Qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. QSC-dən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə memorandumu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov və “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar. Anlaşma memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir. Z.İbrahimov qeyd edib ki, müasir nəqliyyat-logistika infrastrukturuna malik olan Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə imkan verir. Bu xüsusda dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə hesab edilən Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulması ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd edir. İdarə Heyətinin sədri təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğunu nəzərə alaraq, Azərbaycanın Kimberley Prosesinə üzv kimi qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edildiyini və həmin qurumlar tərəfindən prosesə başlanıldığını bildirib. Z.İbrahimov Azərbaycanın bu Prosesə üzvlüyü təsdiqləndikdən sonra təbii almaz emalı sahəsinin qurulması istiqamətində də tərəflərin birgə səyləri ilə müvafiq addımların atılacağını qeyd edib. O əlavə edib ki, layihənin uğurlu icrası nəticəsində yeni istehsal sahələri, iş yerləri yaranacaq, yeni növ məhsulların ixracı, idxalı həyata keçiriləcək. Bu, qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının artmasına, ölkəmizin zərgərlik sənayesinin çoxşaxəli inkişafına da öz müsbət təsirlərini göstərəcək. Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev isə ölkəmizdə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ü.Mansurov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi S.N.Vaviya çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər. Qeyd edək ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.

Oktyabr 25, 2023 3:45

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi təsdiq edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə əsasən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib. Sənəd parlamentin oktyabrın 20-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb. Qeyd edək ki, 12 fəsil, 84 maddədən ibarət olan sənəd doqquz əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Sənəddə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları ilə müddəaların yer aldığı qanun layihəsi rəqabət mühitinin tənzimlənməsi, inhisarçılıqla mübarizə məqsədilə hazırlanıb. Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar ləğv edilir və bazar iqtisadiyyatında rəqabətlə bağlı digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilir. Xatırladaq ki, qanun layihəsi əvvəllər Milli Məclisin plenar iclasında müzakirə edilsə də, üçüncü oxunuşdan keçməyib. Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.xeber100.com

Oktyabr 20, 2023 2:39

“28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək

Azərbaycanın millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək. Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.xeber100.com

Oktyabr 13, 2023 2:56

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Oktyabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyinə 5 məsələnin daxil edildiyini deyib. Gündəliyin birinci məsələsi - “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, bu sənəd layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır. Dəyişikliyə əsasən, vergi daxilolmalarında xüsusi çəkisi yüksək olan, məşğul olduqları fəaliyyət sahələri dövlət üçün strateji əhəmiyyət kəsb edən iri və orta sahibkarlıq subyektlərinin, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin mühasibat uçotunun elektron qaydada aparılması təklif olunur. Bu qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir. Məsələ barədə çıxış edən komitə üzvləri Vüqar Bayramov, Elnur Allahverdiyev, Vahid Əhmədov, Mahir Abbaszadə, İqbal Məmmədov, Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətindən danışıblar, onun ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Sonra iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar, onların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. O, bildirib ki, bu qanunun icrası ilə əlaqədar 17 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi üçündür. Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. Sonra iclasda ikinci oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsinə, həmçinin “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılıb. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Oktyabr 13, 2023 2:43

Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” sərgisi keçiriləcək

Oktyabrın 17-dən 21-dək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini birləşdirən “Xəzər İnşaat Həftəsi” keçiriləcək. “Iteca Caspian” şirkətindən bildirilib ki, sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olub. 1994-cü ildən − Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Ulu Öndər Heydər Əliyev bu tədbirlərin təşəbbüskarı olmuş və onları dəstəkləmişdir. “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Artıq 3-cü il keçiriləcək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərgi iştirakçıları arasında həm Azərbaycan, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da, Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaq. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.xeber100.com

Oktyabr 13, 2023 2:41

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Təqaüd proqramı” müsabiqəsini elan edir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır. QSC-dən bildirilib ki, dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək vermək məqsədilə təsis edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında keçiriləcək müsabiqənin nəticələri əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Torna və frezer dəzgahlarının operatoru”, “Çilingər-santexnik”, “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər” ixtisasları üzrə təhsil alacaq tələbələr iştirak edəcəklər. Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərən 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində olmaqla hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Bununla, tələbələr “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq fürsəti qazanacaqlar. Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün “Təqaüd proqramı” layihəsi 2021-ci ildən təşkil edilir. Daha öncə peşə təhsili üzrə keçirilən 2 təqaüd layihəsində qalib olan ümumilikdə 27 nəfər tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib. Qeyd edək ki, “AzerGold” QSC və PTDA arasında əməkdaşlığın əsasını 2020-ci il mayın 19-da qurumlar arasında metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.xeber100.com

Sentyabr 29, 2023 3:12

İqtisadi Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin görüşü keçiriləcək

Bu il oktyabrın birinci yarısında İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm nazirlərinin görüşü keçiriləcək. İranın İRNA agentliyi bildirir ki, bu barədə Ərdəbil vilayətinin valisi (ostandarı) Seyid Həmid Amili məlumat verib. O qeyd edib ki, görüşdə üzv dövlətlərin turizm sahəsindəki əlaqələrini genişləndirmək, bu sahəyə qarşılıqlı investisiya yatırmaq, insanların qarşılıqlı səfərlərini asanlaşdırmaq və digər məsələlər müzakirə olunacaq. Qeyd edək ki, ECO iqtisadi və ticarət əlaqələrini artırmaq məqsədilə 1985-ci ildə İstanbulda Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. SSSRİ dağıldıqdan sonra -1992-ci il noyabrında daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da təşkilata daxil olması ilə ECO üzvlərinin sayı 10-a çatdı. ECO-nun kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. ECO Nazirlər Şurası da ildə ən azı bir dəfə yığıncaq keçirir. Təşkilat 1993-cü ildə BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb. ECO-nun mənzil-qərargahı Tehran şəhərindədir. Azərbaycanın İrandakı səfiri, eyni zamanda, ölkəmizin ECO-da daimi nümayəndəsidir.xeber100.com

Sentyabr 24, 2023 2:49