10 dekabr 1998-ci il aktyor Süleyman Ələsgərovun dünyasını dəyişdiyi tarixdir. Soyuq bir qış günündə haqqın dərgahına qovuşan aktyor uzun illərdir aramızda olmasa da daima xatirələrdə yaşayır.Yeri gəlmişkən, 2 il öncə aktyorun 100 illik yubileyi doğma teatrında-Gənc Tamaşaçılar Teatrında geniş şəkildə qeyd olundu. Süleyman Ələsgərovun 63 il ömrünü həsr etdiyi doğma teatrı onu heç bir vaxt unutmur.Bir neçə gün öncə aktyorun qızı Sevil Ələsgərova ilə bağlantı quraraq onunla görüşüb uzun-uzadı söhbət etdik. Atasına böyük sevgi ilə bağlı olan Sevil xanım Süleyman Ələsgərov haqqında olan xatirələrini də elə böyük sevgi ilə dilə gətirdi…
-Ömrün 63 ilini teatra, kinoya, ümumiyyətlə isə sənətə həsr edən, fasiləsiz çalışan Süleyman Ələsgərov üçün ailə nə demək idi, ümumiyyətlə isə sənətkar ailəsində doğulmaq necə bir hissdir?
-Mən fəxr edirəm ki, məhz Süleyman Ələsgərov kimi bir sənətkarın qızıyam, Onun kimi bir sənətkarın ailəsində dünyaya göz açmışam, onunla daima fəxr edirəm. Atam sənətini nə qədər çox sevirdisə, ailəsini də bir o qədər çox sevirdi, hətta ailədə öz qayda-qanununu yaratmışdı. Çox ciddi, çox tələbkar insan idi. Onun tək övladı olmağıma baxmayaraq mənə qarşı da çox tələbkar idi. Hələ 1-ci sinifdə təhsil aldığım zamanlardan hər həftənin sonunda atamla kitab mağazasına gedirdik, mənim üçün nağıl kitabları, uşaqlara aid şer kitabları alırdı və deyirdi ki, “mütləq oxu”, sonra da nəzarətdə saxlayırdı, oxuduqlarım üzərində fikir mübadiləsi aparırdı, necə başa düşdüyümlə maraqlanırdı, mənim üçün başa düşəcək bir dildə məlumat verirdi və s. Hətta hələ məktəbə getmədən öncə mənə o qədər nağıl, hekayə danışardı ki, düşünürəm ki, mən atamın nağılları ilə böyüdüyüm üçün, həyata da elə onun gözü ilə baxaraq böyümüşəm. Biz belə görmüşük ki, ana övladını layla çalaraq yatırdır, ancaq bizdə bu fərqli idi, məni atam nağıl danışaraq yatırdardı. Etiraf edim ki, yaş üstə yaş gəldikcə atamın mənə qarşı olan tələbkarlığı daha da artırdı. Bütün tamaşalara, tamaşaların ilk təqdimatına anamla birgə məni də aparırdı. Hərdən məni yeni hazırlanan tamaşaların məşqlərinə də aparırdı. O vaxtlar artıq orta məktəbin yuxarı sinfində təhsil alırdım. Yəni 9-cü, 10-cu sinifdə təhsil alan yeniyetmə bir qızın teatr sevgisinin yaranması, teatrla yaxından tanış olması, korifeyləri səhnədə canlı görməsi o demək idi ki, onun həyat tərzi yüksək mədəniyyət üzərində qurulurdu.
-Əslində insanın həyat bünövrəsi elə uşaqlıq illərdindən başlayaraq qoyulur ki, nəticədə də orta məktəb illərində bu, formalaşma həddinə gəlib çatır. Ancaq yenə də insan bunun fərqində olmur.
-Fərqində olmur, çünki sadəcə gördüklərini öyrənməyə çalışır, öyrənmə isə zamanla təcrübəyə keçir, artıq təcrübə həyatımızda rol oynamağa başlayır. Təsəvvür edin ki, o illərdə Gənc Tamaşaçılar Teatrında bir qaynar iş sistemi var idi ki, elə dramaturqların əsərləri səhnələşdirilirdi ki, elə korifeylər səhnəyə çıxırdı ki, onları görmək belə mənim həyatımda böyük bir iz buraxdı ki, buna görə də hər zaman atam Süleyman Ələsgərova minnətdar olacağam. Söhbət 70-ci illərdən gedir. Yaxşı yadımdadır, Teymur Məmmədovun “Ürək yanarsa” əsərini teatr səhnələşdirmişdi, 10-cu sinifdə təhsil alan şagirdlərin məktəb həyatından, məktəbdə yaranan ilk sevgidən, təlim-tərbiyədən, müəllimlərin pedaqoji cəhətdən uşaqlara yanaşmasından bəhs edirdi. Süleyman müəllim həmin tamaşada sinif rəhbəri Qüdrət müəllimi oynayırdı. Bu tamaşaya dəfələrlə gedib baxırdım. Bundan başqa Qeybulla Rəsulovun “Əlvida, Hindistan” əsəri həmin illərdə səhnə üçün hazırlanmışdı. Məhşur səyyah Zeynalabdin Şirvaninin həyatından, xüsusilə Hindistana səfəri və az yaşlı hind uşağını övladlığa götürməsi əsərin əsas süjet xəttini təşkil edirdi. Bundan başqa, “Romeo və Cülyetta”, “Ovod” əsərləri üzərində hazırlanan tamaşalara baxırdım və hər birində də atam aparısı rollardan birini oynayırdı. Bu tamaşaların hər birinə baxdıqdan sonra evə gəlincə atam mənimlə diskussiya xarakterli bir müzakirə aparırdı, bilmək istəyirdi ki, bu əsərlərdən nə öyrənmişəm, hansı nəticəni çıxartmışam. Mənimlə o qədər sorğu-sual aparırdı ki, bütün bunlar da mənim sənətə, incəsənətə, ədəbiyyata olan marağımı daha da artırdı.
-Süleyman Ələsgərovun 1961-ci ildə “Komsomol poeması”nda oynadığı Səməd Vurğun rolu və bu rola görə layiq olduğu mükafat aktyorun sənət həyatında çox uğurlu ifalardan biri olub…
-Öncəliklə bu tamaşaya bəlkə 50 dəfə baxmışdım, sadəcə mən deyil, ümumiyyətlə böyük tamaşaçı kütləsinin diqqətində dayanan uğurlu tamaşalardan biri idi. Tamaşada Yusif Vəliyev Gəray bəy rolunda, Əminə Yusifqızı Humay, Həsən Əbluç Cəlal rolunda idi. Tamaşa şedevr idi, baxdıqca baxmaq istəyirdin. Tamaşada Gəray bəyin dəli olma səhnəsi var idi, o səhnədə Yusiv Vəliyevi sadəcə görmək lazım idi. İnandırım sizi ki, onun Gəray bəyindən sonra Həsən Turabovun kinoda oynadığı Gəray bəyə baxa bilmədim. Əminə Yusif qızının Humayından sonra başqa Humaya baxa bilmədim, eləcə də digərləri. Atamın bu tamaşada səhnəyə gəlişi çox möhtəştəm idi, pərdə açılır, səhnə qaranlıq və projektor sadəcə Səməd Vurğun obrazını, sözün həqiqi mənasında yaşayan Süleyman Ələsgərovun üzərində dayanırdı. Atam etiraf edirdi ki, bəlkə 100 dəfə bu tamaşayla səhnəyə çıxdım, hər dəfə də böyük həyəcan yaşadım. Bu rola görə, Respublika Lenin komsomolu mükafatının laureatı olub. Yeri gəlmişkən, tamaşanın rejissoru Zəfər Nemətov idi. Bildiyiniz kimi Azərpaşa Nemətov Zəfər nemətovun oğludur, o da atası kimi gözəl səhnə əsərlərinə quruluş verir. Onu da qeyd edim ki, bütün rejissorlar kimi, Zəfər Nemətovun da daima bərabər çalışdığı aktyorlar var idi ki, onlardan biri də atam idi.
-Süleyman Ələsgərov əsasən müsbət qəhrəmanları oynayıb. Mənfi rollara münasibəti necə idi, ümumiyyətlə mənfi rollar oynamışdı?
-Mənfi rollar oynayıb, ancaq bunlar sayca çox azdır. Məsələn, Cəfər Cabbarlının “Yaşar” tamaşasında İmamyar rolunu oynayıb. Deyəsən, elə mənfi rolu yalnız İmamyar olub. Bilirsinizmi, onun üz cizgilərində elə bir nur var idi ki, sanki müsbət obrazlar üçün doğulmuşdu. Təbii ki, bu kimi məqam da rejissorların diqqətindən qaçmırdı. Ancaq hər zaman deyirdi ki, aktyor mənfi, müsbət fərqi yoxdur, bütün rolları oynamalıdır.
-Qeyd etdiyiniz kimi hər zaman teatrlarda hazırlanan tamaşalarla yaxından maraqlanır və hər birinə də baxmağa can atırsınız. Müqayisə edərkən nələrin şahidi olurasunuz. Məsələn, əvvəl hazırlanan tamaşalar və ya hazırda hazırlanan tamaşaların bir –birindən fərqi nədir?
-Əvvəla əsas olan odur ki, müstəqilik illərinin ilk illərində ölkədə olan böhranlı duruma baxmayaraq dövlətimiz teatra maddi gücünü əsirgəmədi, teatrı yaşatdı. Və yaxşı ki, yenə də teatrlarda tamaşalar hazırlanır, yeni nəsil yetişir, aktyor axını var, tamaşaçı var. Ancaq hər zaman diqqətimi bir məqam çəkir- Səhnə tərtibatı dekorasiyalar. Əvvəllər hər tamaşaya uyğun elə səhnə tərtibatı qurulurdu ki, bunu sözlə ifadə etmək yox, elə gözlələ görmək lazım gəlir. Hazırda da var, ancaq əvvəlki tamaşalarda olan effekti vermir.
-Süleyman Ələsgərov teatr aktyoru kimi saysız-hesabsız rollara imza atdı və teatrda layiq olduğu qiyməti aldı, ancaq kinoda o qədər də şanslı olmadı, o günə qədər ki, “Bizim Cəbiş müəllim”də Cəbiş müəllim rolunu oynadı…
-Bildiyiniz kimi film çəkilişlərində hər rola, xüsusilə baş rollara bir çox sayda aktyorlar sınaqdan keçirilir. Cəbiş obrazına da bir neçə aktyor sınaq olunmuşdu və əsas rəqabət Rza Təhmasiblə atam arasında gedirdi. Rza Təhmasib böyük sənətkar idi, ifa etdiyi rolları əvəzsiz oynadığı kimi, quruluş verdiyi filmlər də Azərbaycan kinosunda ən dəyərli sənət nümunələri hesab olunur. Ancaq son söz rejissorun idi. Bildiyim qədəriylə Rza Təhmasib Cəbiş rolunu oynamaq istəyib, hətta rejissora da öz fikrini deyib. Ancaq Həsən Seyidbəyli “bu sənin rolun deyil, Cəbiş elə bir insandır ki, onun üzü, görünüşü çox sadə olmalıdır, bir sözlə, üzündən nur tökülməlidir” deyib və rola atamı təsdiq edib. Çəkiliş prosesində atamla rejissor arasında belə bir söhbət olub-“Cəbiş səfeh deyil, o sadəlövhdür və məsumluğu da məhz sadəlövhlüyüqndən irəli gəlir”. Təsəvvür edin ki, çəkilişlərin əksəriyyəti gecələr olurdu. Çəkiliş prosesində rejissor atama “qızını gətir onu da çəkək” desə də, ancaq atam razılaşmayıb və “qızımı sənətə cəlb etməyin” deyib. Atam məndə olan həvəsi gördüyü üçün belə etdi, çünki bu sənətdə məni görmək istəmirdi, deyirdi “çox çətin sənətdi və sənin bu çətinliklərlə üz-üzə qalmanı istəmirəm”. 10-cü sinfi bitirəndə atama yalvarırdım ki, məslək olaraq incəsənəti seçməyimə izn versin. Ancaq sonda qərar verdim ki, filoloq olum. İndi şükür edirəm ki, yaxşı ki, zamanında atamın sözünü dinlədim-filologiyanı seçdim. Bilirsinizmi atam haqqında nə qədər çox danışsam, bir o qədər azdır, çünki onunla bağlı o qədər xatirələrim, gözəl günlərim var ki…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…