19 may Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, publisist, Rəsul Rzanın 110 yaşı tamam olur. İlk dəfə 17 yaşında “Bu gün” adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza yaradıcılığı daima öz müasirliyini qoruyan, hər gələn nəslə yeni fikirlər aşılayan, gəncliyi poeziyanın ardınca aparma gücündə olan yaradıcılardan biri olub. O, dünən də oxunub, bu gün də oxunur və sabah da oxunacaq. Bəlkə də ona görə ki, ilk şeri ilə məhz bu günün, yəni hər dövrün nəbzini titmağa bacaracağına əmin olub və poeziyada müasir ruhu əsas götürüb. Zəngin və keşməkeşli həyat yolu keçmiş Rəsul Rza şeriyyətin içində bütünü yaradıcı gücü birləşdirib və yaradıcı proseslərə olan hərtərəfli marağı, məlumatı onu hər zaman diqqətdə saxlayıb. Əslində diqqətdə olan onun düşüncə tərzi, hadisələrə olan baxışı və açılan sabahların nələr gətirəcəyini bilməsində idi. Bu sadəcə onun geniş dünyagörüşlü olmasından irəli gəlmirdi, eyni zamanda öz üzərində çalışmaqla, bilgilərini artırmaqla və ən önəmlisi bu günkü yeri ilə kifayətlənməməsi idi. Qısa tanıtımla onun fəaliyyətini bir daha yada salmaq istərdik.Tbilisidə Zaqafqaziya Kommunist universitetinin kooperasiya şöbəsində(1926-1927), Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda(1934-1937) təhsil alan şair, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938) rəisi çalışdığı illərdə sübut etdi ki, poeziya eyni zamanda kino deməkdir, musiqi deməkdi, rəssamlıq deməkdi. Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Yazıçıları İttifaqının sədri olduğu vaxtlar da demək olar ki, eyni dövrə təsadüf etdi. Kino vasitəsilə bütün bu sahələri sanki birləşdirirdi. Sonralar Bakı kinostudiyasının müdir(1942-1944), Kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949) də oldu. Ancaq bu hələ hər şey demək deyildi.
1941-1945-ci illərdə hərbi müxbir kimi
XX əsr yaradıcılarının qələm gücündə mütləq müharibə mövzusu və ya elə müharibə əzmi olub. Bir var sadəcə olaraq müharibəyə eşitdiklərin, gördüklərin əsasında yanaşasan, bir də var ki, müharibənin canlı şahidi olasan. R.Rza 1941-ci ildə Böyük Vətən müharibəsinə könüllü olaraq gedib və “Krım cəbhəsi” qəzetinin redaksiyasında həqiqi hərbi xidmət yolu keçib. Onun Böyük Vətən Müharibəsi dövründə hərbi müxbir kimi fəaliyyət göstərməsi, düşmənə olan nifrəti xalqın dili ilə təqdim etməsi, savaş əzmini, qələbə gününü tezləşdirmək üçün arxa cəbhənin ön xəttə köməyini tərənnüm edən nəzm nümunələri(“Vətən” -1942, “İntiqam, intiqam!”-1943) yazması onun savaşçı ruhunu daha da gücləndirib. Müharibənin getdiyi bir vaxtda hadisələrə belə cəsarətlə qiymət vermək o qədər də asan deyildi. Ancaq o Rəsul Rza idi, o gördüklərini deməli idi, çünki onun səsi xalqın səsi idi. Xalq qəhrəmanları məhz belə bir şəraitdə doğulur, yetişir. Şairin müharibənin içində çap etdirdiyi antifaşist şeir, publisist məqalə, oçerk və hekayələr dövrüylə səsləşirdi, çünki aktual idi. Onun cəbhədə olduğuna, ordu qəzeti redaksiyalarında işlədiyinə, əsgər qəzetinin növbəti nömrəsinə material gətirmək üçün atəş yağmuru altında birbaşa ön xəttə, səngərlərə getdiyinə dair cəbhə mətbuatında, Bakıda və Moskvada çap olunmuş məqalələrdə, arxiv sənədlərində maraqlı faktlar, məlumatlar var. Akademik Bəkir Nəbiyev “Ədəbiyyat” qəzetinin 14 may 2010-cu ildəki nömrəsində işıq üzü görən məqaləsində yazır: “Krım cəbhəsində onun çalışdığı “Qələbəyə doğru irəli!” qəzeti redaksiyasının yerləşdiyi bina, ətrafındakı başqa hərbi obyektlərlə yanaşı, hər gün bir neçə dəfə faşist təyyarələrinin hücumuna məruz qalırdı. Məhz belə şəraitdə cəbhəçi şairin “Vətən”, “İntiqam! İntiqam!”, “Azərbaycanlı döyüşçülərə”, “Dörd yüz on altı”, “Bəxtiyar” kimi yaşarı şeirləri, odlu-alovlu məqalələri, oçerk və hekayələri, uzun müddət səhnələrdən düşməyən “Vəfa” pyesi, habelə “Leytenant Bayramın gündəliyi” kimi publisist əsərləri yaranır, adamlarımızı intiqama çağırırdı. Qələbədən uzun illər sonra yazıb adını o üzücü davanın davam etdiyi günlərin sayı ilə “1418” deyə möhürlədiyi sanballı poemasının əsas məqamlarını da şair elə bu zaman, bilavasitə cəbhədə dəhşətli bomba, mərmi partlayışları, çovuyan güllələr, saçmalar altında görüb-yaşamış, düşünüb-daşınmışdı. Uğurla seçilmiş “Birinci gün”, “Qızıl Meydanda parad”, “Neva sahilində”, “Buhenvald”, “Dönüş”, “Partizanlar”, “Tarmar”, “Reyxstaqın son günü”, nəhayət, “Qələbə!” kimi səciyyəvi başlıqlar altında təsvir etdiyi epoxal hadisələr əsasında R.Rza öz ibrətamiz poetik salnaməsini yaratmışdı
Zamanı qabaqlayan və ya “Şuşam mənim” şerinə görə millətçi kimi damğalanan şair
Zaman su kimi axıb gedir, insan ömrü də bu axının qarşısında öz acizliyini göstərir, bəzən isə bu acizlikdə bir cəsarət nümayiş olunur-Yaşamaq eşqi…Yaradıcı ömrü də belədir, həyata sarılır, həyatın nəbzini tutmağa çalışır. Bu gəlişi gözəl sözlər, əlbəttə ki, öz rahatına düşkün olanlar üçün nəzərdə tutulub. Rəsul Rza kimi yaradıcılar rahatlıq bilmədən həyatı sevənlər, xalqın həyatını düşünərək yaşayanlar, vətən torpağını qoruyanlar sırasındadır. Uzaqgörənliyi ilə hələ ötən əsrdə, SSRİ kimi bir imperiyanın mənfi xüsusiyyətlərinin Azərbaycan xalqı üçün necə acınacaqlı olduğuna, üzdəniraq qonşuların illərlə necə məkrli planlarla torpaqlarımıza göz dikməsinə, dilimizə, dinimizə qarşı çıxmasına və daha nələrə qarşı mübarizə aparması artıq tarixə çevrilib. 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində bütün Qafqazın məruz qaldığı faciələrin başlanğıc nöqtəsi hesab olunur. Şairin 1980-ci ildə yazdığı “Şuşam mənim” şeri ona çox baha başa gəlib, onu millətçi kimi damğalayıblar. Məntiqlə şair əvvəlki deyimlə desək, vahid sovet ailəsində Azərbaycanın ögey kimi əzilməsinə qarşı çıxıb. Əslində Rəsul Rza bütün xalqlara, millətlərə hörmətlə yanaşıb, bunu onun şerlərində də, tərcümələrində də görmək mümkündü. Ancaq “Şuşam mənim” şerinə görə ona millətçi damğası vurmaqla sanki “sən sovet ailəsində ayrıseçkilik salırsan” deməyə çalışıblar. Bu məqamda məhz may ayında işal olunan, Qarabağın cənnətməkanı olan Şuşaya şairin gözü ilə baxaraq, onun qələmi ilə “Şuşam mənim” deməyin yeri var…
…Könüllərdə neçə-neçə mahnıların
zümzüməsi, sözü qalıb.
Sənin doğma torpağında
neçələrin gözü qalıb.
Bəd əllərin kükrətdiyi
alovlardan diri çıxdın,
ey səməndər, həyat quşu!
Sən beləsən,
bu adla da qalacaqsan,
Şuşam mənim!
Mətanətlə, dəyanətlə, səxavətlə
qoşam mənim!
Yüz bir şəhər adı çəkim,
Söylə, sənə tay olarmı?
Vətən adlı doğma yurddan
Püşk olarmı, pay olarmı?
Ölümündən bir il əvvəl yazdığı bu şerlə hadisələri qabaqlayan və həmin hadisədən sonra 1988-ci ildə torpaqları işğal olunan Azərbaycan üçün bu kəlimələr sanki bir mesaj rolunu oynayıb…
Azərbaycan ədəbiyyatında öz sözü, öz səsi, öz yeri olan yaradıcı
R.Rza ədəbiyyatda öz sözü, öz səsi, öz yeri olan, yaradıcılıq siması və yazı manerası ilə fərqlənən şairlərdən biri olub. Poeziyasının ən qiymətli nümunələrində Rəsul Rza daima xalqla, xalqın tarixi, taleyi ilə sıx tellərlə bağlı olub. Onun yaradıcılığı, eyni zamanda ictimai fəaliyyəti sadəcə çoxqatlı, çoxsahəli deyil, həm də ensiklopedik mahiyyət daşıyır. R.Rza yaradıcılığının bir hissəsini onun publisistik əsərləri təşkil edir. Hətta onun tərcüməçilik fəaliyyəti də geniş əhatəli olub.N.Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, Nekrasovun “Rus elində kimin günü xoş keçir” poemasını, C.Bayron, A.S.Puşkin, M.Y.Lermontov, A.Blok, H.Heyne, Nazim Hikmət, F.Qarsia Lorka və b. əsərlərini ana dilimizə çevirən şairin eyni zamanda yazdığı əsərlər bir sıra xarici dillərə tərcümə olunub.Yaradıcılığında uşaqları da unutmayan, onlar üçün də yazan şairin “Balacaların şəkilli təbiət ensiklopediyası” seriyasından çap olunan kitabçalarında uşaqların maraq dünyasını əks etdirən şeirləri də yer alıb.
Bundan başqa, şairin sözlərinə -T.Quliyev, R.Hacıyev, E.Sabitoğlu, Ə.Tağıyev və T.Hacıyev kimi unudulmaz bəstəkarların yazdıqları mahnılar (“Üzüyümün qaşı firuzədəndir”, “Sənə də qalmaz”, “İnsaf da yaxşı şeydir”, “Bakı”, “Gilavar”, “Ay Gəncəm”, V.Adıgözəlovun şairin şerləri əsasında bəstələdiyi “Qəm karvanı” oratoriyası və s.) daima böyük sevgiylə dinlənilir.
Rəsul Rzanın milli kino məhəbbəti və ya kinematoqrafçıların xatirələri
Onun haqqında müxtəlif fikirlər, yaradıcılığına fərqli baxışlar var. Əgər bəstakar Rəsul Rzanın yaradıcılığını musiqi səsi ilə qiymətləndiribsə, kinorejissor bunu kino vasitəsilə həyataikeçirib və ya rəssam rəsmlərin sehrində Rəsul Rzanı təsvir edir… R.Rzanın kino yaradılığı bir başqa sevgi üzərində qurulub. O filmlərdə səslənən mahnılara şer yazmaqla yanaşı, kino komitələrinə rəhbərlik etdiyi dövrlərdə də önəmli sənət nümunələrinin yaranmasına geniş şərait yaradıb. Bu məqalədə onun haqqında olan xatirələr içində kino ilə olanları qısaldılmış formada təqdi edirik. İlk olaraq onunla daima filmlərdə əməkdaşlıq etmiş bəstəkar Tofiq Quliyevin fikirləri ilə başlayırıq.
Bəstəkar Tofiq Quliyev: “Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən biri onun böyük və faydalı işə xidmət etməsi, onun cazibə qüvvəsi, başqaları üçün örnək ola bilməsidir. Mən xoşbəxtəm ki, dostum Rəsul Rzanın şair qəlbi, məğrur təbiəti məhz belə cazibəli və təsirlidir”.
Rejissor Muxtar Dadaşov: “1944-cü ildə “Arşın mal alan” filminin çəkilişində R.Rza nəinki bir inzibati rəhbər, həmçinin filmin bədii rəhbəri kimi bizə yaxından köməklik göstərirdi. Filmin rejissoru R.Təhmasib həmişə deyərdi: “Rəsul məndən nə qədər cavan olsa da, ağılda, bilikdə, kollektivə rəhbərlik etməkdə çox püxtələşmiş şəxsiyyətdir”. Heç yadımdan çıxmaz, 1967-ci ildə Moskvada keçirilən Azərbaycan SSR mədəniyyət günlərinin birində nümayəndə heyəti “Mosfilm” kinostudiyasına dəvət olunmuşdu. Səhnəyə Q.Aleksandrov qalxdı: “Yaşıma və təcrübəmə görə çox rəhbərlər görmüşəm, çoxlarının rəhbərliyi altında da işləmişəm, amma kino sahəsində bacarıqlı, mükəmməl yaradıcı rəhbər məhz R.Rzanı tanıyıram. Çox xoşbəxtəm ki, 1943-cü ildə R.Rzanın rəhbərliyi altında Bakı kinostudiyasında işləmişəm”. Məlum olduğu kimi, mən kinoya operator kimi gəlmişəm. Bu gün istər bədii, istərsə də sənədli rejissorluğa keçməyimin səbəbkarı məhz R.Rzadır”.
Rüstəm İbrahimbəyov ( “Zerkalo” qəzeti, 27 may, 2000) “0 vaxt mən bir povest, bir-iki hekayə və povestimin əsasında “Bir cənub şəhərində” filminin ssenarisini yazmışdım. Lakin artıq ilk filmimin taleyi Azərbaycan KP MK Bürosunun iclasında həll edilmişdi. Altmışıncı illərin sonlarında belə müzakirənin nə ilə qurtara biləcəyini həmin illərdə yaşayanlar bilirlər. Filmə baxış zamanı qardaşım Maqsud MK-nın binasına girərək qaranlıqda mənə “Komsomolskaya pravda” qəzetinin nömrəsini verdi. Mən də qəzeti filmi dəstəkləyən MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərova verdim. “Komsomolskaya pravda”da filmi tərifləyirdilər və Moskva qəzetinin sıravi tənqidçisi K.Şerbakovun reyi respublika rəhbərliyinin verəcəyi amansız qərarı yumşaltdı. Məsuliyyəti ziyalıların boynuna yükləmək üçün belə bir “müdrik” qərar qəbul edildi: görkəmli incəsənət, mədəniyyət, elm xadimlərini Dövlət Kinematoqrafıya Komitəsinə toplayıb filmi orada tənqid atəşinə tutmaq qərarına gəldilər ki, orada əl-qollarını yaxşıca aça bilsinlər. Rəsul Rzanın səyiylə gözlənilməz bir vəziyyət yarandı. Onun çıxışı müzakirənin istiqamətini müəyyən etdi və çoxlarına adətən belə vaxtlarda oyanan özünüqoruma instinktini boğmağa kömək etdi. Artıq ilk ifadələrdən aydın oldu ki, Rəsul Rza respublika rəhbərliyinin heç də xoşuna gəlməyən mübahisəli film çəkmiş gənc adamları müdafiə etməyi özü üçün vacib saymışdı.Filmi bütövlükdə tərifləyən Rəsul Rza onun müəlliflərini düşdüyü vəziyyətin mahiyyətini üzə çıxaran bir təmsil danışdı. Bu təmsildə Sənətkar və Hakimiyyət münasibətləri obrazlı ifadəsini tapırdı.”Bir cənub şəhərində” filminin taleyi sadə olmadı, onun ümumxalq müzakirələri hələ uzun müddət davam etdi. Lakin Dövlət Kinematoqrafiya Komitəsindəki həmin yaddaqalan müzakirədən sonra bizim üçün ən vacib olanı baş verdi. Film ekranlara çıxdı və Azərbaycanda ziyalılar ilk dəfə bu işin təhlükəsindən qorxmayaraq hakim dairələrin rəyinə zidd olan fikirlərini söylədilər. Və şübhəsiz ki, Rəsul Rzanın şəxsi nüfuzu o zaman həlledici rol oynadı”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…