Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.Azərtac xəbər verir ki, fətva mayın 15-də QMİ-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda verilib.Fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir və bildirir: Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir. “Qurani-Kərim”in nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs Kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) Cəhənnəm odundan qoruyan bir qalxandır”.Fətvada bildirilir ki, oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir. Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab “Qurani-Kərim”i tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.Qeyd edilir ki, Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə bizə kömək edəcək, məhz QMİ-nin tərtib etdiyi təqvimin kütləvi informasiya vasitələri və sosial mediada təbliğinə, yayılmasına nəzarət edəcəklər.xeber100.com