Xocavəndin işğalının 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

Azərbaycanın füsunkar guşələrindən olan Xocavəndin erməni təcavüzkarları tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində anma mərasimi keçirilib. Azərtac xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibə veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, “N” saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocavəndli məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, işğal nəticəsində Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Diqqətə satdırılıb ki, xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub, 300 nəfərdən çox insan əlilə çevrilib, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.xeber100.com

Oktyabr 3, 2016 3:42

31 avqust 1993-cü il…

Qubadlı rayonunun işğalından 23 il keçir. Sahəsi 80250 hektar olan rayon 31 avqust 1993-cü il tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir.xeber100.com

Avqust 31, 2016 10:53

“Dağlıq Qarabağda dondurulmamış münaqişə”…

“The Washington Times” qəzetində Begin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin amerikalı eksperti Aleksandr Murinsonun “Dağlıq Qarabağda dondurulmamış münaqişə” sərlövhəli məqaləsi dərc edilib.azərtac. Müəllif postsovet məkanında ərazi bütövlüyü prinsipinə riayət etməyin vacibliyindən və Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından yazır. Məqalədə Azərbaycan ərazilərinin işğalını pisləyən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrini, habelə BMT Baş Məclisinin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən 2008-ci il 14 mart tarixli qətnaməsini sadalayır. Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat (GUAM) qanunsuz işğal edilmiş ərazilərdə qondarma seçkilərin legitimliyini tanımır. Ekspert qeyd edir ki, əgər Transatlantik birliyin üzvləri (ABŞ və Fransa) bu “dondurulmamış” münaqişəyə bundan sonra da səhlənkar yanaşsalar, ardınca müharibə baş verməsi qaçılmazdır.xeber100.com

Avqust 25, 2016 11:43

23 avqust 1993-cü il…

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür. Apa-nın məlumatına görə, Füzuli rayonu ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub. 1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb: 1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb. 2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. 3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. 4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb. Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 23 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb. Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var. Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. 2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.xeber100.com

Avqust 23, 2016 10:16