“Mən qalıcı deyiləm, məndən sonra qəlbinizdə bir Teymur adı yaşasın, istəyirəm. Şəhidlik ölümsüzlükdür, şəhidlik bütün ölüm səbəblərindən üstün yeganə əbədi yaşamaq yoludur”…
Teymur TURAN
İçimizdə olan Vətən sevgisi ölçüyə gəlməz, ancaq bəzilərimizdə bu sevgi özünü tamamilə unudaraq Vətən, torpaq, millət uğrunda mübarizədən, lazım olduqda savaşdan və günlərin birində heç düşünmədən, hətta tərəddüd etmədən belə özünü qurban verməkdən başlayır. Özünü torpaq uğrunda qurban vermiş şəhidlərimizdən biri Teymur Turan kimi…
TANITIM: Teymur Rəsulov(Teymur Turan) 23 mart 1988-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə, 2000-2005-ci illərdə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində təhsil alıb. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alaraq yüksək göstəricilərlə energetik ixtisasına yiyələnib 2009-2010-cu ildə Tərtətdə N saylı hərbi hissədə əsgər olub. Hərbi xidmətdən sonra öz ixtisası üzrə bir çox müəssisələrdə çalışıb. Çalışdığı sahələrdə bir mühəndis kimi, biliyi, bacarığı, işə vicdanla yanaşmağı ilə daima seçilib, kollektivin hörmətini qazanıb. Onun şeir ruhu güclü olub. Teymur Turan imzasıyla şeirlər yazıb, dövrü mətbuatda şeirləri, esse və məqalələri ilə çıxış edib. Teymur Rəsulov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olub.
***
Bəşəri düşüncəyə sahib olmaq, insanlığın irqi, dini, siyasi, ideoloji təbəqələşməsinə qarşı çıxmaq hər adama nəsib olan keyfiyyət deyil. Əslində insana xas olan bu keyfiyyətlər özünü lap kiçik yaşlardan büruzə verir. Teymur kiçik yaşlarından haqsızlığa qarşı çıxmasl ilə yaşıdlarından seçilib. Zaman keçdikcə Qarabağ hadisələri onun həyatının bir hissəsinə çevrilməyə başlayır. Vətənpərvərlik mövzularında olan çıxışları ilə mətbuatda oxucularına milli təəssübkeşlik hissi aşılamağa başlayır. Belə bir vaxtda “Azərbaycanım” şerini yazaraq doğma yurdunu vəsf edir, yurdun igidlərini savaşa səsləyir:
Bir yanın Qarabağ, bir yanın Xəzər,
Sinəndə türk gəzir, səni kim əzər?
Başını üçrəngli bayrağım bəzər,
Adına can dedik, Azərbaycanım!
***
Babəkin yurdusan, odlar diyarı,
Olmaz hər igidin Həcərtək yarı,
Sinəni dik saxla düşmənə sarı,
Şanına şan dedik, Azərbaycanım!
***
Şərqin səhərisən, Qərbin dan yeri,
Sabirin, Müşfiqin sən ad-san yeri,
Bir xan verə bilməz Cavad xan yeri,
Biz xana xan dedik, Azərbaycanım!
***
Şuşanın dağları boranlı, qarlı,
Ağdam güc simvolu, Laçın vüqarlı,
Xocalının qəlbi dərdli, qubarlı,
Biz qana qan dedik, Azərbaycanım.
***
Qarabağ, İrəvan qəlbində yara,
Borçalı, Zəngəzur qaldı əğyara,
Qalx daha, bu dərdə tapaq bir çara,
Yandıqca, yan dedik, Azərbaycanım!
…2020-ci ildə başlayan 5 gün davam edən və qələbə ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda şəhid oldular, şəhidlik zirvəsinə ucaldılar. Məhz belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı, şəhidlərin matəmini saxlamaqla yanaşı, Qarabağın azadlığını tələb edərək müharibə şüarları səsləndirməyə başlayırlar. Teymur Rəsulov həmin ərəfədə Səfərbərlik Xidmətinin rəsmi internet saytından könüllü kimi qeydiyyatdan keçir. Komissarlıqda döyüş növbəsi gözləyən Teymur dəfələrlə geri qaytarılsa da, Qaradağ rayon hərbi komissarlığına gedərək təkidlə döyüşə cəlb edilməsini tələb edir. İllərlə təhsil alıb, təcrübə keçmiş, ölkənin tanınmış elektrotexnika mühəndislərindən biri oan Teymurun bu israrı Vətən sevgisindən irəli gəlirdi.
Deyirdi ki, mənim orada vuruşanlardan nəyim artıqdır? Orada qardaşlarım vuruşduğu halda mən evdə rahat yata bilmərəm: “Döyüş başlanan gündən bu yana yediyim yemək də, içdiyim su da, yatdığım yuxu da mənə haramdır. Bu həyatda insanın bir missiyası var. Hazırda bizim vətəndaş olaraq missiyamız döyüşmək, vətənin ərazi bütövlüyünün təmin olunmasında rol oynamaqdır. Ancaq içərisində yaşadığımız bu həyatın nə əvvəli bəllidir, nə sonu. Bilirəm, müharibədir, odun, alovun içidir, burada ölüm təhlükəsi daha çoxdur. Bir gün ölməyəcəyikmi? Hansımız bilirik nə vaxt öləcəyimizi? Bəlkə, müharibəyə gedib, oradan sağ-salamat qayıdacam?! Bu yol ən mübarək yoldur. Bilirsən ki, sənin vətənini işğal ediblər, qadınlarını əsir götürüblər, sənə məxsus mədəniyyət abidələrini dağıdıblar. Məhz həmin adamların qisası, həmin mədəniyyətin xilası, səninlə eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan milyonlarla insanın əzilmiş milli qürurunun bərpası üçün çarpışırsan. Şəhidlik bütün ölüm səbəblərindən üstün, yeganə əbədi yaşamaq yoludur”.
***
…Sumqayıtda, Bakıda yerləşən təlim-tədris mərkəzlərində olur, Füzuli istiqamətində gedən döyüş-
lərdə iştirak edir, həmin rayonun bir neçə kəndinin alınmasında qəhrəmanlıq göstərir. Cəbrayılın Xudafərin körpüsü yaxınlığında yerləşən kəndlərinin işğaldan azad olunmasında iştirak edir, Daşkəsən kəndinin uğrunda gedən döyüşün qalib əsgərlərindən olur, Xocavəndin düşmən tapdağında olan kəndləri uğrunda, eyni zamanda döyüşün ən böyük zəfər elementlərindən olan Hadrut qəsəbəsinin azad olunmasında yüksək şücaət göstərir. Teymurgilin taborunun Hadrutdan və ətrafdakı kəndlərin azad olunmasından sonra növbəti döyüş əmri isə Şuşaya doğru irəliləmək idi. Hər baş verən hadisə, cəbhədən gələn hər xəbər Teymuru daha da həyəcanlandırırdı və qələmə sarılaraq düşüncələrinə əbədi həyat verirdi:
Bu gün: “Mən cəbhə bölgəsində, səngərdə xidmət etmişəm”, deyib öyünmək günü deyil.
Bu gün: “Mən şəhid olmaq istəyirəm”, demək günüdür.
“Dünyada vəziyyət gərgindir, pandemiya baş alıb gedir. Bu da bir siyasətdir”, demək günü deyil. “Bir General şəhid olubsa, bu müharibə davam etməlidir”, demək günüdür.
Bu düşüncələr qəhrəmanımızın iç dünyasından süzülüb gələn, onu daima narahat edən, savaşa səsləyən və xalqı da bu savaş naminə bir araya gəlməyə səsləyən duyğulardan qaynaqlanırdı.
***
18 Oktyabr 2020-ci il…Qanlı döyüşün başladığı gün…
Xocavənd-Hadrut-Şuşa yolunun üzərində sakit bir şəraitdə manqa-manqa Şuşaya doğru irəliləyən, ərzaq və su ehtiyatı tükənən taborun əsgərləri Şuşanın 10 kilometrliyində torpaq yolun üzərində yerləşən kilsə və ferma arasından axan su hövzəsindən su götürmək üçün düşərkən qarşıdakı meşəlikdən açılan artilleriya atəşi ilə qanlı bir döyüş başlayır. Teymurgilin o vaxtadək itki verməyən manqası ilk atəşlər əsnasında üç itki verir. Şəhid olmamışdan bir neçə dəqiqə öncə ondan öndə irəliləyən, arxaya çevrilən döyüş yoldaşının üzünə gülümsəyərək, “Deyəsən, sonumuz yaxınlaşır” deyib.
Teymur Rəsulov döyüş yoldaşı Ülvi Hacıyevlə birlikdə çiyin-çiyinə döyüşərək, qəhrəmancasına şəhid olur. İki gün sonra şəhid olduğu yerdən götürülür, ailəsinə təhvil verilir. Döyüş yoldaşı Ülvi Hacıyevin isə nəşi tapılmır, adı itkinlər siyahına daxil edilir, uzun axtarışlar nəticəsində 58 gün sonra müəyyən olunur.
Teymur yazırdı ki, hakimiyyət uğrunda mübarizə aparan insan insanlıq savaşından məğlub çıxmış kimsədir. Ədalət uğrunda mübarizə aparan insan isə insanlığa nümunədir.
O, çoxları kimi sakit həyatı seçərək yaşaya bilərdi, adi ömür yolu ilə kifayətlənərdi, sıradan yaşadığı həyatın sıradan insanına çevrilə bilərdi, ancaq o, bunu qəbul etmirdi…
…Bir tərəfdə göz yaşı varsa, qan tökülürsə, analar min bir əziyyətlə böyütdüyü övladını qurban verirsə, necə qəbul edə bilərdi sakit yaşamağı…
…Bir tərəfdə torpaqlarımız işğal olunurdusa, torpaqlarımız şəhidlərin qanı ilə sulanırdısa, adi həyatla necə razılaşa bilərdi…
…Bir tərəfdə saysız-hesabsız Vətən oğulları düşmən zərbəsinə qarşı sinəsini sipər edirdisə, necə biganə qala bilərdi baş verənlərə…
O doğulduğu gündən seçilmişlər sırasında özünə yer eləmişdi, geriyə yol yox idi. İrəli addımladıqca qələmi yazırdı:
Ölmək varsa qismətdə,
Nəyə lazım bu kədər?
Nəyə lazım edə bilmədiklərinin qarşısında bükülmək,
Ya da sevdiklərinin qarşısında gözlərindən yaş tökmək?!
Ölmək varsa qismətdə…
***
Həyatı dərk edəndən bu yana öz prinsipləriylə yaşayan, hər zaman öz prinsiplərinə sadiq qalan, təhsil alaraq min cür zəhmət hesabına da olsa, arzuladığı yerə çatmağı bacaran, həyatda maddi olan nə varsa, hamısını boş hesab edən, insanı yaşadanın da, xoşbəxt edənin də mənəvi dəyərlər olduğuna inanan, həyatda yeganə həsəd apardığı nəsnə qəhrəmanlarının qəhrəmanlığı olan Teymur Rəsulovun son arzusu Şuşanın azadlığını görmək idi.
Vətəndaş kimi milli və ictimai şüurun keşiyində, insan kimi bəşəri dəyərlərə sahib olan Teymur tanıdığı hər kəsin dərd ortağı idi.
Teymur deyirdi ki, həmişə Mübarizin qeyrətinə, Fəridin cəsarətinə, Poladın insanlığına və qəhrəmanlığına həsəd aparmışam və bu yola baş qoymuşam: “Sağ-salamat qayıtsam, birlikdə həyatımızı davam edərik, şəhid olsam, heç kim pis olmasın, ağlamasın, yas saxlamasın, əksinə hər yerdə adımı qürurla çəkin. Məni bu yola heç kim məcbur etməyib, kimsə çağırmayıb, bütün varlığımla özüm könüllü bu yola çıxmışam”.
Teymur Rəsulova görə, vətənpərvərlik cəbhədə döyüşməkdən ibarət deyildi. Mənsub olduğu toplumun mədəni dəyərlərini, ədəbiyyatını, elm adamını, musiqisini dünya arenasında görmək istəyirdi.
Teymur millətçi idi, Turan sevgisi böyük idi, ancaq onun milliyyətçilik anlayışında ayrıseçkilik yox idi. İrqi, dini, ideoloji təbəqləşməni, cəmiyyətdə sinfi ayrıseçkiliyi qəbul etmirdi. Bütün insanların rahat, xoşbəxt yaşamaq haqqı var, bu, Teymurun israrla istədiyi, düşündüyü və həyata keçirmək istədiyi arzusu idi. Onun haqqında danışanlar, onu yaxından tanıyanlar deyirlər ki, Teymur böyük əxlaq sahibi idi, bütün gözəl keiyfiyyətlər onda birləşirdi. Başqa cür də ola bilməzdi, Vətən sevgisi güclü olanlar, torpaq təəssübünü çəkənlər, xalqın dərdini öz dərdi kimi yaşayanlar, millətini sevənlərin hər biri yüksək əxlaq sahibləridir. Məhz belə insanlar sağlığında öz abidəsini ucaldır-Şəhidlik abidəsini…
(Məqalənin hazırlıq prosesində Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabından istifadə olunub).
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…