Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…
Cavid təxəllüsü ilə yaradıclığa ilk addımlarını atan Hüseyn Abdulla oğlu Rasizadə əslində bu təxəllüslə özünü əbədi olaraq Azərbaycan ədəbiyyatına yazmağı bacarmışdı. Təsadüfi deyil ki, Cavid adının mənası da elə “əbədi” deməkdir.
Cavid təxəllüsü ilə lirik və fəlsəfi şeirlər yazan şair 1915-ci ildən etibarən Naxçıvanda, Tiflisdə, Gəncədə və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub, dil ədəbiyyat fənnini tədris edib. Doğrudur ki, şair müxtəlif səbəblərdən tez-tez Bakını müvəqqəti də olsa tərk edərdi, ancaq 1917-ci ildə yenidən Bakıya qayıdıb və haqsız yerə “vətən xaini” damğası ilə həbs olunana qədər burada yaşayıb.
Şəxsiyyətə pərəstiş dövrü 1937-ci il…Qanlı illər demək daha doğru olardı, çünki Azərbaycanın vuran ürəyini hiss edən, canıyla-qanıyla bu torpaqlara bağlı olan ziyalılarımız bilərəkdən o dövrün qurbanları olaraq seçildilər. Zənnimcə vətəninə, millətinə bağlı olan yaradıcılar ona xəyanət edə bilməzlər, axı xəyənətkar olanlar gələcək nəsillərə necə belə gözəl sözləri inci kimi birbirinin ardınca düzərək həddiyyə edə bilərdi ki?!
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…
Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?
Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.
Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.
Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.
Əgər sual edələr – Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.
H.Cavid yaradıcılığı geniş əhatəlidir, ədalət, vicdan, millət, dil, ana, vətən, sülh, dünyaya sevgi üzərində qurulub. Təsadüfi deyil ki, onun əsərlərində Allaha, peyğəmbərə, ümumiyyətlə isə bütün insanlığa ülvi məhəbbət duyğusu geniş əks olunub. Şairin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Afət”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi əsərlərində bu duyğu qabarıq şəkildə göstərilib.
Yeri gəlmişkən, Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid olub. Belə ki, “Peyğəmbər” mənzum dramını 1922-ci ildə yazan dramaturq əsəri həmin il və 1923-cü ildə “Mədəni – maarif” jurnalının müxtəlif saylarında çap etdirib. Dörd pərdədən ibarət olan pyes də Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib.
Bundan başqa onun dram əsərlərində qəhrəmanlarını dili ilə deyilən “Yüksələn məhv olar, fəqət enməz!”, “İblisə uymuş bəşəriyyət!?”, “Ancaq mübarizə mənlik verir hər dövlətə” sual-nidalar çoxluq təşkil edir ki, bu da Cavid yaradıcılığının hikmətidir.
1930-cu illərdə Mehdi Hüseyn Cavid yaradıcılığı haqqında yazırdı: “Cavidin romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl göstərən sənətkarın romantizmi olmuşdur, lakin bu heç də Cavidin fantaziya aləminə qapılmış olduğunu iddia etmək deyil” . M.Hüseyn məhz Cavid romantizmi məsələsi üzərində düşündükdən sonra bu fikirləri qələmə almışdı. H.Cavidin yaradıcılığı yaradıcılıq üsulu ilə real həyat arasında təzadı vurğulamağa yönəldilmişdi. Romantika ilə reallığın ziddiyyətdə olması təbii hal olsa da M.Hüseynin bu nöqtəni vurğulamaqla nəzəri təhlilin obyektiv həqiqətə uyğun olmasını dəqiqləşdirməyə çalışıb.
1960-cı illərdə cavidşünaslıq tədricən inkişaf etdi ki, nəticədə də yeni əsərlərlə zənginləşdi. Məsələn, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Səlahəddin Xəlilov, Əjdər İsmayılov kimi tədqiqatçıların Cavid haqqındakı axtarışları fərqli olduğu qədər də eyni zamanda bir-birilərini tamamlayırdı.
M.Cəfərov Hüseyn Cavid haqqında yazırdı: “Hüseyn Cavidin yaradıcılıq yolu çox ziddiyyətli və mürəkkəbdir. 1920-ci ilə qədər H.Cavid yazdığı əsərlərdə zəmanəsindən şikayətçi, inkarçı, başqa həyat arzusu ilə yaşayan, lakin qurtuluş üçün heç bir işıq ucu görə bilməyən, küskün, narazı, narahat bir şairin fəryadları mövcud ictimai münasibətlərə, ruhani və cismani əsarətə qarşı üsyanları, əsəbi etirazı ifadə olunub. Bu dövrdə yazdığı əsərlərin çoxunda o, varlıqla çox az hesablaşan və sənətdə əsasən ideal həqiqət axtarıcılığı yolunu tutan romantik – idealist bir sənətkardır” .
Bundan başqa Mir Cəlalın, Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” kitabından tarixilik əsas götürülərək Cavid poeziyasının müxtəlif qatlı, ideya-bədii axtarışlarında humanizm xətti qabarıq göstərilir.
Tədqiqatçı Əli Sultanlı “Hüseyn Cavidin faciələri” əsərində “İblis” barədə diqqəti çəkən maraqlı fikirlər irəli sürüb. Tədqiqatçının fikrincə, Cavid “İblis” əsərini Birinci dünya müharibəsinin qan püskürən odları içində yazıb. “İblis” faciəsi qan tökən imperializmə olan nifrətin və qəzəbin məhsulu olsa da Cavid hadisələrə romantizm prizmasından yanaşıb. “ “Doğrudur, “İblis”dəki hadisələr Türkiyədə cərəyan edir, ancaq H.Cavid arzu etdiyi hadisələri alır, arzu etdiyi romantik obrazları verir, müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mücərrədləşdirərək, romantik yolla həll edir” .
“İblis” faciəsi əslində ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyadır.
Əsərdə hadisələr Türkiyə və Ərəbistanda cərəyan edir. Hüseyn Cavid İblis dramında insanların necə qanlar tökdüyünü,necə acımasız olduğunu və iblisə uyduqlarını əks etdirib. İblisisn monoloqunun sadəcə bir qismini xatırlamaq yerinə düşərdi:
İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Saxta həqiqətdən yazıb reallıqla barışmayan Cavid yaradıcılığında daima görmək istədiyi həyata fəlsəfi mövqeyini bildirdi və beləliklə də onun əsərlərində romantik dünyagörüşü daima diqqəti çəkir. Şair-dramaturqun fikirləri Cəfər Cabbarlı, Məhəmməd Hadi, Əhməd Cavad, Mikayıl Müşfiq, Abbas Səhhət, Abdulla Şaiq məfkurəsində, onların ideyaları ilə üst-üst düşür, sanki bir-birini tamamlayır.
Ümumiyyətlə götürdükdə isə H. Cavid, C. Cabbarlı, M. Müşfiq və
b. ədiblərimiz əsərlərində milləti güclü olmağa, haqq mübarizəsində
qalib gəlməyə, millətlər arasında dostluğa, qardaşlığa
səsləyirdilər. Onların hər birinin, хüsusilə də Cavidin əsərlərinin əsas qayəsi insana məhəbbət, insanlar arasında məhəbbət, maarifə, mədəniyyətə can atma, bədхahlığa ikrah hissi, insanlaşdırmağa çağırış təşkil edir.
H.Cavidin dram əsərlərindəki bədii Insan, Iblis, Tanrı («Şeyх Sənan», «Iblis», «Peyğəmbər») kоnsepsiyasının ideyası оnun “Peyğəmbər” dramındakı baş qəhrəmanının sözləri ilə üst-üstə düşür:
Mən məhəbbət əsiriyəm hər an,
Hər zaman özlərəm bir öylə cahan
Ki, bütün kainata eşq оlsun.
Könül uçduqca etila bulsun.
Rəqs edib, оrda möhtəşəm bir hiss,
Yasa batsın da, ağlasın iblis.
Qəmdən əsla görünməsin də əsər,
Saçsın al qönçələr şəfəqli səhər,
Оrda üz qоymasın işgəncə, kədər,
Охşasın ruhu pənbə röyalar.
Mənə gülsün də həp о nazlı хəyal,
Ah о, yalnız о, qayeyi-amal…
Cavid sadəcə Azərbaycanın deyil, eyni zamanda bəşəriyyətin nadir simalarındandır. Bənzərsiz göy adamı olan şairin əsərlərində Göylərə yüksəlmək, insanlığa çağırış səslənir – ədalətə inam, inadlı mübarizə və ilahi çağırış…
Yaradıcılığa böyük önəm verən H.Cavid çox sayda pyeslər və şeirlər yazıb, kitablar nəşr etdirib. Lakin onun səhnə əsəri Bam (Iran) şəhərində ilk dəfə 1920-ci ilin dekabrında oynanılıb. Bundan bir il əvvəl isə Aşğabad şəhərindəki azərbaycanlılardan ibarət teatr həvəskarlarının truppası Cavidin iki əsərini oynayıb.
Şairin lirikasındakı poetik və fəlsəfi ümumiləşmələr aforizm səviyyəsinə yüksəlir. Hətta elə şeirləri də var ki, orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı aforizmlərdən yoğrulub:
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
…kim ki, biganədir hüquqə, əvət,
Xain ellərdə məhv olur əlbət.
…Yaşamaq istərsən çalış, çabala,
Rəd olub gurla, bərq olub parla!
Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir…
Bəli, Hüseyn Cavid novator idi və bu novatorluq onun faciələrində daha qabarıq idi. Şair onu da çox gözəl bilirdi ki, müasirinə xidmət etmək üçün köhnəni təkrar etmək yox, əksinə yeni yollar tapmaq lazımdır və yaradıcı proseslərdə yeni yolları axraşı onun üçün ən önəmli bir məqam olaraq qalırdı. Əslində Cavid yaradıcılığında olan bəşərilik, yəni, hər dövr üçün vacib olan məqamlar elə yenilik idi.
XX əsrin başlanğıcında istər dünyadakı qlobal hadisələrlə əlaqədar olaraq , istərsə də ADR-in devrilməsindən sonra, ziyalılarımız dəfələrlə siyasi təqiblərə məruz qalıb və bu səbəbdən onların əksəriyyəti mühacirətə üz tutublar.
SSRİ dövründə-totalitarizmin dəhşətli günlərində belə yeniliklər etmək o qədər dsə asan deyildi, dövrün tələb etdiyi sadəcə sosializmin “nailiyyətlər”indən yazmaqdan ibarət idi, ancaq şair bunu özünə rəva
bilməmişdi. O bəlkə də dövrün 2-3 qələm sahiblərindən biri idi ki, İ.V.Stalini, eyni zamanda Stalinin kölgəsində özünü qoruyan, ölkə içində ağalıq iddiasında görünən hökümət adamlarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Və o da təsadüfi deyil ki, Cavid atdığı bu təhlükəli addımın necə nəticələnəcəyini də bilməmiş deyil. Bəlkə də “Hər kəs öz taleyini yazar” deyimi heç də təsadüfi deyilən bir deyim deyil. H.Cavid günlərin birində sürgün ediləcəyini və vətəndən çox uzaqlarda dünyadan köçəcəyini təxmin edirdi. Ancaq gözlərinin qarşısısna gətirdiyi bu mənzərələr belə onu həqiqəti yazmaqdan çəkindirmirdi.
1937-ci il…tarixə qara hərflə həkk olumuş il…Ölkənin əsas aparıcı ziyalıları demək, bir ölkənin yüksək amallar uğrunda həqiqət yolunda addımlaması deməkdir. Məhz bu səbəbdən rus imperializmi Azərbaycan adlı böyük bir tarixə malik ölkənin ziyalılarının məhv edilməsi və bununla da millətin sarsılması vacib hesab edirdi… İlk zərbə alanlardan biri də Hüseyn Cavid idi…
Beləliklə də bəhs etdiyimiz il şəxsiyyətə pərəstişin tüğyan etdiyi dövr olaraq tarixə həkk olundu…
O dövrdə bir çox ziyalılarımızla yanaşı, Hüseyn Cavid də həbs olundu, günahkarmış kimi cəza kəsildi və Sibirə sürgün edildi… Sürgün həyatı yaşamağa məhkum olunan insanların məşəqqətli şəraitdə yaşaması, dəhşətli şaxtalara sinə gərməsi, qeyri-insani münasibətlərə məruz qalması haqsızlıq idi, bütün bu haqsızlıqların şahiid olan və özü də qurban kimi dözmək məcburiyyətində qalan Cavid 5 dekabr 1941-ci ildə Sibirin İrkutsk şəhəri yaxınlığındakı həbs düşərgəsində dünyasını dəyişdi…
Və uzun illər sonra məzarının yeri dəqiqləşdirildi ki, nəticədə də böyük şairin vətən həsrətinə son qoyuldu, onun nəşi Azərbaycana gətirilddi…
Oktyabr ayı Cavidin doğum günü ilə yadda qalsa da, eyni zamanda bir çox ziyalılarımızın qətli ilə də tarixin yaddaşına həkk olunub.
1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə görkəmli ziyalılarımız Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər…
Doğrudur rus imperiyası Türk millətinin ruhunu sarsıtmaq üçün onun görkəmli şəxsiyyətlərini məhv etməyi bacardı, ancaq onları tarixdən silə bilmədi. Həmin qələm sahibləri düşüncə tərzinin məhsulu olan, millət ruhunu özündə əks etdirəm əsərləri ilə tarixə həkk olundular…Bu da o deməkdir ki, Cavidlər ölmədilər, sadəcə ölməzliyə qovuşdular…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…