Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Kadastr kalkulyatoru” yaradılıb.Komitədən Azərtac-a bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilir. Yeni elektron xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir.Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.xeber100.com

Sentyabr 4, 2018 10:19

Azərbaycanda 250-dən çox BƏƏ şirkəti fəaliyyət göstərir

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələrin yaradılmasında maraqlıdır.Milli.az bildirir ki, bunu Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.E.Əliyev bildirib: "Eyni zamanda, biz ölkəmizə çoxlu sayda ərəb şirkətlərinin cəlb olunmasında maraqlıyıq, çünki Azərbaycan regionda qonşu ölkələrin əsas bazarlarına çıxışı olduğundan, coğrafi mövqeyinə görə xarici investorlar üçün ideal bazardır".O qeyd edib ki, bu gün Azərbaycanda 250-dən çox BƏƏ şirkəti fəaliyyət göstərir. Ölkələr arasında Bakı-Dubay-Bakı, Bakı-Şarca-Bakı aviareysləri işləyir.Ticarət nümayəndəsinin sözlərinə görə, ümumilikdə Azərbaycan və BƏƏ-nin sənaye, nəqliyyat, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün böyük potensialı var və bu sahələrdə işbirliyini uğurla inkişaf etdirə bilərlər: "Hazırda ölkələr arasında əmtəə dövriyyəsinin artım dinamikasının sürətləndirilməsi istiqamətində ciddi işlər aparılır".E.Əliyev deyib ki, Azərbaycan məhsullarının BƏƏ-yə ixracının əsas payı Dubaya düşür, bura əsasən kənd təsərrüfatı məhsulları tədarük edilir: "Dubaya böyük həcmdə meyvə-tərəvəz və nisbətən kiçik həcmdə ət ixrac olunur. Gələcəkdə Dubay bazarının tələbatını və Azərbaycanda bu məhsulun istehsalının artan imkanlarını nəzərə alaraq, ət ixracını maksimal dərəcədə artırmağı planlaşdırırıq".O bildirib ki, öz növbəsində, Azərbaycan BƏƏ-dən əsasən yüksək texnoloji məhsulları, elektronika, sənaye malları və tikinti materialları idxal edir: "Birləşmiş Ərəb Əmirliklərinin kənd təsərrüfatı məhsullarının ən böyük idxalçılarından biri olduğunu nəzərə alsaq, umid edirik ki, bzim yüksək keyfiyyətli məhsullarımız bu perspektivli bazarda öz yerini tutacaq".Ticarət nümayəndəsinin sözlərinə görə, BƏƏ-nin təkrar ixrac üçün ciddi potensialını nəzərə alsaq, Azərbaycan mallarının Ərəb Əmirliklərinin bazarına çıxması gələcəkdə məhsullarımızın Fars körfəzinin digər ölkələrinin bazarlarında özünə yer tutmasına səbəb ola bilər: "Kənd təsərrüfatı məhsulları ilə yanaşı, Azərbaycan BƏƏ-yə müxtəlif növ sənaye mallarının (alüminium lövhələr, borular və sair) tədarükünü artırmağı planlaşdırır".xeber100.com

Sentyabr 2, 2018 2:16

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dənizçi peşəsində çalışmaq istəyənlərə xəbərdarlıq edib.QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olur.“Belə müəssisələr özlərinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin nəzdində olduqlarını, müəssisəni bitirənlərin birbaşa olaraq QSC-də işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qeyd edir ki, dənizçilərin (sıravi heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından QSC-nin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, QSC kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxır. Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün maraqlı şəxslərin diqqətinə çatdırır və QSC-nin “İnsan resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı verilən vədlərə inanmamağa çağırırıq”, - deyə məlumatda bildirilir.xeber100.com

Avqust 28, 2018 12:53