1927-ci il…
“Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş kinematoqrafiya işçilərini qədim şəhərin ümumi görüntüsü, mənzərəsi sanki heyran etmişdi…Bu bir təsadüf idi, yoxsa yox, onu demək çətin olsa da, həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi.
Sonralar rejissor xatirələrində yazacaqdı: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”.
L.Səfərov “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir.
Maraqlı faktlardan biri də odur ki, hələ “Gilan qızı”nda rejissor assistenti kimi çalışan Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısnda olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır.
Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb.
1937-ci il…
Studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır. L.Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir.
“Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi.
1939-cu ildə Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur.
1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür.
Onu da qeyd edək ki, Lətif Səfərov sadəcə ümidverici tələbə deyildi, eyni zamanda 7 yaşından kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi.
1950-ci il…
Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır:
“Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir.
Q.M.Kozintsev. 07.04.1950”.
Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində
Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə olan haqsızlıqlara hamı susmasaydı… Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyk haqsızlıq hesab olunur…Bütün bunları görən Lətif Səfərov hamının yerinə danışmalı olur…
1952-ci il…
Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və hər zamankı kimi susmağa üstünlük verən həmkarlarının yerinə danışmalı oldu: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt?
Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”.
HAŞİYƏ: Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi…Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi…
…Bütün maneələrə baxmayaraq gənc rejissor yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verir. Daha sonra isə “Sevimli mahnı” (Bəxtiyar”), “Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir.
1958-ci il…
Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən işə yaramışdı. L.Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Vəzifə onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaldır.
1961-ci il…
Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr…Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub, o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”.
Təzyiqlər…Gözlənilməz zərbələr…Dönməz xarakter
Böyük sənətə doğru inamla irəliləyən, sənət iddiası güclü olan gənc rejissor bir çox maneələrlə rastlaşsa da, Azərbaycan kinosunda öz sözünü deməyi bacardı.Rejissorun kinoda quruluş verdiyi, çəkildiyi, filmlər toplusuna nəzər yetirək:
“Bakı və bakıllar”(1957), “Bərəkətli torpaq”(1954), “Bəxtiyar”(1955), “Gilan qızı”(1928), “Kəndlilər”(1939), “Qızmar günəş altında”(1957), “Leyl və Məcnun”(1961), “Lətif”(1930) və s.
Qeyd edək ki, ilk bədii filmini çəkdiyi dövrdən ona qarşı təzyiqlər olub. Rejissor taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi, sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi.
1963-cü il…
Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Bir sözlə, rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi…Onun vaxtsız öümü də bunu bir daha təsdiqlədi…
Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor
Bu məqalənin hazırlıq prosesində rejissor haqqında, onun filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik.Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrində yazıb: “Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi…”
1954-cü il…
Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək yazırdı: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir… Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır. 18 iyun 1954-cü il”.
1957-ci il…
Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində
“Qızmar günəş altında” filmi haqqında fiirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir… Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.
SON SÖZ ƏVƏZİ: Azərbaycan kinosunda öz dəst-xətti olan Lətif Səfərov haqqında nə qədər çox danışılsa da, nə qədər çox yazılsa da yenə də azdır, çünki milli ruh düşüncəsi, milli kinonun inkişafında böyük rol oynayan rejissor ömrünü məhz bu yolda qurban edib. Onun dediyi kimi, Azərbaycan kinosunda birlik olarsa, o zaman böyük uğurlara imza atmaq olar. Artıq müstəqil ölkə olaraq kinomuzda da da müstəqil düşüncələri təlqin edə bilərik…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…