Azərbaycan Radiosunun diktoru, Xalq artisti Yusif Muxtarovun 80 illik yubileyidir.
İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində ilk səhnə həyəcanını yaşayır. Teatrın səhnəsində oynadığı M.Lermontovun “İki qardaş”ında Aleksandr, Nazim Hikmətin “Qəribə adam” tamaşasında Əbdülrəhman, “Bayramın ilk günü”də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını daha inkişaf etdirərək peşəkarlıq istiqamətində yol almasına şərait yaradır. Hətta teatrdakı ifası ilə yanaşı bir çox televiziya tamaşalarında da – S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ. Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M. Bayciyevin “Duel” və s. uğurlu çıxışları olub.
Xarici görünüş baxımından səhnəyə çox yaraşan, nitq mədəniyyəti, istedadı ilə səhnə tələblərinə cavab verən Y.Muxtarovun sonralar üstünlüyü radio diktorluğuna verərək ömrünü radioya həsr etməsi çoxlarını təəccübləndirmişdi. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub.
Yusif Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir.
Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur.
Yusif Muxtarovun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Hər üç filmdə bir-birindən fərqli xarakter yaradan Yusif Muxtarovun kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olub. Belə ki, Yusif Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Onu tanıyanlar deyirlər ki, Yusif Muxtarov böyük məsuliyyət hissilə peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. “Efir adamı” idi, hətta harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. Bu baxımdan da həyatını həsr etdiyi radioda, teatr və kinoda üzərinə düşən vəzifələri böyük sevgi və yüksək peşəkarlıqla yerinə yetirirdi.
1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar.
Görüləcək işlər çox idi, ömür vəfa etsəydi, teatrın fəaliyyətində daha çox layihələrə imza atılacaqdı…Yaxşı ki, davamçılar var və teatrın yarandığı gündən qoyulan qayda-qanun olduğu kimi davam edir.
Hər iki sənətkar Bakı Bələdiyyə Teatrında, teatr isə onların adıyla yaşayır, inkişaf edir, hazırlanan bütün tamaşalar onların istədiyi kimi səhnə həyatını yaşayır, peşəkarlıq qorunur…
Yusif Muxtarovun 80 illiyinə həsr etdiyimiz bu portert – məqalədə onun yaradıcılığının sadəcə kiçik bir qismindən bəhs etməklə görkəmli teatr və kino xadimini yad edirik!
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…