Şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb. Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva adını III mərhələyə yazdırıb. İlk görüşdə heç-heçə edən Teymur Rəcəbov macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan Rəcəbov rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5-0,5 hesablı qələbə qazanan T.Rəcəbov növbəti mərhələyə adlayıb. Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək imkanı qazanıb. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5-0,5 hesablı qələbə qazanıb. Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur)-Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyasında qeydə alınıb. Ağ fiqurlarla çox diqqətli oyun sərgiləyən Tin Jinqao cavab matçında Ş.Məmmədyarov üzərində qələbə qazanıb. 1,5-0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıb. Şəhriyar Məmmədyarov isə yarışla erkən mərhələdə vidalaşıb. Vüqar Əsədli FIDE təmsilçisi Yan Nepomnyaşi ilə görüşdə heç-heçəyə razılaşıb. İlk partiyada qələbə qazanan Y.Nepomnyaşi III mərhələyə adlayıb. Misrəddin İskəndərov Hindistan şahmatçısı Domaradju Qukeşə hər iki partiyada uduzmaqla yarışdan kənarda qalıb. Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq Parham Maqsudlu (İran) və Jül Mussara (Fransa) qarşı görüşlərdə iki partiyanın ümumi nəticəsində məğlubiyyət acısı yaşayıb. Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova Dünya Kubokunun 1\32 finalında mübarizəni dayandırıb. Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcək.xeber100.com

Avqust 4, 2023 2:15

Şahmat üzrə Dünya Kubokunda birinci raundun cavab görüşləri keçirilib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda birinci raundun cavab görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə edib. İlk oyunda heç-heçə edən Vasif Durarbəyli ikinci partiyanı qalib kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Xanım şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab görüşlərini qələbə ilə başa vuraraq, adını ikinci raunda yazdırıb. Eltac Səfərli oyuna gecikdiyinə görə texniki məğlubiyyətlə üzləşib. Buna görə şahmatçımız Panama təmsilçisi Roberto Sançeslə tay-brekdə mübarizə aparmalı olacaq. Onunla yanaşı Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İskənrədov tay-brek günü həlledici görüşdə iştirak edəcək. Cavab görüşlərində uduzan Nicat Məmmədov və Xanım Balacayeva Dünya Kubokunda iştirakını dayandırıb. İlk görüşdə uduzan və cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı da yarışla vidalaşıb. Qeyd edək ki, avqustun 1-i turnirdə tay-brek günüdür. İkinci raund avqustun 2-də başlayacaq. Bu mərhələdən etibarən şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə o cümlədən dünya reytinqinin lideri Maqnus Karlsen mübarizəyə qoşulacaq.xeber100.com  

Avqust 1, 2023 1:27