Türk millətinin böyük şairi, türk inqilabi poeziyasının banisi Nazim Hikmətin anım günüdür.
Azərbaycan xalqının, ədəbiyyatının, kinosunun yaxın dostu olan şairi anım günündə yada salaraq, onun keçdiyi həyat yolunun sadəcə olaraq Azərbaycanla, əsasən də kinomuzla olan bəzi məqamlarından bəhs edəcəyik. N.Hikmət dəfələrlə paytaxt Bakıda olub, şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Ölkəmizə həsr olunan şeirləri, ölkə mədəniyyətinə dair məqalə və xatirələri çoxluq təşkil edir. O da təsadüfi deyil ki, şairin əsərləri Azərbaycanda dəfələrlə nəşr olunub, Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, digər bəstəkarlarımız şerlərinə romanslar bəstələyib, R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva şairin büstünü yaradıb və bu proses illər keçsə də davam edir.
Süleyman Rüstəmin xatirələrində yaxın dost olduğu Nazim Hikmətin Bakıya ilk gəlişindən bəhs edib: “Vaxtilə katibi olduğum “Maarif və mədəniyyət” jurnalına şeirlər göndərirdi. Onunla məktublaşırdıq. Onu Bakıya dəvət etdim. 1927-ci ilin yayında ilk dəfə Bakıya gəlib, xalqımızın sosializm quruculuğu sahəsində əldə etdiyi müvəffəqiyyətlərin canlı şahidi olub”.
Aqşin Babayev( Nazim Hikmətin Bakı ilə bağlılığına dair araşdırmaların müəllifi) onun bir çox xatirələrini qələmə alıb: ”Nazim Hikmət Bakı ilə bağlı xatirələrinin birində deyirdi ki, “Məşədi İbad”ı, o ölməz əsəri, sonra Səid Rüstəmovla Süleyman Rüstəmin “Durna”sını gördüm. Rejissor Şəmsi Bədəlbəyliyə, aktyor Lütfəli Abdullayev, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam”.
Anar (Xalq yazıçısı)- Şair haqqında xatirələrini “Nazim Hikmət. Kərəm kimi” kitabında toplayıb və bildirir ki, onu ilk dəfə 1957-ci ildə Bakıda universitetdə oxuduğu illərdə görüb: “1957-ci ildən sonra Nazim Hikmət Bakıya hər gəlişində bizim evdə qonaq olurdu. Bizim Moskvaya səfərimizdə isə ya Nazim Hikmətin Moskvadakı evində, ya da bağ evində görüşmüşdük. Onunla bir neçə dəfə də telefonla danışmışıq. Son danışığımız isə onun ölümündən bir neçə gün öncə oldu. Nazim Hikmət Bakını İzmirə oxşatdığına görə çox sevirdi, Xəzər dənizinə şeirlər yazırdı. O deyirdi ki, “Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız Sovet Azərbaycan mədəniyyətinə deyil, çevrilişdən əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan xalqının qəhramanıdır, həm mənim. Sabir Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı satirik şairi, heyran olduğum ustaddır. Üzeyir Hacıbəyovun musiqisi öz musiqimiz qədər mənə yaxındır”. O, bizə belə qiymət verirdi”.
Əjdər İbrahimov: (kinorejissor) N.Hikmətin ssenarisi, eyni zamanda “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında “Bir məhəlləli iki oğlan”, “Məhəbbətim mənim, kədərim mənim” kimi ekran əsərləri yaranıb. Rejissor Əjdər İbrahimov hələ Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil aldığı zaman, Sergey Yutkeviç və Mixail Romm kimi məşhur Sovet sənətkarlarından sənətin sirlərini öyrəndiyi zaman kurs işində Nazım Hikmət haqqında sənədli film çəkib. Əslində 1952-ci ildə təhsilini bitirən rejissorun kurs işində Nazim Hikmət yaradıcılığına müraciət etməsi heç də təsadüfi olmayıb. Çünki əqidəsi uğrunda illər boyu həbsxana həyatı yaşamağa məhkum olan şairin əlbəttə ki, kommunist olması onun keçmiş Sovet İttifaqında daha çox sevdirirdi. Və belə bir vaxtda Azərbaycandan olan gəncin Nazim Hikmət haqqında film çəkmək fikrinə düşməsi rəsmi dairələrdə yüksək rəğbətlə qarşılanıb. Rejissor xatirələrində deyib ki, filmin çəkilişi zamanı xeyli çətinliklərlə üzləşmişdi, hətta çəkiliş üçün şairin normal portreti belə omayıb. Türk qəzet və jurnallarında çıxan əsərləri ilə tanışlıq üçün Beriyanın idarəsinin razılığı tələb olunurmuş. Hətta mühacir türk kommunistləri də ona kömək edə bilməyiblər. Sonda bütün maneələri dəf edən rejissor diplom rəhbəri – Mixail Rommun belə yüksək qiymətini alıb. Yeri gəlmişkən, İkinci Dünya müharibəsinin iştirakçısı olan rejissor müharibə vaxtı şahidi olduğu bəzi epizodları həmin ekran işində canlandırıb.
Müharibədə şahidi olduğu mənzərə: Döyüşlərin Almaniya ərazisində getdiyi zaman almanlardan birinin evinə girən gənz əsgər, divarda Hitlerin böyük portretini görüncə süngü ilə onu dəlmə-deşik edib ki, bu zaman fürerin portretinin altından Stalinin əzəmətli görünüşü olan portreti çıxıb.Gənc əsgər yalnız bu zaman alman antifaşistinin evində olmasının fərqinə varıb. Zirzəmidən çıxan ev sakinləri də Sovet hərbçisinin yanılmadığını, həqiqətən də gizli antifaşist təşkilatının üzvü olduqlarını bildiriblər və dediklərinin doğruluğunu əlavə dəlil-sübutlarla isbata yetiriblər.
Filmdəki epizodda: Ə.İbrahimov həmin epizoddan şair haqqında çəkdiyi sənədli filmdə istifadə edib. Belə ki, Nazim Hikmət kamerada, başının üstündən anasının balaca portretini asıb. Həbsxana nəzarətçiləri koridorda gəzişəndə də bəzən portreti əlinə götürüb məhəbbət və sədaqət dolu nəzərlərlə baxır. Amma baxdığı Cəlilə xanım deyil. Onun şəklini çərçivədən üzü yuxarı sürüşdürəndə altdan Stalinin portreti çıxır. Şairin məhəbbət dolu nəzərlərlə baxdığı da doğma anası deyil, “ellər atasıdır”. Rejissorun belə bir tapıntısı Stalin rejimində yaşayan Sovetlər ölkəsini yaxşı mənada təsirləndirib. Nazim Hikmətin Srtalin sevgisi nə qədər güclü, səmimi olubsa(bu sevgi SSRİ-yə gəldikdən sonra sarsılıb ki, bu da başqa bir mövzudur), eləcə də Əjdər İbrahimov da bütün səmimiyyətilə həmin hissləri sənədli filmdə canlandırıb.
“Azərbaycanfilm” kinostudiyası: Bir neçə dəfə Nazim Hikmət əsərlərinə müraciət edib, hətta onun ssenarisi haqqında film də çəkilib. N.Hikmətin(A.Beqiçeva ilə birlikdə) ssenarisi əsasında Əjdər İbrahimovun(İlya Qurinlə birgə) quruluş verdiyi “Bir məhəllədən iki nəfər”(1957) filmində şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs olunur. Filmdə dəqiq ünvan göstərilməsə də, xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə aparan və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. 1958-ci ildə Moskvada keçirilən ümumittifaq kinofestivalının diplomuna layiq görülən filmin operatorları Rasim Ocaqov və Marqarita Pilixina idi. Dahi Azərbaycan bəstəkarı Qara Qarayev bu filmə yazdığı gözəl musiqiyə görə mükafat alıb. Bir neçə il sonra ədibin avtobioqrafik “Romantika” romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” (1966) filmi çəkilib.
20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərin həyatından bəhs edən filmin rejissoru Ramiz Əsgərov (Antonis Voyazos ilə birgə), operatoru Rasim İsmayılovdu. Bundan başqa, şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında 1978-ci ildə SSRİ və Türkiyənin birgə istehsalı olaraq çəkilən “Məhəbbətim mənim, kədərim mənim” filmi də kinosevərlər üçün böyük maraq doğurub. Filmin mövzusuna əsasən Şərq hökmdar qadını Məhinbanu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Həmin məqamda Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhinbanu hər ikisini çox sevdiyi üçün onları ayırır. Xatırladaq ki, filmdə əsas obraz olan Məhinbanunu Türkiyəli aktrisa Türkan Şoray oynayır.
Aydın Dadaşov (kinoşünas) xatirələrindən birində yazır ki, 1951-ci ildən ömrünün sonunadək SSRİ-də yaşamaq zorunda qalan Nazim Hikmətin (1902-1963 bu dövrdə “Türkiyədə” (1952), “Qəribə adam” (1955), “İvan İvanoviç vardımı, yoxdumu” (1956) pyesləri tamaşaya qoyulduqdan sonra ilk ekran əsəri «Bir məhəlləli iki oğlan” filmi oldu: “1952-ci ildə bitirən Əjdər İbrahimovun Nazim Hikmət haqqındakı “Sülh mübarizi” adlı diplom işini bəyənən komissiya sədri Dovjenkonun Mosfilmdə çalışmaq təklifi qəbul edilmədi. Bir müddət doğulduğu Türkmənistanda ”Firuzə” adlı kinooçerk və “Xəzərin şərqində” mənzərə filmini çəkən Əjdər İbrahimovun ekran yaradıcılığı birgə oxuduğu İlya Qurinlə birgə quruluş verdiyi, Bakı və Maksim Qorki adına kinostudiyalarının birgə istehsalı olan “Bir məhəlləli iki oğlan” filmindən başladı. Filmdə ölkənin adı çəkilməsə də, bəlli Türkiyə mühitini göstərən “Cənnətin qapısı” adlı kasıb, bərbad kənddən keçən qatarın pişvazına çıxan yoxsul, yarıçılpaq uşaqların rahat vaqondakı hərbi yardım komissiyasının üzvlərinin atdıqları şirniyyatı havada tutmaları, sərnişinlərdən Gülsümün (K.Sokolovskaya), nurani simalı usta Əlinin (Fateh Fətullayev), əri həbsxanada olan Həlimənin (Tamara Kokova), onun kiçik oğlunun təqdimatı ilə havada süzən qırıcı təyyarələrin montajı problemi bəyan edir”.
Böyük şairi anım günündə yad etməklə, haqqında olan xatirələri dinləməklə sanki təsəlli tapırıq və türk milləti olaraq qürur duyuruq ki, belə bir şairimiz var. O şair ki, bütün yaradıcılığı ilə hər dövrün nəbzini tutmağı bacardı, hər nəslə deyəcək sözü oldu…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…