İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, sənətşünaslıq doktoru, professor, “Şərəf” və “Şöhrət ordenli Amaliya xanım Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi.
Görkəmli teatr və kino xadimi, Xalq artisti Rafiq Əzimovun, rejissor, Əməkdar artist Elxan Qasımovun, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərovanın, yazıçı-dramaturq Firuz Mustafanın, rejissor, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı, rəssam, əməkdar artist Suqra Bağırzadənin, telejurnalist Vidadi Hüseynovun, əməkdar artistlər – Füzuli Hüseynovun, Sənubər İsgəndərli və digərlərinin iştirak etdiyi tədbirdə görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgisi nümayiş olundu.
Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”.
Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib: “Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”.
Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova ölkənin aparıcı teatrında roldan-rola başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”.
Görkəmli sənətkarla uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bərabər çalışmış, quruluş verdiyi tamaşalarda Amaliya Pənahovaya əsas rolları həvalə etmiş Xalq artisti Mərahim Fərzəlibəyov qeyd edib ki, “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm: “Tale elə gətirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdiridiyim tamaşalarda onunla bərabər çalışdıq və uzun illər teatrın ən önəmli səhnə əsərlərində Amaliya xanım tamaşalarımdakı qadın obrazlarının təkrarsız ifaçısı oldu. Son illərdə isə Bakı Bələdiyyə Teatrında görkəmli sənətkarla çalışdım. Teatrın kolklektivilə bir çox tamaşalar hazırladıq. Son hazırladığım “Xan qızı” tamaşası onun xatirəsinə həsr olundu. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın yolunu layiqli şəkildə davam etdirəcək”.
Tədbirin sonununda Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov ailəsi adından çıxış edərək hamıya öz təşəkkürünü bildirdi: “Bir neçə gün bundan əvvəl Film Fondun direktoru Cəmil Quliyev tərəfindən Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradıldı. Bu gün Amaliya xanımı yad etmək üçün bu gözəl tədbirə yığışmışıq. Amaliya xanımın ailəsi adından hər birinizə, xüsusilə Cəmil müəllim Quliyevə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümüzü bildiririk”.
Daha sonra Amaliya Pənahova haqqında onun geniş müsahibəsini əks etdirən veriliş təqdim olunub.xeber100.com