Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən…

Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov haqqında kitabın təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, İradə Əliyevanın “Natiq Bağırov - idman onun həyatıdır” adlı miniatür kitabı Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub. Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovanın aparıcılıq etdiyi təqdimat mərasimində Belarusun Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış ediblər. Çıxış edənlər sambo və cüdo üzrə dörd dəfə dünya, beş dəfə Avropa çempionu, Belarusun əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, bu ölkədə idmanın inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, N.Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, Minskdə yaşayan soydaşımız 30 ilə yaxındır həm idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda “Sarı gəlin” rəqs qrupu çıxış edib. Bakıda anadan olan 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvəti ilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliyada və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun cüdo üzrə milli komandasına rəhbərlik edir. Eyni zamanda, diaspor sahəsində də fəaliyyət göstərən N.Bağırov 1997-ci ildə Minskdə “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri seçilib. O, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.xeber100.com

Oktyabr 28, 2016 3:48

“Azərbaycanda Konstitusiya islahatları”…

Rusiyanın Sankt-Peterburq şəhərində “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib. Apa-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və Sankt-Peterburqdakı ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. Baş konsul Sultan Qasımov çıxışında Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının vacibliyini bildirib. O, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda səs verməyin mümkün olduğunu diqqətə çatdırıb. AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat rəhbəri Leyla Əliyeva adından tədbir iştirakçılarını salamlayaraq Sankt-Peterburq regional bölməsinin fəallarına uğurlar arzulayıb. Deputat Rüfət Quliyev isə çıxışında Azərbaycanın iqtisadi inkişafından və uğurlu islahatlarından danışıb. O, dəyirmi masa iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər layihəsi ilə tanış edib. Tədbirdə ali məktəb tələbələrinin “Azərbaycanda Konstitusiya islahatları” adlı məruzələri dinlənilib.xeber100.com

Sentyabr 22, 2016 2:57

Beynəlxalq konfrans keçiriləcək

Dekabrın 9-10-da Qəbələdə “Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Apa-ya verilən məlumata görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Mərkəzin üzvləri – Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski, Serbiyanın eks-prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Xorvatiyanın sabiq Prezidenti İqor Yosipoviç, Niderland Krallığının keçmiş Baş naziri Vim Kok, Bosniya və Hersoqovinanın sabiq hökumət başçısı Zlatko Lagumciya, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili və digərləri daxil olmaqla 20-dən çox ölkənin keçmiş dövlət və hökumət başçısının, habelə nüfuzlu siyasətçilərin elm və mədəniyyət xadiminin iştirakı gözlənilir. Qeyd edək ki, dekabrın 7-8-də isə Qəbələdə Diasporla İş Üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.xeber100.com

Sentyabr 9, 2016 12:10

Dağlıq Qarabağ məsələsinə dair müzakirələr…

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentində və bu ölkədə fəaliyyət göstərən Avropa Xalq Sosialist Partiyasının ofisində görüşlər keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentinin fəaliyyəti ilə tanış olub, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın vəziyyəti, Azərbaycan həqiqətləri barədə müzakirələr aparıb. Görüşdə, həmçinin Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin oktyabrda bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir. Görüşlərdə Sahil Qasımovu Lüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasının nümayəndəsi Jacque Henckes, beynəlxalq siyasi ekspert Birgit Fuhrmann müşayiət edib. Qeyd edək ki, mərkəzi qərargahı Brüsseldə yerləşən BAK sıralarında Belçika, Niderland və Lüksemburqda yaşayan soydaşlarımızı birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini Avropada yaymaq, yerli ictimaiyyəti Dağlıq Qarabağ məsələsi barədə məlumatlandırmaq və soydaşlarımızın yaşadıqları ölkələrdə inteqrasiyasına dəstək göstərməkdir.xeber100.com

Avqust 24, 2016 2:24