Bruselyoza qarşı kütləvi peyvəndləmə başlayır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 9-dan ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya veroilən məlumata görə, heyvanlar Ümumdünya Heyvan Sağlamlığı təşkilatının (ÜDHST və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd olunacaq. Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi xəstəliyin heyvanlar və insanlar arasında minimuma endirilərək gələcəkdə ləğv edilməsinə nail olmaqdır. Bruselyoz xəstəliyinə qarşı tətbiq olunan “Rev-1” vaksini inyeksiya və göz damcısı formasında istehsal edilir. İnyeksiya formasında olan “Rev-1” vaksini heyvanlarda 2 il müddətində immunitet qazandırsa da boğaz heyvanlarda balasalma riski yüksək olur. “Rev-1” göz damcısı üsulu ilə peyvəndləmə heyvanlarda bruselyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır, eyni zamanda, boğaz heyvanlarda balasalma riskini minimuma endirir. Bu üstünlüyü nəzərə alaraq ölkəmizdə xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksinasiyanın göz damcısı forması tətbiq olunur. Lakin vaksinin təlimatına uyğun heç bir halda boğaz heyvanların vaksinasiyasına yol verilməməlidir. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunmalıdır. Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırlanmış tədbirlər planına uyğun olaraq xırdabuynuzlu heyvanlar arasında peyvəndləmənin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə təlimlər keçib, vaksinin tətbiq qaydaları onlara ətraflı izah edilib. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri “Rev-1”vaksini, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə tam təmin olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tövsiyə edir ki, sahibkarlar xırdabuynuzlu heyvanlar arasında "Rev-1" göz damcısı vaksini ilə peyvəndləmənin aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün xırdabuynuzlu heyvanlarını vaksinasiyaya cəlb etsinlər.xeber100.com

May 8, 2016 3:37

Azərbaycanda sosial dövlət konsepsiyasının praktik müstəvidə reallaşması

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Apa-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov Heydər Əliyevin həyat və fəaliyyətinin müasir tariximizin fəxr və qürur hissi doğuran parlaq bir səhifəsi olduğunu vurğulayıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib: “Heydər Əliyevin ötən əsrin 90-cı illərindən sosial tənəzzüldən sosial sabitliyə keçidi uğurla təmin edən kompleks tədbirlər silsiləsi, etibarlı iqtisadi potensialın formalaşması zəminində sosial müdafiə sisteminin yeni iqtisadi münasibətlərə, qlobal çağırışlara uyğun müasir əsaslarla yenidən qurulmasına yönələn islahatlar kursu Azərbaycanda sosial dövlət konsepsiyasının praktik müstəvidə reallaşmasına imkan yaradıb”. Nazir 1993-2003-cü illərdə əhalinin rifahının keçid dövrünün çətinliklərindən müdafiəsi və milli iqtisadiyyatın sosialyönümlü inkişafı yönündə mühüm tədbirləri həyata keçirən Heydər Əliyevin bu dövrdə müstəqil Azərbaycanın mütərəqqi prinsiplər əsasında sosial qanunvericilik bazasının formalaşdırılması üçün fundamental əsasların yaradılmasını təmin etdiyini də diqqətə çatdırıb.Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən nazir son 12 ildə respublikanın dinamik inkişaf və modern islahatlar yolunda sürətlə irəliləyən ölkə olduğunu vurğulayıb: “Bu dövrdə 3,4 dəfə iqtisadi artıma, qeyri-neft sektorunun ÜDM-də payının 70%-i ötməsinə, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın yatırılmasına nail olan ölkədə rifah göstəriciləri də mütəmadi yüksəlib. Əhalinin gəlirləri 7 dəfə və cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 10303,5 milyon manat, orta aylıq əmək haqqı 5,6 dəfədən çox və cari ilin yanvar-fevral aylarında 6,2% artaraq 472,2 manata çatıb. Təkcə bu ilin ilk rübündə dövlət başçısının imzaladığı 25-dən artıq fərman və sərəncamla ölkə əhalisinin 3,6 milyon nəfərinin və ya 38%-nin əmək haqları, pensiya və müavinətləri, təqaüdləri artırılıb”. S.Müslümov ölkənin əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulmasının istiqamətində mühüm islahat tədbirlərinin həyata keçirildiyini bildirib: “Hazırda əmək bazarına dövlət nəzarətinin təşkili, sığorta-pensiya, dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya sistemləri və digər sahələr elektron texnologiyalar əsasında tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərir. Nəticədə həmin sahələrdə beynəlxalq səviyyədə də yüksək dəyər verilən müasir, şəffaf idarəçilik və əhaliyə xidmətlər sistemi  formalaşdırılıb”.xeber100.com  

May 6, 2016 4:00

5 minədək ailəyə ünvanlı dövlət sosial yardım təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 19-dan tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım üçün müraciət edilməsini və müraciətlər üzrə ailələrin yardım almaq hüququna baxılaraq qərar qəbulu prosesinin avtomatlaşdırılmış rejimdə, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Nazirlikdən Azərtac-a bildirilib ki, mayın 4-dək "Elektron hökumət" portalındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə ailələri təmsil edən şəxslər tərəfindən doldurularaq təqdim edilmiş 83182 "Ərizə-bəyannamə" VEMTAS-da təsdiq edilib. Həmin “Ərizə-bəyannamə”lərdən 72276-sı təmsilçilər tərəfindən təsdiqlənib ki, onlardan 60106-sı sistemdə artıq emal edilib. Emal edilmiş “Ərizə-bəyannamə”lərdən 55234-də bəyan edilmiş məlumatların aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanılarkən öz təsdiqini tapmadığı, habelə məlumatların gizlədilməsi halı və digər uyğunsuzluqlar müəyyən olunub. Bu səbəblərdən həmin ailələrə sosial yardımın təyin olunmasından imtina edilib. Emal prosesi aparılmış “Ərizə-bəyannamə”lərdən 68 rayon və şəhər üzrə 20244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə VEMTAS tərəfindən ünvanlı sosial yardım təyinatı aparılıb. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154,09 manat təşkil edib. Sistemdə təyinatı aparılmış ünvanlı sosial yardımlar üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) səviyyəsində qeydə alınıb. Ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyinedilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı hallarda da eyni qaydada məlumat göndərilməklə, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır. Hər bir vətəndaş imtinanın səbəbini ortadan qaldırmaqla (əgər bu texniki səhvdirsə) etibarnamənin qüvvədə olduğu müddətdə yenidən VEMTAS-a müraciət edə bilər. Ailələri təmsil edən şəxslər sosial yardımın təyin olunması üçün müraciət etdikləri zaman avtomatlaşdırılmış sistemdəki “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə yalnız düzgün məlumatları təqdim etməlidirlər. Çünki VEMTAS 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən daxil edilən bütün məlumatlar aidiyyəti qurumların informasiya bazalarında olan rəsmi məlumatlar əsasında yoxlanılır, uyğunsuzluq, yaxud məlumatların gizlədilməsi halı aşkarlandıqda yardımın təyin olunmasından imtina edilir. Ümumiyyətlə, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ünvanlı sosial yardımların təyinatı prosesində məmur müdaxiləsi heç bir halda mümkün olmayan, bu prosesin tam şəffaf və obyektiv əsaslarla aparılmasını, sosial yardımların ünvanlılıq prinsipi əsasında çatdırılmasını təmin edən bir sistemdir.xeber100.com  

May 5, 2016 2:39

Azadlıq prospektində təmir işləri başlanılıb

Bakının Azadlıq prospektinin təmiri işlərinə başlanılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ilkin mərhələdə prospektin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır. Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur. Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər. İşlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır. Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa ediləcək. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.xeber100.com  

May 3, 2016 11:56

“Gəncə Avropa Gənclər Paytaxtı 2016″…

Mayın 4-də Gəncədə Heydər Əliyev Mərkəzində “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.apa-nın məlumatına görə, tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açacaq. Açılış mərasimdə Prezident Administrasiyası, mərkəzi icra orqanların və Avropa Gənclər Forumunun nümayəndələri, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin nümayəndəsi çıxış edəcək.  Həmin gün Gənclər Evinin və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışları da nəzərdə tutulub. Mayın 5-də Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçiriləcək. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Vəliyev açacaq. Görüşdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibi Andras Farkas , o cümlədən Braqa, Maribor, Saloniki, Kluj-Napoka, Vprna, Kaskais şəhərlərinin nümayəndələri çıxış edəcəklər. Həmin gün “Qadınlar zirvədə” layihəsinin də təqdimatı keçiriləcək. Təqdimat mərasimində Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, o cümədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, millət vəkili Pərvin Kərimzadə, Avropa Gənclər Forumunun üzv təşkilatlarının beynəlxalq ekspertləri çıxış edəcəklər.xeber100.com  

May 2, 2016 3:33

Hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilib

Aprelin 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən “Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilib. AZƏRTAC xəbər verir ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Oyunların baş komandanı, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik-leytenant Fuad Şərifzadə deyib ki, “Şahin” hərbi-idman oyunları gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə almasında, onların ordu həyatına atılmasında mühüm rol oynayır. Artıq bu oyunlar Azərbaycan gəncləri arasında böyük diqqətə və marağa səbəb olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda istedadlı, bacarıqlı, çalışqan, vətənsevər gənclər yetişir. Onların inkişafı üçün bütün imkanlar yaradılır. Gənclərimiz daim dövlətimizin diqqət və qayğısını hiss edirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. O, oyunların iştirakçılarına müraciət edərək deyib: “Sizin hər biriniz artıq qalibsizin. Çünki bu tədbir sizin rayonlarınızda keçirilib. Rayon birinciliyində siz birinci yerə çıxdığınız üçün bu gün Bakı şəhərində mübarizə aparacaqsınız”. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov bu oyunların artıq 20 ildir keçirildiyini bildirib. Vurğulayıb ki, kütləvi xarakter alan bu oyunlarda gənclərin fəal iştirakı çox sevindiricidir və onları gələcək uğurlara ruhlandırır. Aprelin əvvəllərində yaşanan hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda böyüyürlər. Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. “Siz Azərbaycanın gələcək zabit heyətini formalaşdıracaqsınız. Azərbaycanın gələcəyi sizin əllərinizdə olacaq. Siz nə qədər vətənpərvər, Vətənə bağlı olarsınızsa, bizim dövlətimizin, xalqımızın gələcəyi də o qədər möhkəm əllərdə olacaq”. Bu fikirləri isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov səsləndirib. O qeyd edib ki, gənclərimiz Vətən uğrunda, ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman döyüşə hazırdırlar. Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov deyib ki, dövlətimizin gücü və qüdrəti bizim hər birimizin gücümüz və qüdrətimizdən keçir. Gənclərimizin bugünkü tədbirdə fəal iştirakı onların nə qədər vətənpərvər olduğunu göstərir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, dövlətimiz ordu quruculuğu, hərbi vətənpərvərlik, təhsillə bağlı tədbirlərə böyük önəm verir. Bugünkü tədbir sizin həm komanda düşüncənizin inkişafına, silahla davranma, sıra addımlama, əleyhqazdan istifadə etmə və hər hansı ekstremal vəziyyətdə nəyi necə etmə məsələlərinə kömək olacaq. Fiziki, əqli cəhətdən güclü hazırlıqlı hər bir gəncimiz sabah orduda, həqiqi hərbi xidmətində bilik və bacarığını ortaya qoyacaq. Sonra “Şahin” hərbi-idman oyunlarının Bakı üzrə zona birinciliyinə start verildi. Yarışda paytaxtın 11 rayonu ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak edirlər. Qalib komanda respublika üzrə keçirilən “Şahin” hərbi-idman oyununa vəsiqə qazanacaq.xeber100.com

Aprel 30, 2016 5:53