Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya Kralı Əlahəzrət II Abdullahın himayəsi altında oktyabrın 23-də Əmmanda keçirilən Al əl-Beyt İslam Fikri Akademiyasının “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunmuş XVII konfransda iştirak edib. QMİ-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə akademiyanın həqiqi üzvü şeyxülislam A.Paşazadənin məruzəsi dinlənilib. O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kral Əlahəzrət II Abdullaha və tədbir iştirakçılarına salamlarını çatdırıb. Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının dünyada İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi, dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yolunda uğurlu səylərinin böyük önəm kəsb etdiyini bildirən QMİ sədri Azərbaycanda bütün səmavi dinlərin ardıcıllarının sülh şəraitində birgə yaşadıqlarını, bütün dinlər üçün dövlət tərəfindən bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb. O, son zamanlar Yaxın Şərqdə, xüsusilə Suriya, İraq və Yəməndə baş verən qanlı hadisələri, Fələstin probleminin regionda dini və milli zəmində münaqişələrə, ekstremizm və terrorizmə təkan verdiyini vurğulayıb. Qeyd edib ki, özünü demokratiya təəssübkeşi kimi təqdim edən Avropanın bəzi dövlətlərində islamofobiya təzahürləri dərinləşir, məcburi miqrantlara müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi kimi ədalətsiz, qeyri-humanist yanaşma nümayiş etdirilir, ksenofobiya meyilləri kəskinləşir. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 20 faiz torpağının erməni ekstremistləri tərəfindən işğal olunduğunu, zəbt edilmiş ərazilərimizdə ümumislam əhəmiyyətli mədəni, dini-mənəvi abidələrimizin məhv edildiyini söyləyib, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etdiyinə görə qardaş müsəlman ölkələrinə, o cümlədən İordaniya xalqına və onun liderinə xalqımız adından təşəkkürünü ifadə edib. A.Paşazadə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin respublikamızda böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdıraraq, ötən qısa tarixi müddət ərzində ölkəmizin uğurlu yol keçdiyini və böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Al əl-Beyt İslam Fikri Akademiyasının rəhbəri, Kral Əlahəzrət II Abdullahın əmisi oğlu Qazi bin Məhəmmədlə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən razılıq və bu əlaqələrin daim inkişafda olacağına əminlik ifadə edilib. Konfransda Azərbaycanın İordaniyadakı səfiri S.Ağabəyov, QMİ sədrinin birinci müavini, müfti S.Musayev və Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşı G.Babayev də iştirak edib.xeber100.com