“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul edilib

Martın 10-da Milli Məclisin plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam etdirilib.Azərtac xəbər verir ki, bu qanun layihəsinin hazırlanmasında məqsəd erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, ətraf aləmə həssas münasibətinin formalaşdırılması, onların sağlamlığının mühafizəsi, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının təmin edilməsidir.Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir və bu sahədə xidmətlər göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.Bu qanun layihəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.xeber100.com

Mart 10, 2017 12:49

Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “İstək” liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (2017-cı il aprelin 1-dək 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 1-də keçiriləcək. Mayın 6-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcəklər. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılacaq.Final mərhələsinin nəticələrinə əsasən Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdır.xeber100.com

Mart 8, 2017 2:19