23 iyul 1993-cü il… Ağdamın işğal günü…

23 iyul 1993-cü il Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan günüdür. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.xeber100.com

İyul 23, 2016 6:06

Azərbaycanın təbii sərvətləri talan edilir

Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır. Həmin karxanalarda doğranan mişar daşları Ermənistana aparılır. Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlər Apa-ya bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: “Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

İyul 4, 2016 1:14

Şuşalı məcburi köçkünlərlə görüş keçirilib

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə görüş keçirib. APA-nın məlumatına görə, F. V. Ştaynmayer öncə məktəblə tanış olub. Məktəbdə ATƏT-in fəaliyyətdə olan sədrinə Şuşanın, o cümlədən Xankəndinin tarixi barədə məlumat verilib, Şuşa və Xankəndinin Şuşa xanları tərəfindən salındığı nəzərinə çatdırılıb. Daha sonra məktəbin həyətində məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, dövlət tərəfindən Şuşa şəhərciyində məcburi köçkünlər üçün hər bir şərait yaradılıb, ancaq məcburi köçkünlər Şuşaya, doğma torpaqlarına qayıtmaq istəyirlər.  F. V. Ştaynmayer gənc nəslin də Şuşaya qayıtmaq arzusunda olub-olmaması ilə maraqlanıb. B. Səfərov bildirib ki, nəinki gənc nəsil, uşaqlar belə Şuşanı arzulayırlar: ‘Mənim 8 nəvəm var, hər gün məndən soruşurlar ki, Şuşaya nə vaxt gedəcəyik?” Görüşdə Xankəndində anadan olmuş, daha sonra Şuşada yaşamış Ramiq Məhərrəmov Şuşadakı evlərinin dağılmamışdan öncə və Şuşanın işğalından sonra dağılmış vəziyyətdə çəkilmiş fotolarınə göstərib. O, evlərinin dağılmış vəziyyətdə fotolarının Şuşada olmuş avropalı fotoqraflardan biri tərəfindən çəkildiyini söyləyib. Görüşdə çıxış edən digər məcburi köçkünlər münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildirib, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduğunu vurğulayıblar. Görüşdə F. V. Ştaynmayerə ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Qarabağda ucaldılmış abidənin fotosu də göstərilib. B. Səfərov nəzərə çatdırıb ki, ermənilər Qarabağa köçmələrinin 150 illiyini 1978-ci ildə qeyd ediblər, abidə də bu münasibətlə qoyulub: “Ancaq sonra ermənilər özləri o abidəni dağıtdılar”. F. V. Ştaynmayer görüşdə ATƏT və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcəyini bildirib.xeber100.com

İyun 30, 2016 2:00

Zəngin təbii sərvətlərə malik Laçın-24

  Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür. Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bir diyardır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu. Azərbaycanın bu füsunkar guşəsi 24 ildir ki Ermənistanın işğalı altındadır. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib. Təxmini hesablamalara görə, işğal nəticəsində rayona 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib. Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları 24 ildir ki, ermənilər tərəfindən talan edilir. Nadir ağac növləri olan meşələr qırılaraq Ermənistana daşınır. Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib. Laçının 74 min nəfərdən çox sakini isə 24 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayırlar. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib. Ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikilməsi nəzərdə tutulur. Laçın rayonunun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Malıbəy obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb. Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb. Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 24 ildir ki, Laçın niskili, yurd həsrəti ilə yaşayırlar...

May 17, 2016 2:45

Müdafiə Nazirliyinin məlumatına görə…

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar. Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən, hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb. Sonra müdafiə naziri hərbi hissənin şəxsi heyətinə ali baş komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Müdafiə naziri cəbhəboyu zonada ön xətt boyu yerləşən yeni hərbi hissələrin tikintisi ilə bağlı müvafiq tapşırıqlarını verib.xeber100.com

May 12, 2016 3:02

Şuşanın işğalından 24 il ötür…

Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.xeber100.com

May 8, 2016 3:43