Devalvasiya ölkə daxili bazarında 30-50 faizlik ciddi qiymət artımları yaradıb

Azərbaycanda manatın dəyərdən düşməsilə nəticələnmiş sonuncu "şok devalvasiya"nın artıq 1 ayı tamam olur. Xatırladaq ki, milli valyuta 2015-ci ilin 21 dekabrında 48 faizlik devalvasiyaya uğrayıb. Bundan əvvəl isə elə yenə də 2015-in 21 fevralında manat dollar qarşısında 35 faiz ucuzlaşmışdı. 2015-ci ildə Azərbaycan milli valyutası devalvasiyaya uğrayan MDB dövlətləri arasında lider oldu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, milli valyutanın məzənnəsinin aşağı düşməsinin fəsadları bu gün istənilən sahəyə öz təsirini göstərməkdədir: "Nəticədə Azərbaycana daxil olan neft gəlirlərinin həcmi kəskin azalıb. Devalvasiya ilə əlaqədar Azərbaycanın daxili bazarında 30-50 faizlik ciddi qiymət artımları var. Bütün bunlar əhalinin sosial şəraitinə mənfi təsir göstərir. Həmçinin, bank sistemində ciddi pul-kredit çatışmazlığı var, hansı ki, hazırda Mərkəzi Bankda bu tip məsələlərin həlli yollarına baxılır. Ümumiyyətlə, istənilən halda dünyanın hər hansı bir ölkəsində devalvasiya baş verəndə kimsə onu nə tərifləyir, nə də şeir həsr edir. Bu elə haldır ki, bütün ölkələrdə mənfi qarşılanır, insanların yaşayışına, dövlətin iqtisadiyyatına mənfi yöndə təsir göstərir”. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu sorğunun hökumət nümayəndələri arasında keçirilməsi təklifini verib: “Ola bilsin ki, millət vəkilləri dəqiq cavab verməz, amma vətəndaş kimi öz həyatında müşahidə etdiklərini deyə bilər. Qeyd etmək istəyirəm ki, artıq devalvasiyanın psixoloji gərginliyi aradan qalxıb. Unun qiymətinin aşağı salınması ilə bağlı ölkə başçısının verdiyi sərəncam, həmçinin spirtli içkilərin və tütün məmulatlarının nağdsız satışını qadağan edən qanunun icrasının dayandırılması, eyni zamanda sahibkarlığın inkişafı ilə bağlı verdiyi digər sərəncam və göstərişlər psixoloji gərginliyin, süni bahalaşmanın aradan qaldırılmasında mühüm rol oynadı”.

Yanvar 25, 2016 2:58