“Hazirda bütün dünyada poeziya böhran keçirir. Bu mənim şəxsi düşüncəmdir. Mən dünya poeziyası ilə kifayət qədər maraqlanan adamam. Xüsusən son onilliyə qədər çox maraqlanırdım. Bilirsiz, dünya yaradıcılar dünyası olmaqdan yavaş-yavaş istifadəçilər dünyasına çevrilir. Bu çox ciddi bir prosesdir və ədəbiyyata da sirayət edir. Postmodern və bəzi başqa adlar altında istifadəçi ədəbiyyatlar yaranır. Yəni artıq yaranmışların ətrafında gəzişmək, nəsə qurmaq… Poeziya ələgəlməz bir şeydir və buna görə də ilk böhranı poeziya keçirir”. Bu fikirlər Ramiz Rövşənə aiddir. Onunla canlı müsahibə hazırlamaq istəyim alınmasa da ustadın yaradıcılığını az-çox bildiyimi nəzərə alaraq Ramiz Rövşən haqqında əhval-ruhiyyə xarakteri daşıyan bir yazı hazırlamağı qərara aldım.
ŞER YAZMAQ HAMIDAN UZAQLAŞMAQ VƏ ÖZÜNƏ YAXINLAŞMAQDIR
Hər insanın həyat tərzi, şəxsi keyfiyyətləri fərqli olduğu kimi onun həyata baxışı da fərqlidir, xüsusilə şairlərin. Şair var ki, onun üçün “ilham pərisi” o qədər də rol oynamır, “peşəkarlıq olan yerdə ilham pərisinə” ehtiyac yoxdur” deyir. Şair var ki, “ilham pərisi”nin gəlişinə inanır. Fərqli baxışlar var…Ancaq ustad zirvəyə yüksəlmiş şairlər insanoğlunun içində olan “mən”ə inanır, onun gücüylə hərəkət edir. Yunus İmrə dediyi kimi “Bir mən vardır məndə, məndən içəri”. Ramiz Rövşənin bu fikrə maraqlı cavabı olub: “Şer yazmaq hamıdan uzaqlaşıb həmin o “məndən içəridəki mənə” yaxınlaşmaq, onunla qovuşmaq cəhdidir. Lorka şer yazmağı meşəyə ova getməyə bənzədirdi və deyirdi ki, nə ovlayacağını şair əvvəlcədən bilə bilməz. Amma mənə elə gəlir ki, hər dəfə o meşədə şairin ovladığı məhz elə həmin şairin özü olur. Hər şeirində şairin ruhunun bir şəkli, şüurunun alt qatındakı “mən”inin onun özünə də tanış olmayan hansısa bir mənzərəsi üzə çıxır. Və bəzən bu mənzərə təkcə oxucunu yox, şairin özünü də heyrətləndirir. Hələ şairi o meşədə azdırıb əliboş qaytaran, sözə gəlməyən şerlər də var”. Ramiz Rövşən yaradıcılığında bir məqam hər zaman diqqətdə dayanır. Şair İlahi gücü bir an olsun belə unutmur, əksinə şerlərində ilahi gücdən bəhs edir. “Nə var Allahdan yuxarı?” şerində şair deyir:
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.
“Allah mənim ömrümdə nə qədərdirsə, şerlərimdə də o qədərdir. Nə az, nə çox. 1990-cı illərin əvvəlində bir qəzet müsahibəsində məndən soruşmuşdular: “Şeir yazmayanda Allah yadınıza düşürmü?”. Cavabında demişdim: “Mən şer yazanda Allahın yadına düşürəm. Allah həmişə mənim yadımdadır”. Elə həmin illərdə Ramiz Rövşən Türkiyədə keçirilən poeziya gecəsinə dəvət olunur və müəyyən mənada eynilik təşkil edən sual eşidir: “Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?”. Şair qardaş ölkədəki şer məclisində də hazırcavablıq nümayiş etdirib “Yox” cavabını verib və eyni zamanda cavaba əlavə edib “Amma Allahdan qorxan adamdan da şair olmaz”. Zənnimcə, sadəcə şairləri deyil, ümumiyyətlə insanları Allaha qorxu hissi deyil, əksinə sevgi hissləri bağlamalıdır. Böyük şair də bu fikirdədir: “Şairi Allaha bağlayan qorxu deyil, sevgidir. Bu mənada, Mövlanədən, Yunus İmrədən bu günəcən hamımız o böyük sevginin qullarıyıq. Və bizim ən böyük azadlığımız da bundadır. Odur ki, bizi bu dünyada başqa heç bir kəs, heç bir qüvvə özünə qul edə bilməz”. İnsanoğlu özünə, öz qabiliyyətinə, istedadına nə qədər güvənsə belə yenə də hər zaman ilahi gücün təsirində olduğunu hiss edir. İlahi güc bütün gözəlliklərin hər birini insan əliylə yaradır. “Sözün düzü, mənə də hərdən elə gəlir ki, yazdığımız şerləri təkcə biz özümüz yazmırıq. Əlimizin üstündə nəsə bir əl də var. Və mən bəzən o əlin istisini lap açıq-aşkar hiss eləyirəm” deyir Ramiz Rövşən.
ŞAİR OLMAQ ÜÇÜN ELƏ ŞAİR DOĞULMAQ GƏRƏK
Kİm nə deyir desin, şair üçün yaşın bir o qədər önəmi yoxdur, daha poetik desək, ürək cavan olduqdan sonra yaş düşüncəsi hafizəmizdən tamamilə silinə bilər. Ancaq bir məqam var ki, şairlik qabiliyyətini hələ gənc yaşlardan hiss edən yaradıcı əgər öz üzərində çalışmazsa, elmini, biliyini inkişaf etdirməzsə o zaman gələcəkdə güclü qələm sahibi olaraq yetişə bilməz. Əslində elə güclü qələm sahiblərinin, yazıb-yaradan insanların ürəyi həmişə cavan qalır. Yəqin ki, bəzi məqamlarda şairlər belə yaşadığı həyata dönüb baxaraq özünü hansısa bir yaşda yenidən görməyi düşünə bilər. Bu məqamda Ramiz Rövşənin yaşla bağlı yazdığı şer bizə bələdçilik edəcək.
Əgər geri dönə bilsən
Hansı yaşa dönərsən?
Qanad çalıb illər üstən
…Uçan quşa dönərsən.
Bircə qarış sağ-salamat
Yer tapmazsan qonmağa,
Dəli kimi gah o başa,
Gah bu başa dönərsən.
Dərddən ulaya-ulaya,
Qalarsan göy üzündə.
Və beləcə ya duaya,
Ya qarğışa dönərsən.
Yolunu get yola baxma,
Bu ömürdü, fala baxma,
Baxma!.. dönüb dala baxma,
Baxsan daşa dönərsən…
Ramiz Rövşən deyir ki, bəzən günlərlə, aylarla şer yazmır. Ancaq bütün ömrü şer ərəfəsində keçir. Şer harda və nə vaxt rastına çıxsa onu qarşılamağa hazırdır. Şairin gücü sözünün kəsərindədir, şairin gücü dediyi sözün itiliyindədir. Şair sözü sadəcə söz xatirinə deməməlidir, şair sözü gərəkli bildiyi üçün deməlidir. Gərəkli söz demək üçün mütaliə, bilgi, yüksək səviyyə çox önəmlidir. Hətta Ramiz Rövşən bilginin, səviyyənin qazanılması üçün şairin amansızca mütaliə etməsinin tərafdarıdır: “Təxminən 30 il bundan əvvəl bir təbiət jurnalında maraqlı xəbər oxumuşdum. Rusiyanın hansısa vilayətində bir qəribə bülbül xəstəliyi peyda olur. Özü də bu xəstəlik əsasən yaşlı, qoca bülbülləri tutur. Odur ki, cavan bülbüllər də xəstələnməsin deyə qoca bülbülləri aradan götürürlər. Və bir müddət sonra cavan bülbüllər düz-əməlli oxumağı yadırğamağa başlayırlar. Sən demə, quş da quşdan oxumaq öyrənirmiş və deməli, şairin şairdən öyrənməsi də çox təbiidir. Amma istedadın yoxdursa, dünyanın bütün böyük şairlərini oxusan da, yenə əsl şair ola bilməzsən. Ancaq heç nə oxumadan, təkcə istedadın hesabına şair olmaq da müşkül məsələdir”. Deyirlər ki, şairlər şeirlərində özünü ifadə eləyir. İç dünyası zəngin olmayan şairin şerləri maraqlı ola bilməz. Ramiz müəllim o fikirdədir ki, əslində şairlər böyük şairləri oxuyaraq onların yaradıcılığından özünü ifadə etməyin müxtəlif yollarını öyrənir. Hətta şair onu da vurgulayır ki, əsl ustalıq yazmağı yox, pozmağı öyrənməkdir. Yaxşı yazmağı bizə heç kəs öyrədə bilməz. Amma pisin nə olduğunu öyrənə-öyrənə biz yaxşıya doğru gedirik.
ALLAHA RUMİDƏN, İNSANA DOSTOYEVSKİDƏN DAHA YAXIN OLMAQ QEYRİ-MÜMKÜNDÜR
Mütaliəni çox sevən, hər zaman özünə qarşı tələbkar olan Ramiz Rövşənin sevdiyi şairlər, ümumiyyətlə yaradıcılar çoxdur. Füzuli, M.Ə.Sabir, Nazim Hikmət, Mayakovski, Tolstoy, Çexov, Tomas Mann, Hesse, Kafka, Markes kimi bir-birinin tam əksi olan şairləri və yazıçıların yaradıcılığını sevərək mütaliə edir. Hətta Apolliner, Xlebnikov, Eliot kimi poeziyada milli çərçivələri yarıb inqilab eləyən şairləri, eyni zamanda Börns, Lorka, Şəhriyar kimi milli köklər üzərində ucalan şairlər də Ramiz Rövşən üçün maraqlıdır, əzizdir. “Ancaq düşünürəm ki, Allaha Rumidən, insana Dostoyevskidən daha yaxın olmaq qeyri-mümkündür. Eyni zamanda Füzuli hissiyatımızın, Cəlil Məmmədquluzadə – əxlaq və mənəviyyatımızın, Məmməd Əmin Rəsulzadə – ağıl və siyasi düşüncəmizin sütunudur. Və bir də, onların hər üçünü öz yaradıcılığında cəmləyib bir ortaq məxrəcə gətirən dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yaradıcılığı mənim üçün böyük önəm daşıyır” deyir Ramiz Rövşən. Bəhs ettiyimiz dahilərə yaradıcı gücü verən Yaradandır. Nahaq yerə demirlər ki, İnsan Allahın şah əsəridir. Bir yerdə ki insanlıq uca tutulur deməli o yerdə Allahın böyüklüyünə sitayiş var.
Yüz yol ah cək, dərd azalmaz
Bir dərd yüz ahdan böyükdü
bir gecənin garanlığı
Min bir günahdan böyükdü
Kim yaratdı bizi yoxdan
İndi baxsın bir qıraqdan
Dünyada tamah tamahdan
Günah günahdan böyükdü
Başımızda qapaz varsa
Yaşamağa həvəs varsa
bir quruca nəfəs varsa
Var yenə yoxdan böyükdu
Min illərdi ölə ölə
Ölüm nədi bilə bilə
Doğulursa İnsan hələ
İnsan allahdan böyükdü
Bu şerində şair İnsanı Allahdan böyük tutmaqla bir daha Allaha sitayiş etdiyini, Yaradanın gücünə sitayiş etdiyini göstərir.
ŞAİRƏM, ÇÜNKİ VƏZİFƏM BUDUR ƏŞAR YAZIM…
Şair üçün şer yazmaq su içmək qədər asan ola bilər, ancaq necə ki, su gərəkdiyi yerdə bərqərar olana qədər müəyyən məsafə qət edirsə, yazılan şerin ictimaiyyət arasında nə dərəcədə diqqətdə durması üçün də zaman lazımdır. Buna görə şer yazmağın hələ işin başlanğıcı olduğunu düşünmək olar. Ramiz Rövşənə görə, şair yazdığı şerin son nöqtəsini qoyduğu andan vəzifəsi bitir. Hətta şair heç şerin çapı haqqında belə düşünmür. İlk dəfə 1970-ci ildə ilk kitabı nəşr olunub. Sonralar çap edilən şeirlərinin oxucular tərəfindən böyük maraqla, sevgiylə qarşılandığını görən şair hətta çox təəccüblənib. Səbəbini belə izah edib: “Yazdığım şerlər o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevirəm”. Arazın o tayında da Ramiz Rövşən yaradıcılığını sevən minlərlə oxucu kütləsi var. Şair deyir ki, ötən illər ərzində şeirləri ona saysız-hesabsız dostlar qazandırıb. “Düşmənlərimi isə mən özüm qazanmışam”- bu Ramiz Rövşənin etirafıdır… Azərbaycan poeziyasında Ramiz Rövşənin özünəməxsus dəst-xətti var. Bütün önəmli qələm sahibləri kimi onun da yaradıcılığı hər zaman müzakirə obyektinə çevrilib və çevrilməkdədir. Böyük sənətkar Şahmar Ələkbərovun sözü ilə desək, “O sənət, sənət nümunəsi deyil ki, ətrafında söz-söhbətə səbəb olmasın”. Yaradıcı insan yaradıcılığı ilə ətrafında söz söhbət yaradırsa deməli yaranan nümunə gərəkli bir nümunədir. Sadəcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda belə tanınan Ramiz Rövşən üçün vətən anlayışı, millət anlayışı böyük məfhumdur, ancaq azad şair doğma vətənində qürbətçi həyatı yaşamaq istəmir. “Bir neçə il əvvəl BBC radiosu şeirlərimin ingilis dilinə tərcüməçisi Riçard Makkeynlə mənim telefon söhbətimi təşkil eləmişdi. O söhbətdə Riçard mənə “İngiltərə sənin ikinci vətənin olacaq” dedi. Ancaq İngiltərənin və ya başqa ölkələrin mənim “ikinci vətənim” olmasından əvvəl mənim birinci vətənimdə, doğma Azərbaycanımdakı qəribçiliyim sona yetməlidir. Nəsə bu qəribçilik çox uzun çəkdi. O ki qaldı dünyanın məni tanıyıb alqışlamasına… Bu da olacaq. Darıxmağına dəyməz. Nazim Hikmət demişkən: “Pətəyində balın olsun, arısı gələr Bağdaddan”…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…