Dövlət İmtahan Mərkəzi qəbul şərtlərini açıqlayıb

Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılacaqlar.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 25-dən avqustun 3-dək keçiriləcək. 11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi isə avqustun 15-dən 19-dək aparılacaq.Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.Doqquzillik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək aparılacaq.xeber100.com

İyul 13, 2017 1:50

Dövlət İmtahan Mərkəzi mtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş imtahanların nəticələrini elan edib.DİM-dən Azərtac-a bildirilib ki, imtahanların nəticələri iyulun 6-da Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.Nəticələrə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 17928 abituriyentdən 3295-i imtahana gəlməyib. İmtahanda iştirak edən 14633 abituriyentdən 14-ü imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4886 abituriyentdən 1027-si imtahana gəlməyib.Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.xeber100.com

İyul 7, 2017 12:20

Bakı Ali Neft Məktəbinin məlumatına görə…

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi Türkiyəyə göndərilir.BANM-dən Azərtac-a bildirilib ki, tələbələr “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Ali məktəbin 16 tələbəsi “Petkim”də, 2 tələbəsi “Star”da, 2 tələbəsi “SOCAR Türkiyə” şirkətində iki ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.İntensiv qiymətləndirmədən sonra təcrübə proqramında iştirak hüququ qazanmış tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 17-dən avqustun 15-dək, ikinci qrup isə iyulun 18-dən avqustun 16-dək təcrübədə olacaqlar. “SOCAR Türkiyə” şirkətinin müəssisələrində təcrübə keçərək tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.Qeyd edək ki, bu təcrübənin ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur.xeber100.com

İyul 6, 2017 11:44