Dini konfessiyaların prezidentə məktubu…

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar. Apa-nın xəbərinə görə, məktubda deyilir: "Multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibətinizə və özəl qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmalar da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkəmizin ictimai həyatında yaxından iştirak edirlər. Bu gün ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur. MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqu, multikulturalizmi, sivilizasiyalararası əməkdaşlığı təcəssüm etdirir. Möhtərəm prezident, bu müraciəti imzalayanlar şəxsən Sizinlə görüşlərin dərin təəssüratını, özəlliklə son Ramazan iftarı zamanı çıxışınızdakı səmimi ünsiyyəti heç vaxt unutmayacaqlar. Siz həmişə dini icmaların problemlərinə diqqətlə yanaşmış, bizə maddi və mənəvi dəstək olmusunuz. Ümid edirik ki, Qarabağ problemi tezliklə beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə öz həllini tapacaq, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti Zati-alinizlə olacaq. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır". Məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostolprefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç imzalayıblar.xeber100.com

İyul 19, 2016 11:03

“Dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə iyulun 15-də “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirəcək. YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək tədbirin təşkilində məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğinə xidmət edən layihələr planının təqdim edilməsidir. Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə keçirilən, beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və poster müsabiqəsi-2016”, ölkə daxilində keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin, Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın ölkə təmsilçilərinin təqdimatı da olacaq.xeber100.com

İyul 15, 2016 11:35

Ramazan bayramı münasibəti ilə təbrik bəyanatı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə təbrik bəyanatı yayıb. QMİ-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Şeyxülislam dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan oruc və namazların qəbul, duaların müstəcab olmasını diləyir. “Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir. Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları, gələcək tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər. Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Amin!” - deyə, bəyanatda bildirilir. 

İyul 5, 2016 3:11

Qafqaz Müsəlmanları İdarəsinin məlumatı…

Bu il azərbaycanlı zəvvarların indiyədək istifadə etdikləri ümumvətəndaşlıq pasportu ilə Həccə getməsi mümkün olmayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumata görə, bu il Azərbaycandan zəvvarların Həcc səfəri yalnız yeni biometrik pasportlarla mümkündür. QMİ zəvvarlara tövsiyə də edir ki, biometrik olmayan pasportları zəvvarla səfər vizası verilənə qədər (iyulun 10-dək) “ASAN xidmət” Mərkəzlərində dəyişsinlər. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.xeber100.com

İyun 30, 2016 2:09

Mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

İyunun 20-də Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. Azərtac xəbər verir ki, iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, həmçinin ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər. İsmail Alper Coşkun jurnalistlərlə söhbətində ölkələrimiz arasında qədim tarixi köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin hazırkı yüksək səviyyəsindən danışıb. Azərbaycanın və Türkiyənin birlikdə regionda enerji, nəqliyyat və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini vurğulayan diplomat hər iki dövlətin əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən səfir bunun ölkəmizin qazandığı uğurların, habelə sürətli inkişafının təbliği baxımından mühüm imkan olduğunu bildirib. Sonra səfir İsmail Alper Coşkun iftar mərasimində iştirak edən azərbaycanlı jurnalistlərin Türkiyənin daxili və xarici siyasətindəki prioritet istiqamətlər, bölgədə və dünyada baş verən proseslər və ölkələrimiz arasındakı münasibətlərlə bağlı suallarını cavablandırıb.xeber100.com

İyun 21, 2016 12:56