“Dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə iyulun 15-də “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirəcək. YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək tədbirin təşkilində məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğinə xidmət edən layihələr planının təqdim edilməsidir. Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə keçirilən, beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və poster müsabiqəsi-2016”, ölkə daxilində keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin, Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın ölkə təmsilçilərinin təqdimatı da olacaq.xeber100.com

İyul 15, 2016 11:35

Ramazan bayramı münasibəti ilə təbrik bəyanatı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə təbrik bəyanatı yayıb. QMİ-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Şeyxülislam dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan oruc və namazların qəbul, duaların müstəcab olmasını diləyir. “Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir. Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları, gələcək tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər. Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Amin!” - deyə, bəyanatda bildirilir. 

İyul 5, 2016 3:11

Qafqaz Müsəlmanları İdarəsinin məlumatı…

Bu il azərbaycanlı zəvvarların indiyədək istifadə etdikləri ümumvətəndaşlıq pasportu ilə Həccə getməsi mümkün olmayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumata görə, bu il Azərbaycandan zəvvarların Həcc səfəri yalnız yeni biometrik pasportlarla mümkündür. QMİ zəvvarlara tövsiyə də edir ki, biometrik olmayan pasportları zəvvarla səfər vizası verilənə qədər (iyulun 10-dək) “ASAN xidmət” Mərkəzlərində dəyişsinlər. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.xeber100.com

İyun 30, 2016 2:09

Mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

İyunun 20-də Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. Azərtac xəbər verir ki, iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, həmçinin ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər. İsmail Alper Coşkun jurnalistlərlə söhbətində ölkələrimiz arasında qədim tarixi köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin hazırkı yüksək səviyyəsindən danışıb. Azərbaycanın və Türkiyənin birlikdə regionda enerji, nəqliyyat və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini vurğulayan diplomat hər iki dövlətin əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən səfir bunun ölkəmizin qazandığı uğurların, habelə sürətli inkişafının təbliği baxımından mühüm imkan olduğunu bildirib. Sonra səfir İsmail Alper Coşkun iftar mərasimində iştirak edən azərbaycanlı jurnalistlərin Türkiyənin daxili və xarici siyasətindəki prioritet istiqamətlər, bölgədə və dünyada baş verən proseslər və ölkələrimiz arasındakı münasibətlərlə bağlı suallarını cavablandırıb.xeber100.com

İyun 21, 2016 12:56

“Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu”…

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində növbəti konfrans Balakən şəhərindəki “Gənclər evi”ndə keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra dövlət himni səsləndirilib. Balakəndə fəaliyyət göstərən Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyev konfrans iştirakçılarına rayonun dini-etnik tərkibi haqda ətraflı məlumat verib. O, yerli dini icmalarla sıx əməkdaşlığın rayonda sağlam mənəvi mühitin inkişafında önəmini qeyd edib. TUMİB-in sədri Çingiz Bayramov tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Layihə barədə ətraflı məlumat verən Ç.Bayramov Azərbaycanda radikallığa qarşı mübarizədən, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitindən, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Qarayev, İctimai Birliyin Şəki-Zaqatala regionu üzrə nümayəndəsi Rəcəb Feyzullayev, qurumun mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin Gənclər Mərkəzinin sədr müavini Samir Pənəliyev çıxışlarında ölkəmizdə mövcud tolerantlıq mühitinin dünyaya nümunə təşkil etməsini xüsusi vurğulayıb, dini radikallığa qarşı təbliğatda gənclərin rolunun önəmini qeyd ediblər. Çıxışlarda bu baxımdan regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Sonda iştirakçılara diplomlar təqdim olunub.xeber100.com

İyun 15, 2016 1:12