“Azərbaycan dilində səxs adlarının izahlı lüğəti”…

Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib. S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır. Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur. O, əlavə edib ki, Füzuli adı “F(i)zuli” kimi tələffüz edilsə də, Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: “Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin”. S.Sadıqova bildirib ki, tərkibində “ağa”, “xan”, “bəy”, “mirzə”, “hacı”, “seyid”, “soltan”, “xanım” sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib. O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: “Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib”.  

Fevral 9, 2016 2:01

Qanvermə aksiyaları başlayır

“LAYF” Xeyriyyə İctimai Birliyi Xocalı qurbanlarının xatirəsini Qanvermə aksiyaları ilə yad edəcək! Birlikdən verilən məlumata görə,  bu qan aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar. Xocalı qurbanlarının anımına həsr olunmuş qan aksiyalarının təşkil edilməsində məqsəd Xocalı faciəsində amansızca qətlə yetirilmiş insanların xatirəsinin birlikdə yad edilməsi, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddan çıxarılmayacağının diqqətə çatdırılması, dünya birliyinin susduğu bu cinayət qarşısında xalqımızın həmrəyliyinin, birliyinin nümayiş etdirilməsi, humanist duyğuların inkişaf etdirilməsi, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza ictimai diqqət və qayğının artırılması, eyni zamanda könüllü və mütəmadi qan donorluğunun təbliğ edilməsidir. Qan aksiyalarının “LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, “Qaraçay Holdinq”-in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulur. Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 fevral 2016-cı il tarixində saat 1000 -dan 1630 -a qədər M. K. Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq Federasiyasının mərkəzində baş tutacaq. Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 fevral 2016-cı ildə saat 10 00 -dan 16 30 -a qədər “Qaraçay Holdinq”-in Xudu Məmmədov 4 C ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək.  

Fevral 8, 2016 5:12

Azərbaycandakı tolerantlıq nümunədir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Komitə sədri ona ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər, din azadlığı, yəhudilərin Azərbaycanda məskunlaşma tarixi barədə ətraflı məlumat verib. Qurbanlı Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri deyib ki, yəhudilər də daxil olmaqla, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Dövlətin ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını deyən M. Qurbanlı tolerantlıq siyasətinin Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi ilə daha geniş vüsət aldığını vurğulayıb. Azərbaycana ilk dəfə 1972-ci ildə - Sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkəmizdə yəhudilərin dinc şəraitdə yaşadıqlarını deyib. Müstəqilliyini bərpa etdikdən sonra isə 2010-cu ildə respublikamıza gəldiyini deyən A. Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini, burada dini icmaların sərbəst fəaliyyət göstərdiyini gördüyünü və bundan çox məmnun olduğunu bildirib. Azərbaycanın geosiyasi cəhətdən unikal mövqeyə malik olduğunu deyən A. Kuper ölkəmizdə müxtəlif dini əqidələr və mədəniyyətlərdən olan insanların azad yaşadığını və bərabər imkanlara malik olduğunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.      

Fevral 2, 2016 4:28

Dollarla borcu olanlara məsləhət

Bu yaxınlarda Milli Məclisdə" Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu. Ancaq bank sektorunda bir sıra zəif banklar var. Bu zəif banklar bazarın çox cüzi hissəsini təşkil edir. Əmanətçilərin 98%-i bugünkü sığorta sistemi ilə əhatə olunurlar". Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, sağlam və perspektivi olan banklar "Əmanətlərin tam sığortalanması haqqında" qanun imzalanandan sonra 100% sığorta ilə əhatə olunacaqlar: `Bank sektorunda dayanaqlığı təmin etmək üçün dövlət müvafiq proqram üzərində işləyir. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Ən güclü ekspertləri dəvət etmişik ki, bank sektorunu daha güclü, dayanıqlı edək`. Lisenziyası ləğv olunan "Gəncə Bank" ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur. Elman Rüstəmov həmçinin banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib: `Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik`.

Fevral 2, 2016 4:17