Yusif Muxtarov İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində ilk səhnə həyəcanını yaşayır.
Teatrın səhnəsində oynadığı M.Lermontovun “İki qardaş”ında Aleksandr, Nazim Hikmətin “Qəribə adam” tamaşasında Əbdülrəhman, “Bayramın ilk günü”də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını daha inkişaf etdirərək peşəkarlıq istiqamətində yol almasına şərait yaradır. Hətta teatrdakı ifası ilə yanaşı bir çox televiziya tamaşalarında da –
S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ. Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M. Bayciyevin “Duel” və s. uğurlu çıxışları olub.
Xarici görünüş baxımından səhnəyə çox yaraşan, nitq mədəniyyəti, istedadı ilə səhnə tələblərinə cavab verən Y.Muxtarov
radio diktoru kimi fəaliyyətə başlayarkən çoxlarını təəccübləndirmişdi.
1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi fəaliyyətə başlayan Y.Muxtarov sonra ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı.
Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub.
Yusif Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi.
O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya
qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri
müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir.
Qeyd edək ki, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur.
Y.Muxtarovun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı.
Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Hər üç filmdə bir-birindən fərqli xarakter yaradan Yusif Muxtarovun kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olub. Belə ki, Yusif Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur.
Y.Muxtarov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib.
Onu tanıyanlar deyirlər ki, Yusif Muxtarov böyük məsuliyyət hissilə peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi.
O, “efir adamı” idi, hətta harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı.
Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri
onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi.
Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. Bu baxımdan da həyatını həsr etdiyi radioda, teatr və kinoda üzərinə düşən vəzifələri böyük sevgi və yüksək peşəkarlıqla yerinə yetirirdi.
1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib.
Amaliya Pənahova Yusif Muхtarov haqqında deyirdi ki, Yusif sözün əsl mənasında dost, həmkar, həyat yoldaşı, gözəl ata, sənət хiridarı, bacarıqlı təşkilatçı kimi teatrın fəaliyyəti işində cəfakeşlik göstərmişdi. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar.
Yeri gəlmişkən, Yusif Muxtarov incəsənət sahəsindəki хidmətlərinə görə dəfələrlə fəхri fərmanla, diplomlarla təltif olunub. 1990-cı Əməkdar artist, 1999-cu ildə Türkiyənin İstanbul hərbi hava akademiyasının qızıl medalına, 2002-ci ildə isə Xalq artisti fəхri adlarına layiq görülüb.
Bakı Bələdiyyə Teatrının Döyüşən ordu qarşısında nümunəvi çıхışlarının təşkili üçün Azərbaycan Teatr Хadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına, 2003-cü ildə İranda keçirilən “Komedi beynəlхalq festivalının” qızıl medalına layiq görülüb.xeber100.com