2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanları başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-dan Azərtac-a bildiriblər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 47 binada aparılacaq. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçiriləcək və bütün binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanacaq və üç saat davam edəcək. İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV-lərin nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə edilmiş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. İmtahanların idarə edilməsinə 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2.129 nəzarətçi-müəllim cəlb olunacaq.xeber100.com

İyul 13, 2016 10:10

“İntellektual idarəetmə sisteminin yaradılması” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yeni layihəyə başlayıb. BDU-dan Azərtac-a bildirilib ki, bu məqsədlə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə birgə “İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması” mövzusunda seminar keçirilib. Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-ci ildən aparıldığını bildirib. Rektor Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlərin aparıldığını qeyd edib. BDU-nun nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Bildirilib ki, laboratoriyada son yeddi ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövrdə ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat veriblər. Seminarda, eyni zamanda, bu istiqamətdə dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb, işçi qrup yaradılıb.xeber100.com

İyul 12, 2016 3:53

“Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”…

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib. Apa-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir. Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır. Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb. Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir: - dərslik, dərs vəsaiti – bir tədris ili; -elmi-populyar və bədii ədəbiyyat – bir ay; - dövri və çox istifadə olunan nəşrlər – 15 gün; Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.xeber100.com

İyul 10, 2016 9:32

Kolleclərə ixtisas seçimi başlayıb

Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlayıb və proses iyulun 18-dək davam edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Apa-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.xeber100.com        

İyul 8, 2016 9:26