Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb

Tokioda yeni diaspor təşkilatı - Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyası yaradılıb. Yaponiyanın Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib. Bu barədə Azərtac-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Assosiasiyanın qurulması zərurətindən danışan Əlibəy Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda, biznes sahəsində gözəçarpan işlərin görülməsi, Yaponiyanın kiçik və orta sahibkarlarının Azərbaycana böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. O deyib ki, yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb. Yeni diaspor təşkilatının yaradılmasında əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digərləri yaxından iştirak ediblər. Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda, “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirib. O, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib. Digər iş adamı Yoşinobu Kanayama isə vurğulayıb ki, biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss ediblər. Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar veriblər. Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis Hirokazu Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Təşkilat rəhbəri Əlibəy Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsini planlaşdırır.xeber100.com

İyun 17, 2016 12:42

Berlində ölkəmizə qarşı təxribatın qarşısı alınıb

Azərbaycan diaspor təşkilatlarının iyunun 7-də Berlində birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatı ölkəmiz əleyhinə piket keçirməyə cəhd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a  bildiriblər ki, “Sərhədsiz reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ respublikası”nın da “bayrağı” qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin “bayrağı”nın hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat tələb ediblər. “Sərhədsiz reportyorlar” təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına susaraq cavab verməyiblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri həmin bayrağı yığışdırıblar. Azərbaycan diaspor təşkilatları “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatının aksiyasında baş verən bu insidentlə bağlı həmin qurumun mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələb olunacaq. Xatırladaq ki, iyunun 7-də Berlin Azərbaycan Evinin, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının Berlində aksiyası keçirilib. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.xeber100.com

İyun 8, 2016 3:04

“Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”…

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” mövzusunda panel iclası keçirilib. Apa-nın məlumatına görə, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova bildirib edib ki, son 5 ildə dünyada geosiyasi dəyişikliklər baş verib. O bildirib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirib. Lobbiçilik haqqında danışan S. Patzer-İsmayılova qeyd edib ki, lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. O bildirib ki, lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də zəruridir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək qarşımızda duran ən ümdə vəzifə olmalıdır". Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov isə bildirib ki, avropalılar heç vaxt digər xalqların nümayəndələrini eyni səviyyədə görmək istəmirlər: "Lakin biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla, əlaqələrimizi genişləndirmişik. Diaspora diplomatiyasının gücləndirilməsi çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan azərbaycanlı peşəkar diplomatların edə bilməyəcəyini edə bilər". “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal isə lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Onun fikrincə, hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında digər ölkələrin vətəndaşlarını, ən yüksək dairələri məlumatlandırmaq lazımdır: "Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır". Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır: "Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı bir lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadığı ölkənin siyasi-ictimai həyatında da fəal rol oynamağa çalışmalıdır". Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə isə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: "Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik".Ukrayna-Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov qurultayın keçirilməsinin önəmini qeyd edib. O, Ukraynada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu deyib. M. Ömərov bildirib ki, siyasətçilərlə, KİV-lə əlaqələr qurulub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması istiqamətində iş aparılır. Artıq bu gün dünyada dürüst azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər və bizə inanırlar".xeber100.com

İyun 4, 2016 11:49

Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb. Apa-nın məlumatına görə, qurultayda  rezident İlham Əliyev iştirak edir. İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir. Rəsmi açılışdan sonra Qurultay işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq. Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.xeber100.com

İyun 3, 2016 12:34

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları ilə görüş…

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Fövqəladə və Səlahiyyətli səfir Hidayət Orucov Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirib. Səfirlikdən Apa-ya verilən məlumata görə, görüşdə səfir Hidayət Orucov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 9 noyabr 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının ilk qurultayının tarixi əhəmiyyətindən danışıb, bu qurultayın keçirilməsinin milli idealların, azərbaycançılıq qayəsinin gerçəkləşməsi yolunda mühüm tarixi hadisə olduğunu bildirib. Səfir Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan prezidenti İlham Əliyevin diaspor quruculuğu siyasətini bu gün uğurla davam etdirdiyini bildirib. İyun ayının 3-4-də Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının İV Qurultayı barəsində iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Dünya Azərbaycanlılarının İV Qurultayında dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edəcək. Hidayət Orucov Qırğızıstandan qurultaya sanballı nümayəndə heyətinin dəvət edilməsini bu ölkədə yaşayan soydaşlarımıza göstərilən böyük diqqətin nəticəsi kimi dəyərləndirib. Səfir bildirib ki, Qırğız Respublikası prezidenti Almazbek Atambayevin göstərişi ilə Qırğız Respublikası Prezidenti Aparatının rəhbərinin müavini, Aparatın Etnik , Dini Siyasət və Vətəndaşlar ilə Əlaqələr Şöbəsinin müdiri Mira Karıbayova qurultayda qonaq qismində iştirak edəcək. Əlamətdar haldır ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Qurultaya təbrik məktubu gözlənilir. Sonda Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək nümayəndələrə dəvət məktublarını təqdim edib və onlara uğurlar diləyib. Qırğız Respublikasının Kant şəhər Keneşinin deputatı Rəhim Rəhimov Bakıda keçiriləcək Qurultayın dünya azərbaycanlılarının, birliyi və həmrəylik bayramı olduğunu qeyd edib, hər yeni Qurultayda iştirak edən dövlətlərin, diaspor təşkilatların sayının artmasının prezident İlham Əliyevin diaspor quruculuğu siyasətinin nəticəsi olduğunu bildirib. Deputat Qırğızıstanda yaşayan soydaşlarımıza Azərbaycan Respublikasının Qırğızıstanda səfiri Hidayət Orucov tərəfindən daim göstərilən qayğıya və diqqətə görə məmnunluğunu ifadə edib və səfirə təşəkkürünü bildirib. Qırğız Xalqı Assambleyasına daxil olan “Azəri” İctimai birliyinin prezidenti Əzizağa Əliyev, birliyin fəxri prezidenti Akif Alaferdov, birliyin idarə heyətinin üzvləri Əsəd Həsənov, Mirkazım Bəşirov, Sultan Qasımov və Taxar Quliyev prezident İlham Əliyevə göstərdiyi yüksək qayğı, diqqət və dəstəyə görə təşəkkürlərini bildirib, son illərdə səfirliyin Qırğızıstandakı soydaşlarımızın bir araya gəlməsi, təşkilatlanması, Azərbaycançılıq qayəsi ətrafında birləşmələri sahəsində fəaliyyətini yüksək dəyərləndiriblər.xeber100.com

May 28, 2016 5:05

Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb

İyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqlarının və nümayəndələrin siyahısı dəqiqləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcəklər. Proqrama əsasən, qurultay iştirakçıları iyunun 2-də Fəxri xiyabanda Heydər Əliyevin abidə kompleksini, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.xeber100.com

May 26, 2016 4:02