Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə AFR-ə səfər edib.Xarici İşlər Nazirliyindən Azərtac-a bildirilib ki, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında əlaqələrin artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini bildirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Tərəflər yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüş çərçivəsində həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə olunub.xeber100.com

Fevral 7, 2018 2:36

Hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Fevralın 6-da Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.Səudiyyə Ərəbistanına səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Saud və Krallığın Vəliəhdinin varisi, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyib.Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.Ölkəmizə səfərdən məmnunluq hissini ifadə edən nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.xeber100.com

Fevral 6, 2018 3:28

Növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını Azərtac-a şərh edib.Əli Həsənov bildirib ki, bu günədək Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.Həmçinin Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.Əli Həsənov deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz.

Fevral 5, 2018 3:38