“Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” adlı layihə imzalandı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, layihənin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf kursunun mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. Nazir hazırda respublikada işsizlik səviyyəsinin 5 faizdən bir qədər yuxarı, gənclər arasında isə təqribən 10 faiz təşkil etdiyini bildirib. S.Müslümov vurğulayıb ki, gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən aktiv məşğulluq tədbirlərinin təşkilində qabaqcıl beynəlxalq təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqi də diqqətdə saxlanılır: “Bu sahədə BMT İnkişaf Proqramı ilə birgə son illərdə icra olunmuş “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi xüsusi önəm kəsb edir. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb”. Həmin mərkəzlərdə ilk dəfə işaxtaran ali təhsilli gənclərdən ibarət ümumilikdə 452 nəfər şəxsə təlimlər keçildiyini qeyd edən nazir bildirib ki, təlimlər zamanı onlarda müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqları formalaşdırılıb: “Nəticədə həmin gənclərdən 358 nəfəri və ya 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar və həmin layihə uğurla nəticələnib. BMT İnkişaf Proqramının rəhbəri Helen Elizabet Klark 2014-cü ilin oktyabrında ölkəmizdə səfərdə olarkən onunla keçirilən görüşdə bu layihə çərçivəsində əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsi qərara alınıb. Beləliklə, BMT İnkişaf Proqramı ilə ümumi razılıq əsasında hazırda növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanır”. SYSLAB konsepsiyasının müasir işaxtarma metodlarını, sahibkarlıq, sistemli biznes, ofis bacarıqlarının inkişafı və s. kimi sahələri əhatə etdiyini bildirən S.Müslümov layihənin Azərbaycanda innovasiyanın təşviqi, işsizlik səviyyəsinin azaldılması və texnologiyaya əsaslanan kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcəyini diqqətə çatdırıb: “2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə şəhərində və Masallı rayonunda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq. Həmin şəhər və rayon üzrə Məşğulluq mərkəzlərində qeydiyyata alınmış işsiz şəxslər bu kurslara cəlb ediləcək və hər bir təlim kursu zamanı iştirakçıların xüsusi ehtiyacları üzrə onlara əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyalar da keçiriləcək. Layihə çərçivəsində digər müvafiq tədbirlərlə yanaşı, fərdi sahibkarlığa maraq göstərənlər üçün biznes fəaliyyətinin qurulması, həmçinin hər bir qrup üçün MS Office proqramları üzrə təlim kurslarının, Məşğulluq mərkəzlərinin işçi heyəti üçün Syslab metodologiyası üzrə qısa təlimin təşkil edilməsi də nəzərdə tutulur”. S.Müslümov BMT İnkişaf Proqramı tərəfindən hazırlanan bu layihə sənədinə əsasən, layihəyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyə dəstəyinin veriləcəyini qeyd edib, yeni layihənin gözlənilən nəticələri verəcəyinə əminliyini ifadə edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayıb. Daha sonra S.Müslümov və Q.İsakzai yeni SYSLAB layihəsini imzalayıblar. Tədbirdə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.xeber100.com  

Aprel 28, 2016 12:23

Dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir. Milli Məclisdən apa-ya bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib. Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, prezident  aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.xeber100.com    

Aprel 27, 2016 2:59

Müasir binaların tikintisinə start verildi

Bakıda şəhərində qəzalı binaların sökülərək, əvəzində müasir binaların tikintisinə start verilir. Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qeyd edilib ki, 50- 60-cı illərdə rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək hündür mərtəbəlilərlə əvəz olunacaq.İcra başçısı Arif Qasımov qeyd edib ki, dövlət tam olaraq bu tikintiləri nəzərət edəcək: “Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin təhvil verilməsinə qədər dövlət nəzərət edəcək. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub”.İcra başçısının müavini Qərib Məmmədov bildirib ki, hazırda Mehdi Abbasov, Nəsimi, Çobanzadə küçəsində və başqa küçələrdə iki mərtəbəli binaların sökülməsi nəzərdə tutulub: “Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanılıb və sakinlər kirayə mənzillərə köçürüləcək. Kirayə mənzillərin haqqı həmin şirkət tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək. Rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlərdən biridə “VESTA CONSTRUCTİON” şirkətidi. Şirkət müasir binaların inşa edilməsi üçün yeni lahilələr hazırlayıb. Əsas məqsəd isə əhalinin müasir tam təmirli və münasib qiymətli mənzillərlə təmin etməkdi. Ən vacib məqam isə hər kəsin ev sahibi olması prinsipidi”.Qeyd edək ki “VESTA CONSTRUCTİON” şirkətinin mənzilləri bazar qiymətindən 30-50 % aşağı təklif edəcəyi də bildirilir.  

Aprel 25, 2016 11:54

Binaların zəlzələyə davamlılığı yoxlanılacaq

“May ayının 24-dən başlayaraq Bakıda binaların zəlzələyə davamlılığı yoxlanılacaq. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda dayanıqlıq prinsipi ilə yenidən işlər görüləcək”. Bunu AzVision.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, bu istiqamətdə Almaniyanın Yer Elmləri Mərkəzinin seysmoloji bölməsi ilə əməkdaşlıq ediləcək. Monitorinqlər Bakıda bütün binaları əhatə edəcək. “Zəlzələyə davamlılığın yoxlanılması prosesi almaniyalı mütəxəssislərlə birlikdə həyata keçirəcəyik. Cihazların alınması, maliyyə, treyninqlərin keçirilməsi almanlar tərəfindən, montaj və araşdırmanın aparılması isə yerli mütəxəssislər tərəfindən aparılacaq. Monitorinq zamanı mühit, qurunt axıntıları, zəif təkanların təsirindən binalarda yarana biləcək və yaranmış problemlər müəyyən ediləcək. Aşkar olunnan nasazlıq barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. Problemin aradan qaldırılması istiqamətində işlər aparılacaq ki, sabah baş verəcək zəlzələdə bina tez dağılmasın, dayanıqlılığını saxlaya bilsin”. Q.Yetirmişlinin sözlərinə görə, qəzalı vəziyyətə səbəb olacaq hallar aradan qaldırılacaq: “Hər bir tikili müəyyən müddət sonra kənar təsirlərdən zədələnə bilər. Adi külək, yoldan keçən ağır tonnajlı maşın belə binanın möhkəmliyinə təsir edir. Problemi müəyyən etmək üçün binaların zirzəmilərində, müəyyən mərtəbələrində cihazlar qoyulacaq. Bu cihazlar müəyyən müddətdə monitorinq aparacaq, toplanılan məlumatlar mütəxəssislər tərəfindən təhlil ediləcək”. Qurum rəsmisi qeyd edib ki, bəzi köhnə beşmərtəbə və doqquzmərtəbəli binalar mərhələli şəkildə söküləcək. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda iş aparılacaq. “Monitorinqlər tək Bakıda yox, Bakıətrafı kəndləri və regionları da əhatə edəcək. May ayının 24-dan sonra bütün bunlar konkretləşdiriləcək və məsələ tam aydınlaşacaq”,-deyə Qurban Yetirmişli bildirib.

Aprel 23, 2016 1:26

Kütləvi narazılıq…

Ölkə bankları borcluların sirlərini yayır. Problemli kreditlərin artması səbəbindən banklar borclulara qarşı müxtəlif təzyiq metodlarından istifadə edirlər. Bunlardan biri də borcluların işlədiyi təşkilatların rəhbərlərinə yazılan məktublardır. Redaksiyamıza müraciət edən onlarla müəllim bu problemlə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bank borcluların sirlərini yayır və işlədikləri məktəb rəhbərliyinə məktub göndərərək narahatlığa səbəb olurlar.Müəllimlər bu halın kütləvi şəkildə yayıldığını vurğulayırlar. Borcluların ciddi şəkildə narahatlıqları var. Bank onların bu sirrini yaymalıdırmı? Bu, qanunidirmi? Növbəti mərhələdə məktəb rəhbərliyi tərəfindən onların maaşları tutulub banka ödənilə bilərmi? Bu suallar ətrafında müzakirə apardığımız ekspertlərin açıqlamaları bankların xeyrinə deyil.Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, müştərinin borcu, kredit alması barədə məlumatlar bank sirridir və müştərinin icazəsi olmadan yayılması qanunsuzdur:“Kredit haqqında da məlumatlar bank sirrini təşkil edir. O məlumatı banklar yalnız müştərinin özünə və məhkəmə qərarı ilə ancaq dövlət orqanlarına verə bilərlər.Başqa heç kəsə verə bilməzlər. Yaxud müştəri özü banka desə ki, filan məlumatı kiməsə ver, o zaman məlumat verilə bilər. Buna görə də iş yerinə məlumatın verilməsi, qohumlara, dostlara verilməsi bank sirrinin pozulmasıdır. Əlbəttə ki, bu, yolverilməzdir. Bank müştərinin tələbi ilə məhkəmə qaydasında da vurduğu mənəvi zərəri həmin müştəriyə ödəməlidir. Üstəlik, müvafiq dövlət orqanı tərəfindən də həmin banka qarşı müvafiq sanksiyalar tətbiq edilə bilər. Orqanlar dedikdə, bu, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasıdır və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətidir.Hansı ki, buna görə həmin bankları onlar cəzalandırmalıdır. Yəni bunu banklar niyə edir, bu, aydındır. Bu, əslində faktiki olaraq müştəriyə göstərilən təzyiqdir. O ki qaldı əmək haqqından tutmaya, yalnız məhkəmə ilə bu, həyata keçirilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, yəni bank müştərini məhkəməyə verib, məhkəməni udub, həmin məhkəmənin qərarı qanuni qüvvəyə minibsə, maaşdan tutulma ola bilər. Bankın vətəndaşın iş yerindən maaşdan tutulmanı tələb etmək ixtiyarı yoxdur. Qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, icra məmuru vətəndaşın maaşından, pensiyasından müəyyən məbləğ tuta bilər. Tutma da maksimum 50 faiz ola bilər. Bu zaman da vacib məqam odur ki, vətəndaşın yaşayış minimumu da toxunulmazdır. Əgər vətəndaşın gəliri onun və onun ailəsinin və yaşayış minimumunu təmin etmirsə, heç ümumiyyətlə həmin maaşdan, pensiyadan heç nə tutula bilməz”. Hüquqşünas Müzəffər Baxış isə musavat.com-a açıqlamasında qeyd edib ki, müştəri bankla müqavilə bağlayır və həmin müqavilənin tələblərinə görə bank da, müştəri də kredit müqaviləsinin tələblərinə əməl etməlidir: “Əgər əməl etmirsə, Mülki Məcəllənin tələblərinə görə, bank həmin kredit üçün ipoteka, girov qoyulubsa, öhdəliklərdən istifadə üçün məhkəməyə müraciət etməlidir. Yaxud kredit müqaviləsinin müddəti bitibsə, müştəri müqaviləni icra etməkdən imtina edirsə, belə halda da məhkəməyə müraciət edilməlidir. Qanunvericilikdə bankın müəllimlər tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl etməməsinə görə həmin müəllimlərin işlədiyi iş yerinə müraciət səlahiyyəti nəzərdə tutulmayıb. Bundan əlavə, hətta belə bir müraciət olsa da, işəgötürən bu əhvalata görə işçiyə heç bir irad tuta bilməz. Onun barəsində heç bir tədbir görə bilməz. Bu, sadəcə olaraq, Azərbaycanda qeyri-qanuni təsir imkanlarından istifadə metodlarından biridir. Qanun belə halları əslində qadağan edir. Yəni mən səndən kredit götürmüşəm, müqavilənin tələblərinə əməl etməmişəmsə, sən qanunda olan səlahiyyətlərdən istifadə edib kreditin ödənilməsinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan imkanlardan istifadə etməlisən. Digər təsir imkanlarından istifadə etmək əslində həmin şəxsin hüquqlarının pozuntusudur. Belə halda müəllim özü bankın rəhbərliyi ilə bağlı məhkəməyə müraciət edə bilər. Hadisə nəticəsində ona vurulmuş mənəvi ziyana görə ondan tələbi ola bilər. Yəni bildirə bilər ki, bu yolla mənəvi sarsıntılar keçirib”.

Aprel 23, 2016 12:13

“Azərsu” 10 minədək şam ağacı əkib

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması məqsədilə “Azərsu” ASC-nin ekoloji tədbirləri sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət daşıyır və son illər bu sahədə işlər intensiv qaydada davam etdirilir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin fevral ayından başlayaraq qurumun bütün idarə və müəssisələrində, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə növbəti ağacəkmə tədbirlərinə start verilib. Yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə yaşıllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəlməkdir. Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin əməkdaşları iştirak edir. 2016-cı ilin ötən dövrü ərzində ağacəkmə tədbirləri çərçivəsində 10 minədək şam, zeytun, sərv və meyvə ağacları, həmçinin 20 minədək müxtəlif dekorativ bitki əkilib. Yeni istismara verilmiş “Dədə Qorqud” su anbarının ərazisində 3 350 ədəd, “Zirə” anbarının ərazisində 2 254 ədəd meyvə və həmişəyaşıl ağac əkilib. Eyni zamanda “Balaxanı” anbar kompleksində 2 850, “Saray” anbarının yerləşdiyi ərazidə 330, “Ramana” anbarının ərazisində isə 840 ədəd müxtəlif növ ağac əkilərək geniş yaşıllıq zolaqları salınıb. Qeyd edək ki, 2011-ci ildən “Azərsu” ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2016-cı illərdə ASC-nin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində 150 minə qədər müxtəlif növdə ağac və kol bitkiləri, 450 minədək mövsümi gül əkilib. Ötən müddətdə 74 min kvadratmetr ərazidə qazon sahəsi salınmış, yeni suvarma sistemləri yaradılıb. Həmçinin əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılıb.xeber100.com

Aprel 16, 2016 2:38