Keçən əsrin əvvəlləri hər mənada çətin olduğu qədər də hər sahədə öz çətinliyini açıq şəkildə biruzə verib. Başqa sahələr bir yana, sənət dünyası məhz fədailər, həvəskarlar sayəsində yaranıb, inkişaf edib, nəticədə bu günə gəlib çıxıb. Xüsusilə kino aləmindən tanıdığımız, sevdiyimiz aktyorlar var ki, onların keçdiyi həyat yolu yaşadığımız dövrdə nümunə olaraq göstərilir…Səhnəmizin xanım aktrisası Münəvvər Kələntərli məhz belə sənətkarlardan biri olub. Aktrisanın doğum tarixi il baxımdan məlum olsa da ay baxımından naməlum qaldığı üçün il ərzində onun yaradıcılığı haqqında söz demək imkanları genişdir…Kələntərlilər ailəsindən 17 yaşlı bir qızın Lənkərandan Bakıya gəlişi və səhnə fəaliyyətinə başlaması 1930-cu illər üçün ən cəsarətli addım hesab edilirdi. Ancaq 17 yaşlı Münəvvər üçün şanslı demək olardı, çünki o qardaşı Haşımla bərabər paytaxtda yeni bir həyata qədəm qoyacaqdı. Haşım Kələntərli milli vokal sənətimizin parlaq nümayəndələrindən biri olub. O, el mahnılarını və muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi. Xüsusilə onun ifasında olan Segah muğamı o qədər yüksək qiymətləndirilib ki, musiqi ədəbiyyatında bu muğam “Haşım segahı” kimi dəyərləndirilir. Onun haqqında ayrıca bir yazıda geniş danışacaqıq. Bu yazını isə sırf Münəvvər Kələntərli yaradıcılığına həsr etdiyimiz üçün qeyd edək ki, Haşım Kələntərli bacısı Münəvvər Kələntərli ilə birgə ötən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib. Kələntərlilərin özlərinə məxsus maraqlı və geniş mahnı repertuarları vardı. Belə ki, konsert proqramlarında xalq mahnıları, muğam, eyni zamanda Lənkəranlılara aid el nəğmələrini xüsusi incəlik və məlahətli səslə ifa edərdilər. Misal olaraq “Aman, nənə”, “Kəşmiri şal”, “Lolo” və s. mahnıları göstərmək olar. Aktrisa əvvəllər Opera Teatrında, sonralar isə arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Belə ki, qardaşı ilə səhnəni paylaşan aktrisa həmin ərəfədə Opera Teatrına dəvət olunur. Sənətiylə diqqətdə dayanan Münəvvər Kələntərli çox keçmir ki, Musiqili Komediya Teatrına dəvət olunur. Müxtəlif xarakterli rollar iynayan aktrisa öz dövründə çalışdığı teatrın ən qabaqcıl aktrisası hesab olunub. Əslində hazırkı dövrdə də teatrlarımızın Münəvvər Kələntərli kimi xanım aktrisalara ehtiyacı çoxdu. Ancaq görünür hər dövrün öz hökmü olduğu üçün hazırkı dövrdə də cılızlaşma prosesi gedir ki, nəticədə də görmək istədiklərimizi səhnədə görə bilmirik. Mətləbdən uzaqlaşmayaq, aktrisa Musilqi Komediya teatrının səhnəsində “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və b. obrazları ustalıqla yaradaraq teatr tarixinin yaddaşına yazılmağı bacardı. Yeri gəlmişkən, “Hacı Kərimin Aya səyahəti”ndə aktrisa Nəsibə Zeynalovayla dublyor olublar. Münəvvər Kələntərli Lütfəli Abdullayevlə, Nəsibə Zeynalova isə Bəşir Səfəroğlu ilə səhnəni paylaşıb. Dövrün dörd güclü komediya ustasının bir araya gəldiyi tamaşanın səhnə həllini tapmaması heç mübahisə mövzusu belə ola bilməz. Səməd Kələntərlinin xatirələrindən“Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb. Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb – Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və sonbeşik Münəvvər. Evin böyük övladının – Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, kiçiyininkinə isə 1912-ci il yazılıb. Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı”. Bu fikirlər Səməd Kələntərliyə aiddir. Bu yazının hazırlıq prosesində onun xatirələrini əldə etdim və sadəcə bir qismini yazıya daxil etməyi qərara aldım. “Bibim Münəvvər Kələntərli sadə, şən bir qadındı. Ancaq rollarının əksəriyyətində sadəlövhlükdən çox-çox uzaqdı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Dostları çox olsa da, ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Ən yaxın rəfiqələri Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova idi. Tez-tez bir araya gəlirdilər, günlərini çox maraqlı keçirirdilər. Təsəsvvür edin ki sevinməyə həmişə səbəb tapırdılar, çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı”. O dövrün səmimiyyəti belə insanlara necə təsir edirmişsə, hamının bir-biriylə münasibəti çox səmimi olub. Bəlkə də dövrün “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı da insanların bir-birinə olan səmimiyyətində böyük rol oynayıb. Ən önəmlisi isə insanlar sevdikləri peşəylə məşğul olduqları üçün və çalışdığı sahədə vətən, xalq üçün lazımlı olduğunu hiss etdiyi üçün xöşbəxt idi. Böyük Vətən müharibəsi illərində sənət adamlarının hər biri səngərlərə, hospitallara gedərək əsgərlərə dəstək verdiyi tarixdən də məlumdur. Münəvvər Kələntərli də müharibə dövründə öz vətənpərvərliyini əməlləri ilə sübut edib. “Bibim rəngarəng konsert proqramları, səhnəciklərlə əsgərlərin qarşısında çıxışlar edir, onlara ümid verirdi, doğacaq sabahlara inandırırdı”. Öz dövrünün sevilən, sayılan sənətkarı Münəvvər Kələntərli hazırkı nəslin yaddaşında sadəcəc kinoaktrisa kimi yadda qalıb. “Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun “Arşın mal alan” filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. “Arşın mal alan”ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa – Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı”. Aktrisa sadəcə öz işlərini həyata keçirməklə kifayətlənməz, eyni zamanda sənət dostlarının da fəaliyyətini mütəmadi olaraq izləyir, onların hər birinə dəstək verirdi. “1939-cu il idi… Filarmoniyada verilən konsert proqramına bibim də sənət dostları ilə qatılır. Ümumiyyətlə isə dövrün sənətkarlarının bəlkə hamısının bir araya gəldiyi konsert proqramlarından biri imiş. Münəvvər bibim, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Şairin də ən odlu-alovlu vaxtı işim. Sənətinin fədaisi olan xanımlar şairə ərkyana bir söz atırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür: – Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan?
Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir:
Həqiqətinlə Cahan parlayır Sürəyyatək,
Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm…
Aktrisanın yaradıcılığında müğənnilik, teatr aktrisası nə qədər çox rol oynayıbsa, kinoaktrisa olaraq fəaliyyət göstərməsi daha böyük əhəmiyyət kəsb edir. O mənada da ki, Münəvvər Kələntərlinin Azərbaycan xalqı tərəfindən sevilməsində, ümumiyyətlə götürdükdə isə keçmiş SSRİ məkanında tanınmasında kino fəaliyyəti xüsusi yer tutur. Onun kino fəaliyyəti Böyük Vətən müharibəsinin ən qaynar çağında çəkilişləri başlayan «Arşın mal alan» filmindəki Cahan xala obrazı ilə başlayıb. O zaman aktrisa 32 yaşında olub. Yeri gəlmişkən, filmdəki aktyorların hər biri Üzeyir Hacıbəyovun seçimi ilə müəyyənləşib. “Arşın mal alan” filmi yaradıcı heyət üçün uğurlu oldu. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifası və əlbəttə ki, ilk obrazı ilə SSRİ məkanında tanınan aktrisa dövrün ən yüksək mükafatına-SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu filmdən sonra kinostidiyada çəkilən filmlərin əksəriyyətində maraqlı rollara imza atan aktrisa üçün sənət meydanında maraqlı bir dövrün başlanğıcı kimi yadda qalıb. Aktrisa 10-dan çox sayda bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib. “Arşın mal alan” (1945), “Bakının işıqları”(1950), “Bəxtiyar” (1955), “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Onun böyük ürəyi” (1958), “Əmək və qızılgül” (1962) və s. Əslində aktrisa ilə yaratdığı obrazlar arasında olan bənzərlik də heç bir zaman diqqətdən qaçmayıb. Bəlkə də rejissorlar bilərəkdən onu özünə bənzəyən obrazlara çəkiblər. “Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq, “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyət , lazım gəldiyi zaman sərt, lazım gəldiyi zaman mülayimli nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi. Çəkildiyi filmlərdə maraqlı, yaddaqalan hadisələr çox olurdu, çünkü aktrisa əsasən komediya filmlərində çəkilirdi. Onun obraza özünəməxsusu tərzdə yanaşması və sadəcə bir dublla çəkildiyi filmlərdə olan o mıhşur səhnələri yaratması Münəvvər Kələntərlinin peşəkarlığından xəbər verirdi. Hətta aktrisanın sənət dostu Adil İsgəndərovun onun haqqında söylədiyi və artıq tarixə yazılan kəlimələr hazırda öz qiymətini saxlayır- “Münəvvər Kələntərlinin çəkildiyi filmlərdə yaradıcı heyət yorulmur, çünki aktrisa sadəcə bir dublla obraza öz möhürünü vurmağı bacarır”- Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Münəvvər Kələntərli peşəkarlığın zirvəsində olan aktrisalardan biri olub. Kino onun həyatının bir parçası olub, doğrudur zamanla film çəkilişlərində aldığı zədələrdən də qaçmaq mümkün deyildi, ancaq nə olur olsun hər zədə yeni yaranan bir sənət nümunəsindən xəbər verirdi. Yeri gəlmişkən, “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlatmaq istərdim. Münəvvər Kələntərlinin qapının arasından baxdığı bir səhnə var, gəlin qaçdığı səhnə, orda qaöı qəflətən açıldığı üçün aktrisa yıxılmış və nəticədə də barmağı sınıb. Ümumiyyətlə kinoda belə hadisələr çox olur.
1953-cü ildə aktrisa “Vətən” kinoteatrına direktor müavini təyin olunur. O dövrün kinotetarlarının fəaliyyətindən məlumdur ki, çox qaynar iş sistemi olub. Məhz qaynar iş sisteminə görə Münəvvər Kələntərli sevimli teatrından ayrılmalı olur, ancaq film çəkilişlərinə olan bütün dəvətləri qəbul edirdi. Sanki aktrisa hiss edirmiş ki, onu gələcək nəslə kino tanıdacaq. 1959-cu ildə onun sənəti dövlət tərəfindən qiymətləndilir, əməkdar artist adına layiq görülür.
Sağlam həyat tərzi keçirən aktrisa gümrahlığı, sağlam görünüşü, şux qaməti ilə hər zaman sənət yoldaşlarından seçilirdi. Ancaq gənclik illərində cərrahiyyə əməliyyatı keçirmiş və nəticədə həkimlər böyrəyinin birini götürməli olublar. Səməd Kələntərlinin dediyinə görə, bir böyrəyi olmasa da heç bir zaman xəstələnməzdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Moskvada kino çəkilişlərinə qatıldığı zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya gedir. Məlum olur ki, korbağırsağının əməliyyat olunması lazımdır. Moskvadan döndükdən sonra yenə də özünü yaxşı hiss edir, hətta Daşkəsəndən aldığı film çəkilişlərində iştirak etməyə hazırlaşırdı. Bu filmi həsrətlə gözləsə də çəkilişdən öncə əməliyyat olmağı qərara alır. Əslində aktrisa bu addımı ilə uzasqörənlik nümayiş etdirib və ən önəmlisi onun üçün kino böyük məsuliyyət yükü idi. Film çəkilişindəki bütün prosesləri nəzərə alaraq “öncə əməliyyat, sonra film” deyərək 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. “Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, aktrisanı yaxından tanıdığı üçün arxayın salmışdı: «Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam». Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü — Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır”. Əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşayıb, huşsuz vəziyyətdə. Deyilənlərə görə, onu əməliyyat edən professor böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib.
…Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. 51 yaşını mənalı yaşayan aktrisa özünü xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalq sevgisi idi. İllər keçdi ancaq Münəvvər Kələntərli yaradıcılığına olan həvəs, sevgi tükənmədi, əksinə daha da artdı. Bu da o deməkdir ki, səhnəmizin görkəmli xanımı Münəvvər Kələntərli hələ sağlığında ölümsüzlüyü qazanmışdı.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…