət qulluğuna qəbul müsabiqə əsasında - test imtahanı və müsahibə yolu ilə keçirilir) keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsas olacaq. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qeyd edək ki, bəzi deputatlar və ekspertlər müsabiqənin müsahibə mərhələsinin ləğv olunmasını təklif edirlər. Onların fikrincə, müsahibə mərhələsi hər zaman problemli və narazılıqların yaranmasına səbəb olur. Qanuna edilən digər dəyişikliklər əsasında dövlət orqanının rəhbərinin təqdim olunmuş namizədin stajçı kimi qulluğa götürməsi müddəti də azaldılıb. Hazırda dövlət opranının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək 1 il müddətində stajçı kimi qulluğa qəbul edir. Yeni dəyişikliklərdə isə bu müddətin 6 ay olması təklif edilib. Bundan başqa, tövsiyə olduqda stajçının işə götürülməsi üçün müəyyən edilən sınaq müddəti də azaldılıb. Hazırkı qanuna görə, dövlət opranı rəhbərinin təyin etdiyi kuratorun tövsiyəsi (qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa) müsbət olarsa, onun əmək müqaviləsi bağlamaq yolu ilə 6 ay müddətinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Yeni təkliflərə görə isə tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul ediləcək.xeber100.com

May 25, 2016 1:54

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili diqqətdə saxlanılır. Cari il üçün də bu istiqamətdə tədbirlərə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb. Nazirlikdən Azərtac-a bildiriblər ki, tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Proqrama uyğun olaraq, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili planlaşdırılıb. Əlilliyi olan şəxslərin yola salınması zamanı onlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sosial cəhətdən həssas qrupların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıdan razılıqla söz açaraq, yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. İstirahət günlərində əlilliyi olan şəxslər üçün xüsusi mədəni-kütləvi proqram əsasında musiqili-əyləncəli tədbirlərin, stolüstü oyunların, tarixi yerlərə gəzinti turlarının təşkili nəzərdə tutulub. Qeyd edilən şəxslərin istirahət və sağlamlıq mərkəzlərinə aparılıb-gətirilməsi bu məqsədlə ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir.xeber100.com

May 24, 2016 12:02