Xoşbəxtliyin sonsuz çalarları

Xoşbəxtlik nədir? Bütün insanlar xoşbəxtdirmi? Bəli, hər bir insanın həyatında xoşbəxt anları olur.Xoşbəxtlik çox böyük bir məhfumdur.Hər bir kəs təxəyyülündə bu bəxtəvərliyi öz istədiyi, arzuladığı kimi görür.Biri xoşbəxtliyini var-dövlətdə,biri böyük bir vəzifə yiyəsi olmaqda, qeyrisi eyş-işrətdə, və ya nələrdə, nələrdə...Məncə xoşbəxtliyin haçarı hər birimizdə var.İnsana xas olan ağıl, ədəb, mərifət, hünər və dözümdür.İnsan ağlıyla xarüqələr yarada bilər.Bunun sirləri insanın əlindədir.Xoşbəxtliyin çalarları hüdudsuzur. Mən elə insanların şahidiyəm ki, onlar öz xoşbəxtliklərini kiminsə ruhunu oxşamaqda, ehtiyacı olanlara dəstək olmaqda, xeyriyyəçilikdə görürlər.Gördükləri bu gözəl əməllərdən zövq alaraq xoşbəxt yaşayırlar. Əsası ondadır ki, həyata keçirdikləri əməllər artıqlıqdan deyil. Könül aydınlığından irəli gəlir.Bəli, xoş belə insanların halına. Gözlərimdə belə insanlar yer üzünün mələyinə çevrilir. Bu keşməkeşli zamanda belələrini görüb ürəyim riqqətə gəlir, qürurlanıram.Nə yaxşıki, onlar var.Yenə də təzadlar, yenə də fərqlilik.Əks təqdirdə həyat maraqsız olardı. Yaxşılrı naqislərdən ayıra bilməzdik. Məsələn kamal yiyəsi olan insan xoşbəxtliyini nələrdə görür. Onun üçün dürüst həyat yolu, bu yolda tutduğu mövqe gözəlliyin başlanğıcıdır. İnsan ruhunun saflığı, zəhməti uca zirvələri fəth də bilər. Doğrudanda bu geniş məfhum çox təzadlıdır. Məsələn bir gənc qadın ana olur. Yenicə doğulmuş körpə, məsum balasına qovuşur. Ananın sevincinin həddi-hüdudu qənirsizdir. O, dünyanın ən xoşbəxt bəndəsinə çevrilir. Qadın ana olmağıyla qürurlanır, pərvazlanır.Özünü yer üzünün bəxtəvəri sanır. Az vaxt keçəndən sonra bu hal adiləşir.Bir müddət keçdikdə ,hətda tanrıya müntəzəm olaraq şükr etməyi də unudur. Əlbətdə həyatda çox müdrik insanlarımız, övliyalarımız var ki, ölümlü-itimli dünyanın hər  üzünə adi baxırlar.An qədər qısa ömrü, nəfslərinin sahibi olaraq, çox gözəl , mənalı yaşayırlar. Həyatın məğzini dolğun yaşam tərzində görürlər. Mən də bu yolun yolçusu olaraq, zövqlə yaşanan ömrə əhsən deyib, hər an gözəlliyi içimə çəkərək mürəkkəb zamanda yaşamağa cəhd edirəm. Bu yaşantının ləzzətini alaraq çox xoşbəxt oluram. Hər an ömrümün əzab-əziyyətləriylə birlikdə allahıma şükr edirəm. Günlərin bir günü, avqust ayının qızmar bir vaxtında bağa, nəvələrimin yanına xeyli azüqə alıb aparırdım. İki əlimdə ağır yük, bir neçə nəqliyyat dəyişərək bağa çatdım. Sevincim yerə-göyə sığmırdı. Axı balalarıma ürəklərindən keçən nə varsa, alıb gətirmişdim. O an çox xoşbəxt idim. Özümə rahatlıq verən halımla bərabər, həyətdə oturub, gəlinimin süzdüyü pürrəngi çayı içirdim. Bu an yaxın qohumlardan biri həyətə (bir həyətdə olurduq) girdi. Onu çox pəjmürdə gördüm. - Əzizim nə olub halın bir təhərdi. Hə.., olacaq. - Rəfiqəm gilə getmişdim. Biz də yaşayırıq. Bu daxmalardan ev olar? Camaat villalarda yaşayır... - Sən nə danışırsan. Mən öz daxmamı saray bilirəm. Bax bu gün, köhnə evimə, balalarımın yanına əli dolu gəldiyimə görə xoşbəxtəm və Allahıma min dəfə şükr edirəm. - Əzab-əziyyətlə bağa gəlib çıxmağına xoşbəxtlik deyirsən? Bu istidə heç mən maşında gəzə bilmirəm. Dinmədim, ürəyimdə ona xeyli acıdım. İnsanların düşüncəsində sevgi, xoşbəxtlik anlamının min donda, min biçimdə, təzadlı olduğunun bir daha şahidi oldum. Allah bizləri saxlasın! Günlərin bir günü mən vardım. Sevərdim dünyanın insanlarını. Arzularıma güvənib, qanadlanardım. Hamını sevərdim, hamını. Dəlisini, dolusunu. Zəifini, axmağını. Hələ desən, qismətimin ağrı dolu toxmağını. Qamçıların zərbəsinə dözərdim də. Cavanlığın dözümü çox. Möcüzəsi, sehiri çox. O dup-duru, nəfəSimlə, əzabları, acıları əzərdim də. Bax beləcə dolanardım yer üzündə. Qəmə yoldaş olardım da. Xoşbəxtliyin qanadında Gecə gündüz qəhərlənib dolardım da. Mən sevərdim insanları. Qocasını, qarısını. Mən sevərdim yer üzündə, İnsanların hamısını, hamısını!      

Sentyabr 7, 2016 3:57

Təbiəti sevirəm

Təbiəti sevirəm! Necə varsa elə,olduğu kimi. Payızın çən-çiskinini, tozanaqlı küləyini. Ayaq altda qızılı rəngə çalan xəzələ dönmüş yarpaqlarını. Fəsilləri insanlara bənzədirəm.Məsələn payızın havasında, dəli-dolu, coşub-daşan, təbiətən dəyişgən bir insanın abu-havası var. Hər gün, hər an dəyişə bilər. Gah əsər, gah coşar, gah göz yaşını axıdar, gah da həzin sakitliyi ilə könülləri kövrəldər.Payız ceşid-çeşid, dadlı-tamlı meyvələri ilə ağız tamın dada gətirər, cavanları xoşhal edən çal-çağırlı toyları ilə yadda qalar. Payız üzün bozardıb, Vurub-çatır hamını. Havanın zoruna bax, Atır evin damını. Göyün üzü qaralıb, Yağış selləmə gəlir. Qarılar yerin salıb, Istisinə dincəlir. Ağaclara vay tutur. Küləyin qamçıları. Gözüm tavanda qalıb, Nə yaman damcılayır. Təbiəti çox sevirəm, çox! Qışın oğlan çağında ürəklərin hərarəti artır. Sevənlər bir-birinə can atır. Qəlblərində qövr edən sevgi atəşi onları qışın şaxtasında isidir. Yağan qar ruzi-bərəkətdən xəbər verir. Qışın şaxtası, göydən yerə yağan lopa-lopa qar könlümüzə nağıl dolu dünyanın şirinliyini gətirir. Bu qışın şaxtası kəsəcək məni, Bu qışın, o qışa bənzəri yoxdu. Quşbaşı qara bax, başımın üstə, Allah! elə yağdı, gözlərim qorxdu. Bu qışın qənimi sevən ürəklər, Nə boran qorxudar, nə qar, nə çovğun. Əllər birləşəcək şaxtalı gündə, Gözlər baxışacaq, hey oğrun-oğrun. Bu qışın elə bil sonu yox kimi, Ağ pəmbə buluda bənzəri vardı. Uşaqlar əl çalıb qışqırışacaq, Ay aman!nə gözəl, nə gözəl qardı. Təbiəti çox sevirəm, çox! Yamyaşıl qumaşa bələnmiş allı-güllü, nazlı-qəmzəli yazı isə daha çox sevirəm. Yazın bam-başqa gözəlliyi, müşgü-əmbər qoxulu ətri var. Mənə elə gəlir ki, təbiətin ən şahanə fəsli yazdır. Ağaclarda açılan yarpaqların təravəti, çiçəklərin qoxusu, leysan yağışının sirli-sehirli, ürəklərə məlhəm olan görünüşü. Dağların billur rəngli şaqraq şəlaləsi Bizi məftun edir. Yazın nazlı-qəmzəli görünüşü könülləri riqqətə gətirib, hər birimizin arzularına yeni çalarlar hopdurur. Yazın gəlişidi, dəlib bağrımı. Ruhumun qanadı pərvazlanacaq. O güllü, çiçəkli bağlar içində, Könlümün nəğməsi qanadlanacaq. Düzlərə vurğunam, lalə biçimli, Yamyaşıl yamaclar, xəlisi otdan. Buz bulaq bal kimi, suyu içimli, Bu cənnət salacaq atlını atdan. Əlvanlıq içində çaşıb qalmışam. Bu yazın gəlişi başqa olacaq. Nəğməmin hər bəndi, hər sətri bu gün, Güllərin özüylə bir doğulacaq. Təbiəti çox sevirəm! Çox. Çal-çağırlı, haylı-küylü, bol məhsullu, uşaqlarımızın at oynatdığı fəsillərdən biri olan yayı da sevirəm. Körpələr yayda boy atır, böyüyür. Nənələr nəvələrinə daha da qovuşur, yaxın olur. Günəşli yay fəsli...Balalarımızın qayğısız günlərinin başlanğıcıdır. Uşaqlar yay fəslinin sahibinə çevrilirlər. Meşə gəzintiləri. Dəniz sahilində coşqu, sevinc, fərəh. Dağların ağuşunda,sərinliyi hamıya rahatlıq verən yaylaqlarda unudulmaz günlər. Belə məqamlarda xoşbəxtliyin ölçüsü sonsuzdur. Bu güllərin içində, Gülə dönəcəm özüm. Əlvanlıqdan pay alıb, Boyanacaq hər sözüm. Gah yasəmən olacam, Gah da çəmən çiçəyi. Gah qırmızı,gah sarı, Min çalarda ləçəyim. Kəpənəyi rəngbərəng, Böcəyi xallı-xallı. Meşənin üzü rübənd, Nurlu gəlin misallı. Meyvəsi bol, suyu bol, Hər qarışı bərəkət. Nabran mənim gözümdə, Məmləkətdi, məmləkət. Ağacları qol-boyun, Yallı gedir elə bil. Vurulmuşam buyurda, Onunla mən də dilbir.            

Avqust 1, 2016 1:34

Ömür elə gödəkdir ki…

Hərdən mənə elə gəlir ki, ətrafımda olan insanları öz məsləhətlərimlə yoruram, bezdirirəm. Axı neyləyim ki, mən də belə bir xislətin yiyəsiyəm. Qarşımda soyuqqanlı, qayğısız, nadan bir insan durursa, buna qarşı laqeyd, biganə ola bilmirəm. Bu hal özümdən asılı deyil. Məni yaradan belə yaradıb.Belə məqamlarda içimdə olan xoş məramlı siyasətimi yaxşı mənada işə salıram. Nə olursa olsun Onları sözümlə, söhbətimlə cəlb etməyə çalışıram. Danışdıqlarım istənilən mövzuda ola bilər. Əsas məqsədim bu söhbətlərin gözəlliklə bitməsidir. Neyləyim, mən də bu cür yaşamağı özümə borc bilirəm. Əgər söylədiklərim, məsləhətlərim kiməsə zərrəcə də olsa kömək olursa, o məqamda özümü çox rahat hiss edirəm. Yer üzünün bəxtəvər bəndəsinə çevrilirəm.Yox, əgər qayğıyla verdiyim məsləhət həmən insanın qarşısından yel olub keçirsə bir anlıq acizləşirəm. Niyə də bu gözəl ömrün tam mənasını dərk edib insanlığa xas olan ümman keyfiyyətlərlə yaşamayaq. Ölümün bir addımlıqda olduğunu əksəriyyətimiz unuduruq. Axı olumla-ölümün arasında çox az bir məsafə var. Niyə də tanrının verdiyi bu cəfalı yolu aydın, mənalı yaşamayasan. Sevgiylə, məhəbbətlə, ürəklə. Mən çox istərdim ki, insanlar bir-birinin fikirlərini, məsləhətlərini dinləməyi bacarsınlar. Dəyərli sözlərdən nəticə çıxarmamaq günahdır. Mənim arzum, diləyim bir-birimizə dəstək olmaq, dostcasına yanaşmaqdır. Gəlin bir-birimizi dinləməyi bacaraq. Niyyətlərimizi sevgiylə cücərdək, saflıqla yetişdirək. Dünyamız dolğun ruhumuzla, təmiz nəfəsimizlə ətirlənsin. Enişli-yoxuşlu ömrü mənalı yaşayaq. Çox illər bundan əvvəl yazdığım "Ömür elə gödəkdir ki" adlı şeiri sizə ərməğan edirəm. Gözünü aç, dünyaya bax, Düzləri gəz, dağlara qalx, Al laləmi sinəsi dağ, Ömür elə gödəkdir ki.   Əl uzatma namərd ələ, Çalış düşmə dildən-dilə, Yaşa baxma elə-belə, Ömür elə gödəkdir ki.   Namərdi döndər yolundan, Yıxılanın tut qolundan, Hal-əhval tut sağ-solundan, Ömür elə gödəkdir ki.   Gözəllərin könlünü al, Qocaları gəl razı sal. Anaların qadasın al, Ömür elə gödəkdir ki.   Bəyazıyır saçım yaman, Kövrəkliyim vermir aman, Dinir həyat,dinir zaman, Ömür elə gödəkdir ki.          

İyul 28, 2016 3:51

Yol göstərək

Mənə elə gəlir ki, insanlar bir-birlərinə mərifətlə, sevgi və hörmətlə yanaşsalar dünyamız daha da rahat və gözəl olar. Elə anlar olur ki, insanlar bir-birlərinə məsləhət verməkdən ehtiyat edirlər.hətda qorxurlar. Sözün düzü belə bir hal məni çox təəcübləndirir, düşündürür. Axı niyə onlar bir-birlərini dinləmək, başa düşmək istəmirlər. Əlbətdə fikirlər, düşüncələr müxtəlifdir. Mənim fikrimcə adamların bir-birinə məsləhəti, xoş bir davranış kimi qəbul olunmalıdır. Bir kəs tutduğu əməlin nə qədər mənasız olduğunu dərk etmirsə, niyə də mən onu başa salmayım, düz yola çəkməyim. Bu məsləhətlərin nəyi pisdir ki?! Əksinə, kimisə düz yola çəkib, azmağa imkan vermiriksə bu əməlin nəyi lüzumsuzdur. Həyat qəribədir. Enişi-yoxuşu, ağrısı-acısı. Eh.., bu həyatı anlamaq o qədər çətindir ki. Hərdən söylədiyin xoş kəlmə boğazdan keçmir. Acı zəhər kimi qəbul olunur. Bax, ən dəhşətlisi budur. Heç kim, heç kimi anlamaq istəmir. Belə bir abu havada nə qədər ağırlıq var. Mənim isə anlamım tamamilə fərqlidir. Nə olursa olsun mən öz missiyama hər an sadiq qalacam. Törədilən səhflərin qarşısından soyuqqanlı keçə bilmərəm. Axı şahidi olduğum nadanlığa göz yumuramsa, demək mən də günahkaram. Bilmirəm, başqa cür düşünmək mümkün deyil. Hər-halda mən belə fikirləşirəm. Əgər bədəndə sağlam ruh varsa başqa cür ola bilməz. Hər birimiz əl-ələ verib, qarşımızdakına dəstək olmağı bacarmalıyıq. Aydın ağılla, saf düşüncəylə. Yıxılanın əlindən tutub, yol göstəmək, məsləhət vermək bizə babalarımızdan miras qalan ən böyük var-dövlətdir. Bizlər bir-birimizi dinləməyi bacaraq. Bu günlə yaşamaq kifayət etməz. Hər an, hər gün sabahla yaşamağı bacarmalıyıq. Sabahımızı daha da gözəl qurmaq üçün. Əzizlərim sizlərə bir neçə könlümdən süzülən fikirlərimi çatdırmaq istəyirəm. Nadan Dünyadan bixəbər Kora bənzəyir. Salam İnsanlığın ilk pilləsi. Kəlam könül gözəlliyi. Paxıllıq insanı məhf edər. Qəlbin nuru insanı yaşadar. Xoş o günə ki, gözəlliyi anlayasan. Yoxsa yaşamağa dəyməz. Bədbəxt insan! Naqislik səni yıxdı. Heyf bu ömrə! Bu günüm ötdü. Sabahım yol ayrıcında, məni gözləyir. Ruhun azadlığı, varlığın təntənəsi. İnsanlığın açarı. Acizlik bədbəxtliyin astanasıdır. Yazıqlar olsun! İnsanları sev ki, Seviləsən. Həqiqətin acısı Yalanın şirinliyindən önəmlidir. O pənah gətirdi. Sən könlünün qapısını aç. Nura boyan. Düşmənimdən qorxurdum. Dostumdan zərbə aldım. Təzada bax! Arif ol. Rəhimdil ol. Yolun azanlara yol göstər. Yolun uğurlu olsun.

İyun 30, 2016 10:14

O günlər

Qəribədir yaş ötdükcə keçən günləri daha da tez-tez xatırlayırsan. Xəyalların sirli-sehirli qanadında haralara yol açırsan. O günlərin şirin-şəkər xatirələri bizi çox uzaqlara aparır. Yeni-yetmə dövrümüzün nağıllı, al-əlvan rəngli dünyası qayğısız ömrümüzün naxışlarıydı. Uşaqlığımızın toy-büsatlı vaxtlarında adicə xoş söz, və ya ana-atamızın kiçik bir hədiyyəsi, ani qayğısı bizi xoşbəxt edərdi. Zərrə sevincimiz gözlərimizdə ümmana dönərdi. Sanki qarşımızda səadət dolu qapılar açılardı. Xoş keçən günlərimiz məhəbbətlə boynumuza sarmaşıb, bizimlə bərabər böyüyərdi. Sən demə atalı-analı, qardaş-bacılı günlərimiz ömrümüzün şahanə günləriymiş. Atamın zəhmiylə bərabər qənirsiz qayğısı, anamın həddən ziyadə təbiətinin yumşaqlığı, mehribanlığı bizləri necə də bəxtəvər edərdi. Qorxusuz, hürküsüzöz dünyamızın ağuşunda gözəlliklər içində böyüyərdik. Yaşadığımız iki otaq gözlərimizdə yarlı-yaraşıqlı, möhtəşəm bir saray idi. Evimizi, doğma ocağımızı çox sevərdik. Evimiz hər birimizin toxunulmaz qalası idi. Hər bucağı bizə əziz görünərdi. Mehriban, mələk üzlü anam hər birimizin nazını ayrı-ayrılıqda, min-bir həvəslə, şövqlə çəkərdi. Bizə həvəslə söylədiyi şirin-şəkər nağıllarına söz ola bilməzdi. Maraqla dinlədiyimiz nağıllar xoş niyyətlərdən, qəhrəmanlıqlarından, insanların bir-birinə dayaq olmalarından, bir sızlə əlçatmaz zirvələrdən danışardı. Bu gün ömrümün ahıl çağında o nağıllar üçün əziz anama minnətdaram. Sən demə anam bu yolla bizə tərbiyə, öyüt-nəsihət verərdi. Nə qədər bir-birimizə doğma, bağlı idik. Səadət dolu günlərimizin öz aləmi var idi. Ömrümüzün uşaqlıq çağları, qayğısız anları necə də ani olaraq ötüb keçdi. Hiss olunmadan.İndi isə, yaşımın dolğun çağında hər an o günlərin həsrətindəyəm. Hərdən elə olur ki, gözlərimi yumub, o günləri xatırlayıram. Əfsuslar olsunki, dadı-tamıyla fərqlənən o çağların bir də qayıtmayacağını bilirəm. Belə hallarda gücüm ancaq könlümdə qövr eyləyən kövrək şeirlərimə çatır. O Günlər Uşaqlığım yada düşür, Yada düşür ballı tamı. Gözlərimin önündədi, Atam, anam, hamı, hamı.   Atlanardıq, oynayardıq, Xoşbəxtliyin zirvəsində. İki bacı, bir qardaşın Əylənərdik gur səsində.   Öz dünyamız necə gözəl! Böyüyərdik yavaş-yavaş. Qorxutmazdı bizi heç vaxt, Nə davalar, nə də savaş.   Qaynayardıq, qarışardıq, Evimizin havasına. Bənzədərdim hər bucağın, Bir qaranquş yuvasına.   Bəxtəvərdim, bəxtəvərdim, Kaş ogünlər qayıdaydı. Saçlarıma sığal çəkib, Anam məni oyadaydı.   Ötüb keçdi xəyal kimi, Ha səsləyəm, gələn deyil. O günlərin tamarzısı. Kimsə bunu bilən deyil.    

İyun 20, 2016 12:36

SEVGI

Sevgi! Yer üzünün ən möhtəşəm məhfumu. Sevgi! Gözəllik rəmzi. Sədaqət, rəşadət, hünər meydanı. Sevgi!ağrı-acılı, bir üzü kədər, bir üzü sevinc. Haldan-hala düşən dəli-dolu, müdrik dünyanın əyilməz sütunu. İnsan sevgidən doğulur. Sevgisiz həyat susar, donar. Sevgilər müxtəlif olur. Ananın balaya, balanın anaya,bacının qardaşa, qardaşın bacıya. Aşiqlərin dupduru, tərtəmiz qarşılıqlı sevgiləri. Bu siyahı sonsuzdur. Ən ümdəsi isə, vətənə, torpağa, elə-obaya olan sevgidir. Sevgi könüllərin xoş, yaraşıqlı, mənəvi ahəngdə olan ən parlaq libasıdır. O insanlar xoşbəxtdir ki,gözəlliyi, təravəti, pak duyğuları iç duyğularında qorumağı bacarırlar. Sevgi ədəb-ərkan, mərifət, abır-həya, nələr, nələr… Bu amillərin mayası sözsüz ki, sevgidir. Onun gözəlliyini pillə-pillə qalxdıqca, bir d aha ucalığını, şərafətini özün üçün aşkar edirsən. Bu sirlə dolu işıqlı aləmin açarı hər birimizdə  var. Qəlbimizin, könlümüzün açarı. Mərifət yiyəsi olanlar sevgini hər an uca tuturlar. Sevgi olmasa yer üzü zülmətə dönər.Qəlblər daşlaşar, dünyamız susar. Yer üzünün əşrəfi sevgidir, sevgi! Gəlin hər birimiz sevgimizi insanlardan əsirgəməyək. Bir-birimizi xoş niyyətlərdən məhrum etməyək. Belə olsa dünyamız nura Boyanar. Əzizlərim! Hamınızı şipşirin duyğularla, al-əlvan arzularla dolu bir mərifət məkanına səsləyirəm. Qoy ömrünüzə sevgi şöləsi hər an işıq yaysın. Həyatınızın mənası süslənsin. Yolunuz nura boyansın. Sevgi varsa həyat da var! SEVGİ GƏZİRƏM Sevgi gəzirəm Babam, Sevgi, Bir mərifət sevgisi. Tutub Haqqın ətəyindən, Görən kimdi İtgisi? Sevgi gəzirəm Babam, Sevgi. Yer üzünün Özündə. Könüllərin Yaz vaxtıdı. İlahilər Sirr dünyamız. Qəlbi kövrək, Gözü nəm. Sevgi gəzirəm Babam, Sevgi. Könüllərin içində, Yolum uzun, Yol gedirəm Sevgi Mənim içimdədi, İçimdə. Sevgi gəzirəm Babam, Sevgi, Mevlana Yunus Sevgisi. Zikr edəm, Dönəm başına. Qaytaram Tanrı sevgisin... İz salan mən Dağa, Daşa. Hay salan mən. Babam, hu..., Başım dəyir Daşdan-daşa. Elə sevgi Gəzə-gəzə, Mən yolların Yorğunu.

İyun 13, 2016 2:39

“Ana dedim”…

Doğrudanda hər bir şeirin öz tarixçəsi, öz doğum günü olur. Elə hadisələr var ki, insanın diqqətindən qaçmır. Onu haldan-hala salır, vücudunu titrədir. Gah ağladır, gah da sevindirir. Şairin xoşbəxtliyi ondadır ki, o gördüyü hadisədən təsirlənirsə əvvəlcə bu hal həyatının bir parçasına, sonra isə  mütləq bir şeirə çevrilir. Mənim də “Ana dedim”şeirim anaların möhtəşəmliyindən vəcdə gələrək yazılıb. Bu şeiri yazdıqca gözümün önündə anaların nurlu çöhrəsi canlanırdı. Qürurlu,fədəkar analar. Xəyallar məni çox uzaqlara aparırdı. Burla xatun, Möminə xatun, Koroğlunun Nigarı, Natavan. Qəhrəman oğullar böyüdən analarım yada düşürdü. Torpağa tapşırdığımız şəhid anaları! Sinəsi param-parça, bağrı dağım-dağım olan, çəkilməz dərdin qarşısında qürur və ləyaqətlə dayanan analar yada düşürdü. Mənə elə gəlir ki, Azərbaycan xalqının anaları bütün analardan fərqlidirlər. Bilirsiniz niyə? Çünki, onlar zərif çiyinlərində istənilən yükün ağırlığını çəkə bilirlər. Hansı birini deyim. El-obamızda ömür sürən ağbirçək, müdrük analarımızı qeyd eləməsəm özümü bağışlaya bilmərəm. Analarımızın övladlarına verdiyi mükəmməl, sevgiylə dolu üz ağardıcı tərbiyələri göz qabağındadır.Vətənimizə minlərlə layiqli, namuslu, istedadlı övladlar bəxş edib analarımız. Bu möhtəşəmlik analarımızın möcüzəli qüvvəsidir. Bax elə bu cür sevimli, mehriban analar, mənə “Ana dedim”şerini yazmağa sevgi dolu yol göstədi. Bu şeirim dəfələrlə qəzet  və jurnallarda, Türkiyə mətbuatnda,kitablarda dərc olundu. Mən fəxr edirəm ki, bu şeirimin səbəbkarı varlığımın qürur yeri olan, adı hər birimizin könlündə heykəlləşən analara həsr olunub. ANA DEDİM Ana dedim, anam hey... Əks sədaya döndü ana kəlməsi. Ana dedim, anam hey... Haya gəldi Dədə Qorqud nərəsi. Ana dedim, Analarım boylandı. Oğul deyə, Nigar ana, Eyvazının nər boynuna dolandı. Ana dedim, At belində Həcər çıxdı qarşıma. Bu yerişdən, bu duruşdan Qüvvə gəldi Torpağıma, daşıma. Ana dedim, Ağbirçəklər ocaq çatdı həyətdə. Dədə yurdu cana gəldi, Gülümsündü həyət də. Ana dedim, Analarım için-için ağladı. Gəlməz oldu oğulları, Analarım ağı deyib, Bu yolları dağladı. Dar ayaqda, Dözüm oldu, hünər oldu analar. Bərkdən keçdi, boşdan keçdi, Bu yollarda, Dözümüylə, Heykəlləşdi analar. Ana dedim, Baharlaşdı yer  üzü. Qoynun açdı,doğmalaşdı bu torpaq. Ana dedim, Dağlar verdi əlini, Gözümüzdə analaşdı bu torpaq.  

May 26, 2016 1:09

İnsanlıq zirvəsinə ucalmaq…

Arzular sonsuz olur, rəngarəng olur. Kimisi var-dövlət, kimisi şan-şöhrət, kimisi də yüksək vəzifə və daha nələr…, nələr arzulayır. Arzular, istəklər al-əlvan naxışlara bənzəyir. Arzuların sonu yoxdur. Həyatda mənim ən böyük arzum insanlıq zirvəsinə ucalmaq olub. Qəribə də olsa, mənəvi dünyamın var-dövləti olan təmiz hisslərimlə, duyğularımla yaşamışam.Dünənimdə, bu günümdə kiməsə zərrə köməyim dəyibsə, birinin qəlbinə yol tapıb, dərdinə şərik ola bilmişəmsə, demək o günü mən yaşamışam.Dövran, güzəran məni bezdirəndə, ayrılıram haylı-haraylı dünyadan və öz dünyama qapılıram. Yunus İmrəyə üz tutub, oxuduqlarımı təkrar-təkrar ruhuma hopdururam. Onun hər sətrini könlümdə dönə-dönə dolandırıram. Dərvişlik dedikləri, Əba ilə, daş deyil. Könlün dərviş eyləyən, Əbaya möhtac deyil. Bax, mənim ən böyük arzum Yunus İmrə dünyasının sədaqətli yolçusu olmaqdır. Ən xoşbəxt günüm böyük şairimiz Səməd Vurqunun 60 illiyinə həsr etdiyim şeri(o vaxt mənim 13 yaşım var idi) təntənəli yubiley yığıncağında oxuduğum gündür. Eşit ey sənətkar, ey gözəl insan, Məskən saldın ürəyimdə hər zaman. Elə bir məskən ki, geri yol olmaz, Sənətin dürrüdür saralmaz, solmaz. Bu kiçik qəlbimdə yaşayırsan sən, Sənəti sevməyi öyrəndim səndən. Bəli, bu şeirlə yaradıcılığa qədəm qoymuşam. Öz daxili dünyamla birgə böyümüşəm,cavanlaşmışam, yetginləşmişəm. Dərdin, qəmin nə olduğunu tam mənasında dərk etmədiyim anda atamın vaxtsız ölümü mənim üçün ən dəhşətli faciə oldu. Elə o gündən ağrılı-acılı dünyanı dərk edib, ayağımın altındakı torpağı özümə dayaq bilib, həyata daha inamla baxdım. Poeziyanı çox sevirəm. şeirdən aldığım zövq məni günlərlə, aylarla tərk etməyə bilər. Nəsimi, Sabir, Yesenin, Axmatova, Məmməd Araz, Ramiz Rövşən,Vaqif Bayatlı. Hamısının öz dəsti xətdi, biçimi,dolğunluğu var.Bu günlərdə Vaqif Bayatlının bir şerini Oxudum. Həyat dolu, qayğılı kövrək bir şeir. Üzünü ovcuna alma ay dəli. Göyə təzə ulduz çıxıb, Uçum sənə ulduz dərim, İsti-isti istəmirsən? Qoy soyusun, bumbuz dərim. Xoşun gəlmir Bu gecəki ulduzlardan? Gözlə, sabah, gündüz dərim. İlahi, nə qədər səmimiyyət, doğmalıq, nəfəs var bu sətirlərdə! Elə bil ki, sirli-sehirli dünyanın qapılarını açıb,dərindən nəfəs alırsan. Nəğmə dolu aləmdə təmizlənirsən. Zərif duyğuların ümmanında durulursan, yenidən doğulursan. Çox qəribədir. Bəzən yaradıcılığını izlədiyin,sevə-sevə şeirini oxuduğun şairlə Həmsöhbət olursan, dərdləşirsən, səsinə səs verirsən. Üzünü görmədiyin şair ruhən sənə bir qardaş kimi, bir dost kimi yaxın olur.Bir gün ramiz Rövşənin “Xudafərin” jurnalında “Qoca” adlı bir şeirini oxudum. Hələ ki, deməyə min-min yalan var. Hələ ki, yeməyə min-min cavan var, Ye, qoca canavar! Canavar qoca!... İnanın bu sətirlər bütün varlığımı yerindən oynatdı. Mənə elə gəldi ki, bir anda vətən torpağının əsgərinə döndümvə həmən anda ürəyimin harayını belə ifadə etdim: Hər sətrin, hər bəndin təbil nərəsi, Tanrıma şükr edib halallaşıram. Sözün igid sözü, səsin nər səsi, Səninlə yenidən salamlaşıram. Nə yaxşıki,nəğmə var, söz var, söhbət var. Nə yaxşıki, ruhumuza qanad verən bu cür gözəl, hünərvər şeirlər var. Demək yaşamağa dəyər! KÖNLÜMƏ Dərgаhımın qаpısınа çаtmışаm, Hu… ərənlər, mənə bir yоl göstərin. Nəfəsimdə gül-çiçəyin qохusu, Qоy аçılsın bu cənnətdə gözlərim.   Sizi görüb mən bir hаlа düşmüşəm, Könül dinir, könül mənim həmdəmim, Nеy səsinin həzinliyi içimdə, Öz dünyаmın хоş dəmidi, хоş dəmi,   İnsаnlığın sеvgisini gəzirəm, Tоrpаğımın cаdаr-cаdаr üzündə. Yеrdə, göydə hər nə vаrsа gözəldi, Хоş nidаdı öz Tаnrımın gözündə.   Dərgаhımın hər pilləsi nurdu, nur, Zərrə-zərrə nur çilənsin könlümə. İlаhi dе, bu ruhumu оvundur, Sеvgi dоlu bir ömür vеr könlümə.          

May 21, 2016 10:03

Mənim yolum…

Yol gedirəm, yol. Bu yol mənim yolumdur. Bu yol öz dünyamın yoludur. Müşgü-əmbər qoxulu. Gözəlliklər içində. Getdikcə gedirəm. Nura boyana-boyana. Dörd  tərəfim işıq saçır, sevinc yayır yerə-göyə,hər yana. Gələnə, gedənə salam verirəm. Allahın xoş salamını. Nə qədər rahatlıqdır salamlaşmaq. Bu haldan insanların üzü gülür. Mən isə zövq alıram bu gözəllikdən. Kaş insanların qəlbi hər an ilahi sevgi ilə aşıb-daşaydı. Hamı bir-birinə saf niyyətlə baxaydı. Hər kəlmənin şirinliyi ürəklərə məlhəm olaydı. Nə qədər adi, sadə, nə qədər mükəmməl! Bu yolun enişi-yoxuşu məni qorxudammaz. Çünki, bu yolda yaz nəfəsli, bahar ətirli sevgi qığılcımları səpələnir,cana hopur. Ruhum rahatlanır. Hamını bu yola səsləyirəm. Ədəb-ərkan, mərifət yoluna. Bu yolun ilahi sevgisi bambaşqadır. Görürsənki. Insanlar gileylənir. Zaman o zaman deyil. Zaman yaman dəyişib. Vallah dəyişən zaman deyil. İnsanlardı, insanlar. Yaxşıya yaman deyirlər. Yamanın qarşısında əriyib muma dönürlər. Zavallını əzirlər. Dəhşətə bax1 Ən qorxulusu budur. Elə qorxduğmda adamların həyat yolunda tarazlıqlarını itirmələridir. Allah belələrini xətadan qorusun. Elə buna görə də öz yolumla gedirəm. Bu yolun mənasını duya-duya. Ətrafımda olanları,hamını, hamını səsləyirəm. Ey... dostlarım! Siz də gəlin, siz də! YOLUMUN QULU MƏNƏM Bu yol bitən deyil ki, Bu yol uzun yol oldu. Gerçəklikdi mənimki., Könlüm dindi, hal oldu. Kimi aparır bu yol Kamillik zirvəsinə. Hələ yolum uzundu, Gah düzünə, tərsinə. Təpə, düz gedəcəyəm, Üzümə üz bağlayıb. Dağlar aşıb keçəcəm, Min yol gülüb, ağlayıb. Mən də yolun yolçusu, Bu yol bitən deyil ki. Yolumun qulu mənəm, Gətiribdi mənimki.  

May 19, 2016 2:52