Azərbaycandakı tolerantlıq nümunədir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Komitə sədri ona ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər, din azadlığı, yəhudilərin Azərbaycanda məskunlaşma tarixi barədə ətraflı məlumat verib. Qurbanlı Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri deyib ki, yəhudilər də daxil olmaqla, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Dövlətin ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını deyən M. Qurbanlı tolerantlıq siyasətinin Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi ilə daha geniş vüsət aldığını vurğulayıb. Azərbaycana ilk dəfə 1972-ci ildə - Sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkəmizdə yəhudilərin dinc şəraitdə yaşadıqlarını deyib. Müstəqilliyini bərpa etdikdən sonra isə 2010-cu ildə respublikamıza gəldiyini deyən A. Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini, burada dini icmaların sərbəst fəaliyyət göstərdiyini gördüyünü və bundan çox məmnun olduğunu bildirib. Azərbaycanın geosiyasi cəhətdən unikal mövqeyə malik olduğunu deyən A. Kuper ölkəmizdə müxtəlif dini əqidələr və mədəniyyətlərdən olan insanların azad yaşadığını və bərabər imkanlara malik olduğunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.      

Fevral 2, 2016 4:28

Dollarla borcu olanlara məsləhət

Bu yaxınlarda Milli Məclisdə" Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu. Ancaq bank sektorunda bir sıra zəif banklar var. Bu zəif banklar bazarın çox cüzi hissəsini təşkil edir. Əmanətçilərin 98%-i bugünkü sığorta sistemi ilə əhatə olunurlar". Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, sağlam və perspektivi olan banklar "Əmanətlərin tam sığortalanması haqqında" qanun imzalanandan sonra 100% sığorta ilə əhatə olunacaqlar: `Bank sektorunda dayanaqlığı təmin etmək üçün dövlət müvafiq proqram üzərində işləyir. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Ən güclü ekspertləri dəvət etmişik ki, bank sektorunu daha güclü, dayanıqlı edək`. Lisenziyası ləğv olunan "Gəncə Bank" ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur. Elman Rüstəmov həmçinin banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib: `Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik`.

Fevral 2, 2016 4:17

Devalvasiya ölkə daxili bazarında 30-50 faizlik ciddi qiymət artımları yaradıb

Azərbaycanda manatın dəyərdən düşməsilə nəticələnmiş sonuncu "şok devalvasiya"nın artıq 1 ayı tamam olur. Xatırladaq ki, milli valyuta 2015-ci ilin 21 dekabrında 48 faizlik devalvasiyaya uğrayıb. Bundan əvvəl isə elə yenə də 2015-in 21 fevralında manat dollar qarşısında 35 faiz ucuzlaşmışdı. 2015-ci ildə Azərbaycan milli valyutası devalvasiyaya uğrayan MDB dövlətləri arasında lider oldu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, milli valyutanın məzənnəsinin aşağı düşməsinin fəsadları bu gün istənilən sahəyə öz təsirini göstərməkdədir: "Nəticədə Azərbaycana daxil olan neft gəlirlərinin həcmi kəskin azalıb. Devalvasiya ilə əlaqədar Azərbaycanın daxili bazarında 30-50 faizlik ciddi qiymət artımları var. Bütün bunlar əhalinin sosial şəraitinə mənfi təsir göstərir. Həmçinin, bank sistemində ciddi pul-kredit çatışmazlığı var, hansı ki, hazırda Mərkəzi Bankda bu tip məsələlərin həlli yollarına baxılır. Ümumiyyətlə, istənilən halda dünyanın hər hansı bir ölkəsində devalvasiya baş verəndə kimsə onu nə tərifləyir, nə də şeir həsr edir. Bu elə haldır ki, bütün ölkələrdə mənfi qarşılanır, insanların yaşayışına, dövlətin iqtisadiyyatına mənfi yöndə təsir göstərir”. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu sorğunun hökumət nümayəndələri arasında keçirilməsi təklifini verib: “Ola bilsin ki, millət vəkilləri dəqiq cavab verməz, amma vətəndaş kimi öz həyatında müşahidə etdiklərini deyə bilər. Qeyd etmək istəyirəm ki, artıq devalvasiyanın psixoloji gərginliyi aradan qalxıb. Unun qiymətinin aşağı salınması ilə bağlı ölkə başçısının verdiyi sərəncam, həmçinin spirtli içkilərin və tütün məmulatlarının nağdsız satışını qadağan edən qanunun icrasının dayandırılması, eyni zamanda sahibkarlığın inkişafı ilə bağlı verdiyi digər sərəncam və göstərişlər psixoloji gərginliyin, süni bahalaşmanın aradan qaldırılmasında mühüm rol oynadı”.

Yanvar 25, 2016 2:58