Valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə (RİİB) daxil olan müraciət əsasında Quba rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün peşə yönümlü kurslar təşkil olunub.RİİB-dən Apa-ya bildirilib ki, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin 9-11-ci sinif şagirdləri artıq peşə və ixtisas seçimində qərarlıdırlar. 21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri nəzəri və praktik dərslər keçib. Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub. İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət  mövzusunda əsərlər üzərində çalışıblar. Bu kursu bitirən şagirdlər əl  işlərini sərgiyə təqdim etməyi planlaşdırır. Eyni zamanda internat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və  elektrotexnik peşəsini seçiblər. Gənclər XXI əsrin yeni texnologiyaların inkişafı dövrü olduğunu nəzərə alaraq bu sənətə üstünlük veriblər. Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb. Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib. Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir.xeber100.com

May 23, 2016 2:59

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”…

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn və prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə dair mayın 19-da baş prokuror Zakir Qaralovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş uğurlu islahatlar, ardıcıl olaraq reallaşdırılan dövlət proqramları, yürüdülən praqmatik siyasət, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və davamlı tədbirlər barədə məlumat verib. Bildirilib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilməli və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrası istiqamətində zəruri tədbirlər görülməlidir. Müşavirədə məruzə ilə çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, icra edilmiş Fəaliyyət planları, ixtisaslaşmış strukturlar, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş İdarənin yaradılması, fəaliyyəti, strukturu və ştat tərkibinin formalaşması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlarla faydalı əməkdaşlıq barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qəbul olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığını təmin etməklə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi, vətəndaşların maarifləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə təmasın daha da gücləndirilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşların ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş İdarəyə birbaşa və maneəsiz müraciət etmək imkanının təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının artırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd, həmçinin dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsinin aparılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, açıq hökumət prinsipləri, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini özündə ehtiva edib. Müşavirədə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan elektron xidmət növlərinin siyahısının təkmilləşdirilməsi məqsədilə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, Baş Prokurorluqda hazırlanmış “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının tətbiqi təmin olunmaqla informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilərək mərkəzi aparatla tabe prokurorluqlar arasında videokonfrans sistemi quraşdırılaraq onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilib. Eyni zamanda, Baş Prokurorluğun veb-saytının proqram hissəsinin daha müasir və təhlükəsizlik standartlarına cavab verən proqramla əvəz edilməsi prosesinin yekunlaşdırılması və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Müşavirədə prokurorluq orqanlarında əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması Baş Prokurorluğun əlaqədar struktur qurumlarından və bütün tabe prokurorluqlardan tələb edilib. Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilməklə vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin gündəlik nəzarətdə saxlanılaraq, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası və həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib. Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror bildirib ki, qarşıdakı dövrdə beynəlxalq standartlar nəzərə alınmaqla Baş İdarənin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti gücləndirilməli, antikorrupsion qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən istintaq sövdələşməsi, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi kimi müddəaların cinayət qanunvericiliyinə daxil edilməsi, eləcə də elektron informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunmalıdır. Müşavirənin yekununda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilib.xeber100.com

May 19, 2016 5:26

Pulsuz hüquqi yardım xidməti göstəriləcək

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsaitlə “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsinin icrasına başlayıb. İctimai Birlikdən  Azərtac-a  bildiriblər ki, layihənin əsas məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin, eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahılların, iş tapmaqda çətinlik çəkənlərin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması və çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) paylanması, Bakıda və regionlarda təlimlərin və ictimai müzakirələrin təşkili nəzərdə tutulur. Həmçinin Bakıda və regionlarda pulsuz hüquqi xidmətlərin göstərilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrin Milli Məclisə və sosial müdafiə orqanlarına təqdim olunması işləri də planlaşdırılır. Sosial məsələlər üzrə hüquq klinikasına çətin həyat şəraitində yaşayan şəxslər iyun ayının 1-dən etibarən müraciət edə bilərlər.xeber100.com    

May 16, 2016 2:14

Prezident ağacəkmə kampaniyasında iştirak edib

Prezident İlham Əliyev Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər. Apa-nın məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezidentə nazirlik tərəfindən 2008-2016-ci illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verib. Bildirilib ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib. Qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Əkilmiş zeytun ağaclarının sayı artıq 1 milyon 268 mini keçib. Dövlət başçısına məlumat verilib ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib.xeber100.com

May 10, 2016 12:03

Faşizm üzərində qələbənin 71-ci ildönümü qeyd olunub

Binəqədi rayonunda alman faşizmi üzərində qələbənin 71 illiyi münasibətilə tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə İH başçısı Xaləddin İsgəndərov, İH başçısının müavini Vüsar İsmayılov, Aparatın məsul şöbə müdiri və əməkdaşları, Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi rayon İH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Binəqədi rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri iştirak edib. Tədbirdə Böyük Vətən Müharibə Veteranları qarşısında çıxış edən İH başçısı Xaləddin İsgəndərov ikinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev deyib ki, son illər ölkədə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Binəqədi rayon İH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev isə vurğulayıb ki, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilir, bu diqqətin əsas göstəriciləri veteranların sosial qayğılarının həlli istiqamətində görülən mütərəqqi işlərdir.xeber100.com

May 8, 2016 8:24