Tələbə Qəbulu üzrə Dövlət Komissiyası seminar keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncədə seminar keçirib. Azərtac xəbər verir ki, seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Seminarda TQDK-nın Gəncə regional bölməsinin əhatə etdiyi rayonlardan olan müəllimlər iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, təhsilin aktual problemlərinin müzakirə olunduğu seminarın əhəmiyyətindən söz açıb. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan seminarda 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydaları haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, IX sinifdə oxuyan şagirdlər doqquz ildir yeni proqram əsasında tədris alırlar. Birinci sinifdən onlara kurikulum tətbiq olunub. Direktorlar Şurasının sədri deyib: “Biz onların bilik və bacarığını qiymətləndirmək üçün yeni alətlər hazırlamışıq. Bu şagirdlərin buraxılış imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevral-mart aylarını əhatə edəcək, Azərbaycan dili və riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Test tapşırıqlarının nümunələri çap edilib. Bu il, həmçinin IX sinfə aid olan nümunələr “Abituriyent” jurnalında qaydalarla və proqramla birgə dərc ediləcək”.xeber100.com

Oktyabr 22, 2016 5:32

“Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə”…

Bərdə rayonu 5 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib. Azərtac xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, dindarlar, təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər. Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Vahid Qarayev tədbiri açaraq, mövzunun əhəmiyyətindən danışıb. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov “Dini ekstremizmə və dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edib. Rahib İbrahimov Azərbaycanda multikulturalizm ənənələrindən, ölkəmizdə İslami dəyərlərlə tolerant dəyərlərin mükəmməl səviyyədə uzlaşdırılmasından bəhs edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekstremizmə qarşı apardığı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib və dini icmaların bu sahədə müvafiq dövlət orqanları ilə əməkdaşlığının önəmini vurğulayıb.xeber100.com

Oktyabr 22, 2016 4:14

“Uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi”…

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi və “Azercell”in Mobil Göz klinikası tərəfindən Ağcabədi rayonunda aztəminatlı və əlilliyi olan uşaqlar üçün təmənnasız göz müayinəsi təşkil olunub. Azərtac xəbər verir ki, layihə çərçivəsində 6-12 yaş arası ümumilikdə 40-dan çox uşaq və yeniyetmə həkimlər tərəfindən profilaktiki yoxlamadan keçirilib və onlar üçün müayinə kursu təyin olunub. "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, uşaqların inkişaf, sağlamlıq və müdafiə hüquqlarının qorunmasının təşkilidir. Bundan başqa, uşaqlar üçün məktəbəqədər tədris metodikası tətbiq olunaraq onların intellektual, fiziki və psixoloji inkişafına şərait yaradılacaq. Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin, UNICEF-in Azərbaycandakı ofisinin, Avropa İttifaqının, Azərbaycan hökumətinin, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə reallaşdırdığı "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.xeber100.com

Oktyabr 17, 2016 1:41