Sosial mənzil tikintisi üçün 10 milyon manat ayrılıb

Yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi məhz sosial evlərin tikintisi üçün yaradılıb. Bunu ANS PRESS-ə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması barədə fərmanı şərh edərək ilə bildirib. Fərman aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən sosial mənzil tikintisinin vacibliyi vurğulandıqdan dərhal sonra verilib. İclasda prezident İlham Əliyev sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi: “Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.” İlham Əliyevin sözlərinə görə, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: “Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir”. Vahid Əhmədovun sözlərinə görə, sosial mənzillərin tikintisi məsələsi ölkə rəhbərliyi səviyyəsində çoxdan öyrənilir: “Biz Türkiyə, Almaniya təcrübəsini öyrənmişik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində məsələ dəfələrlə müzakirə edilib. Artıq ilk addım atılıb və ölkə başçısı tərəfindən sosial mənzil tikintisi üçün 10 milyon manat ayırılıb.  Bu evlər əhali üçün həddindən artıq əlverişli olacaq. Sosial mənzil alanlar ayda 80-90 manat ödəyəcəklər. 25-30 ildən sonra isə mənzil onların tam mülkiyyətinə  veriləcək”. Əslində, sosial mənzillər ucuz başa gələcək və onların vətəndaşlara belə aşağı qiymətlərlə təqdim edilməsi elə də ciddi problem yaratmayacaq. Birincisi, bu mənzillər dövlət tərəfindən ayrılmış ərazilərdə inşa ediləcək, buna görə tikinti məsrəfləri xeyli aşağı düşəcək. Bu mənzillərin dövlət tərəfindən  tikilməsi bir sıra qeyri-rəsmi xərcləri də ortadan qaldıracaq. Mənzillər həm də yığcam olduğuna görə, baha başa gəlməyəcək. Vahid Əhmədovun sözlərinə görə, əsasən 1 - 2 otaqlı mənzillər tikiləcək. Təbii ki, bu zaman sovet illərində Bakıda tikilmiş tipik mənzillər evlərin layihə sənədlərindən istifadə etmək olar ki, bu da xərcləri xeyli aşağı sala bilər. Bakıda əksər ailələrin yaşadığı bu cür iki otaqlı evlərin maksimum ölçüsü 50 kvadratmetrdir. Halbuki, şirkətlərin tikdirdiyi yeni binalarda ən kiçik iki otaqlı mənzillər  80 kvadratmetr ətrafında dəyişir. Türkiyə və Almaniyanın təcrübəsi göstərir ki, dövlət tərəfindən vətəndaşa kreditə verilən sosial mənzillərdə faiz dərəcəsi sıfra bərabər olur. Bu ölkələrdə banklar yalnız ödənişi həyata keçirdiyinə görə xidmət haqqı alırlar. Bu isə təbii ki, illik dərəcəsi 8%-ə bərabər olan ipoteka ilə müqayisədə aylıq ödənişləri xeyli aşağı salmağa imkan verir. Buna görə də hazırda əmək haqları ipotekaya mənzil almağa imkan yaratmayan vətəndaşlar rahatlıqla sosial mənzil ala biləcəklər. Vahid Əhmədovun sözlərinə görə, hazırda normativ sənədlər üzərində iş gedir və sənədlər hazır olandan sonra hansı vətəndaşların sosial mənzil ala biləcəyi məlum olacaq. Bu zamanTürkiyə hökumətinin həyata keçirdiyi sosial mənzil siyasəti məhz aşağı gəlirli vətəndaşlar üçün nəzərdə tutulub və Azərbaycan da bu təcrübədən yararlana bilər. Həmin təcrübəyə görə, sosial mənzil almaq istəyən ailələrin aylıq gəlirlərinin yuxarı həddinə limit qoyulur, mənzili olan ailələr də sosial mənzil ala bilməzlər. Şəhid ailələri, dul qadınlar və yetimlər xüsusi güzəştlərə malikdirlər. Təbii ki, bu şərtlər daxilində verilən sosial evlər Azərbaycanda sosial rifahı gücləndirəcək, ölkədə daha istiqrarlı bir əhval-ruhiyyə yaranmasına imkan yaradacaq. Sosial mənzillərin tikintisi Azərbaycanın regionlarında  minlərlə yeni iş yerinin açılmasına da imkan yaradacaq. Sifarişçisi dövlət olan binaların tikintisi təkcə inşatçıların işə cəlb edilməsi ilə qalmayacaq, manipulyativ effekt verərək tikinti materialları istehsalında və nəqliyyatda da canlanma yaradacaq.xeber100.com  

Aprel 12, 2016 2:37

Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna çalışan 3 vəzifəli şəxsə töhmət verilib

Hesablama Palatasının 2015-ci il İş Planına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) ayrılan vəsaitlərin istifadəsinin auditi keçirilib. "APA-Economics" Palatanın hesabatına istinadən xəbər verir ki, nəzarət tədbiri ilə ARDNF-dən MKSİF-ə 2012-2014-ci illər üzrə bərabər məbləğdə olmaqla cəmi 899 mln. 970,4 min manat vəsaiti əhatə edilib. MKSİF-ə ayrılan vəsaitlərin istifadəsinin auditi nəticəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, MKSİF tərəfindən Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da faktiki olaraq fəaliyyət göstərmədiyi müəyyənləşib. Audit sübutları ilə Dövlət Proqramı üzrə 2012-2014-cü illərdə istifadə olunan vəsaitin 54,8%-nin 2007-2011-ci illərdə nəzərdə tutulan 14 tədbirin icrasına sərf edildiyi, işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən podratçılarla iki məhəllənin tikintisi üzrə satınalma müqavilələri bağlanıldığı, avans ödənişinin təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlər təqdim edilmədən 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənildiyi aşkar edilib. Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,5 min manat məbləğində vəsait müvafiq qaydada bərpa edilib, 5 mln. 695,1 min manat məbləğində debitor borc bağlanıb və 131 mln. 363,5 min manat məbləğində əsas vəsait uçota alınıb. Qanunvericiliklə müəyyən olunmuş qaydada nöqsanlara yol vermiş MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib və 1 şəxs işdən azad edilib.xeber100.com  

Aprel 8, 2016 2:59

Əmək pensiyaları almaq hüququ olmayan insanlara ailə müavinətlərinin ödənilməsi davam etdiriləcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 mln. manat ayrılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının detallarını açıqlayıb. Nazir "APA-Economics"ə açıqlamasında qeyd edib ki, bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb: "Bu, o deməkdir ki, hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazada ola 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək. Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir. Ötən il nazirlik Beynəlxalq Əmək Təşkilatının xətti ilə Göyçayda bir pilot layihə, Şamaxıda isə Türkiyənin İTECA təşkilatı ilə bir pilot layihə reallaşdırıb. Göyçaydakı layihədə 21 əlil ailə, Şamaxıdakı layihədə 11 ailə iştirak edib. Onlar iki aylıq tədrisdən sonra özlərinin kiçik biznes planlarını tərtib ediblər və müxtəlif istiqamətlər üzrə ailə biznes təsərrüfatlarını yaradıblar. Onlar heyvandarlıqla, kiçik istilikxanalar təşkil etməklə, kompüter kursları açmaqla, arıçılıqla və sair işlərlə məşğul olmaq istəyənlər var idi. 32 ailənin hər birində bu layihə özünü doğruldub. Ölkə başçısı həmin 6 milyon manatı bunun üçün ayırıb ki, 68 rayonda aztəminatlı ailəyə öz bizneslərini qurmağa yardım edək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə təxminən 4 000 manat həcmində kiçik bir biznes qurmağa imkanların yaradılması məsələsinə baxılacaq. Bu işdə bizə Beynəlxalq Əmək Təşkilatı ciddi yardım göstərəcək. Artıq təşkilatla danışıqlar aparılıb. Təşkilatın trenerləri ailələrə dərs keçməyə hazırdır. Onların əmək haqlarını da təşkilat özü verəcək. Təşkilat Azərbaycanda təqribən 136 treneri formalaşdırmalıdır. Sonra həmin 136 nəfər 68 rayonun hər birində 20 ailəni seçib öyrədəcək". Ailələrin seçilməsinə gəlincə, nazir qeyd edib ki, ilk növbədə ünvanlı sosial yardım alan ailələr seçiləcək: "Ünvanlı sosial yardım alan ailələrin 45%-nin tərkibində o ailələrdir ki, valideynlərdən biri yoxdur. Onlar bu prosesə cəlb olunmayacaq və ailə müavinəti almağa davam edəcəklər. O cümlədən 18 yaşdan aşağı əlil uşaqları olan ailələrə də müavinətlərin verilməsi davam etdiriləcək. Əmək pensiyaları almaq hüququ olmayan insanlara da ailə müavinətlərinin ödənilməsi davam etdiriləcək. Bundan başqa, övladlarının sayı dörddən çox olan ailələrə də ailə müavinətinin verilməsi davam etdiriləcək. Qalan hissəyə nəzərə salsaq görərik ki, elə ailələr var ki, hər birində ən azı iki nəfər əməkqabiliyyətlidir. Onların öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var". Xeber100.com  

Aprel 8, 2016 12:28

5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır

Tarif Şurasının qərarı ilə Azərbaycanda daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu barədə qərar Tarif (qiymət) Şurasının növbəti iclasında qəbul edilib. Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcəkdir. Həyata keçirilən siyasətə uyğun olaraq qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmış, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin  qiymətləri endirilib. (anspress) Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.  

Aprel 6, 2016 12:33

Aprel ayına olan hava proqnozu

Aprel ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 22-26 dərəcə isti, ayın sonunda 29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 14-19, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.    

Mart 31, 2016 10:54