Əgər desək ki, Tv-lərdə fəaliyyət göstərən Dublyaj redaksiyalarının səviyyəsi çox aşağıdır, o zaman tamaşaçı iradla TV-lərin öz səviyyəsinə irad tutacaq. Əslində tamaşaçı da haqlıdır, nə də olsa bir zamanlar “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Dublyaj redaksiyasının yüksək səviyyədə dublyaj olunan filmlərini izləyib və hazırda müqayisə edərək heyfsiləndiyini bildirir. Doğrudan da Azərbaycanda dublyajın əvvəlki səviyyəsi yüksək olsa da hazırda mövcud problemlərdən çıxış edərək və ən əsası dünya ölkələri ilə müqayisə edərək belə qərara gəldik ki, sənətkarlarımızın yaralı yeri olan bu problemdən bir yazı hazırlayaq.
Azərbaycan dili dövlət dili olaraq tətbiq olunmalı
"Azərbaycan Respublikasının Dövlət dili haqqında" Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq olunmasını nəzərər alaraq Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ildə ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirməli olduğu haqda qərar verdi. Əgər nəzərə alsaq ki, dünya ölkələrinin hər birində yayımlanan filmlər məhz öz dillərində nümayiş olunur, o zaman müstəqil ölkəmizin bu prosesdən kənarda qalmasına toplum olaraq biganə qala bilmərik.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda əcnəbi ölkələrdə istehsal olunan filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu (alt yazı) ilə dublyajı ilə bağlı bənd var və işin icrası birbaşa Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Ancaq bütün bunlara baxmayaraq ölkəmizdə nümayiş olunmaq üçün alınmış filmlər əsasən rus və türk və ingilis dilində nümayiş etdirilir.
Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev bildirib ki, ölkəmizdə nümayiş olunan filmlər Azərbaycan dilinə dublyaj edilməli, ya da bu dildə alt yazı ilə verilməlidir. Xatırladaq ki, bu təcrübə artıq dünya ölkələrində özünü doğruldub: “Hazırda bütün filmlər reyestrdən keçirilib. Yəni, bunlar dublyaj olunmayan filmlər sırasına daxil deyil. Dünya premyeraları keçirilir. Həmin filmlər bir gündə bütün ölkələrdə və eyni vaxtda göstərilir. Biz həmin filmi görmürük və qabaqcadan reyestrdən keçirə bilmirik. O filmi nümayiş etdirmək üçün kim alırsa onu çevirməyə imkanı çatmır. Buna görə də filmi birbaşa nümayiş etdirir”.
Nazur onu da vurğulayıb ki, bu durum “Azərbaycan dili” haqqında qanunla ziddiyyət təşkil edir və qanunvericiliyə görə, bütün filmlərin heç olmasa Ana dilində subtitr vasitəsilə nümayiş etdirilməsi həyata keçirilməlidir.
Filmlərin səsləndirilməsi TV-lərin vəzifəsi deyil
Hazırda az qala TV-lərin hər birində dublyaj redaksiyası fəaliyyət göstərir, ancaq səviyyə baxımından onların fəaliyyəti heç də qənaətbəxş deyil. ATV telekanalının prezidenti Vüqar Qaradağlının fikrincə, hazırda Azərbaycanda “dublyaj” anlayışının özü yoxdur: “Bu sözün klassik mənasında götürülən dublyaj bir vaxtlar Cəfər Cabbarlı adına kinostudiyada edilirdi. Klassik dublyaj indi də yalnız orada həyata keçirilir. Başqa heç yerdə əsl, klassik dublyaj yoxdur. Mən belə deyərkən bütün səs effektlərini, məsələn, çırpılan qapının, yağan yağışın, qaçan atın ayaq səslərinin saxlanmasını, canlandırılmasını və s. nəzərdə tuturam. Dublyaj dediyin məhz budur. Bildiyim qədər dublyaj bu gün yalnız Cəfər Cabbarlı adına kinostudiyada edilir. Bu gün televiziyaların məşğul olduğu məsələyə - filmlərin səsləndirilməsinə gəlincə isə bu məsələni həll etmək də TV-lərin özünün vəzifəsi deyil. Bu, TV-lərin fəaliyyətini təmin etməli olan strukturların - prodakşnların vəzifəsidir. Bu sahənin bizdə o qədər də inkişaf etmədiyini nəzərə alan TV-lər filmlərin səsləndirilməsi ilə özləri məşğul olmağa məcbur olur. Yeri gəlmişkən, ATV-nin filmlərin səsləndirilməsi üçün yaxşı redaksiyası var. Bizdə tərcümələr kifayət qədər savadlı və dolğun olur. Səs seçimi də yaxşıdır. Bu problemi prinsipcə özümüz həll edirik”.
Nəzarət mexanizmi dövlətin əlində
Peşəkar kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyevin fikrincə, kinematoqrafiya bütün dünyada yaradıcılıqdan başqa, eyni zamanda sənayedir: “Bütün istehsal olunan məhsullar kimi bu məhsulların da öz distributoru olmalıdır. Bu sahədə bazar səviyyəsində qəbul olunmuş bir sistem olmalıdır. Əgər Azərbaycanda hər hansı bir filmi istehsal edən şirkətin və ya ölkənin burada distributoru olsaydı, o filmi alıb Azərbaycan dilinə düblyaj edib həm kinoteatra, həm də televiziyalara satardı. Ancaq bu sistem bizdə olmadığından hər kəs gedib filmi özü alır. Həmin filmlərin disklərini ya alır, ya da piratçılıqla ələ keçirirlər. Həmin filmi dublyaj etmək xərcini o filmi alan və ya nümayiş etdirən şirkət boynuna götürə bilmir. Əgər filmi göstərmək üçün kinoteatr həmin lisenziyanı xaricdən alıbsa, o pulu çıxartmaq, üstəlik gəlir əldə etmək lazımdır. Belə ki, 5 il bundan əvvəl Türkiyədə kinoteatrlarda filmi nümayiş etdirənlərə filmin dublyajı üçün dövlət pul ayırırdı”.
Filmlərin dublyajına nəzarət mexanizminə gəlincə, gildiya rəhbəri hesab edir ki, əgər filmlərin nümayişinin dayandırılması, kinoteatrların bağlanması ilə müşahidə olunacaqsa, bu, heç kimə lazım deyil: “Nəzarət mexanizmi dövlətin əlindədir. Sadəcə, həmin şəraiti araşdırıb problemi aradan qaldırmaq lazımdır. Əgər o yenidən təkrarlanacaqsa, onda qadağalar tətbiq etmək mümkündür. Çünki görülən tədbirlər sadəcə həmin işin inkişafına gətirib çıxarmalıdır. Filmlərin düblyajı mərkəzləşmiş qaydada həyata keçməlidir. Belə ki, çoxlu studiyalar var ki, dublyajla məşğul ola bilərlər. Dünya ölkələrinə gəlincə, Rusiyada, Amerikada, Avropa ölkələrində filmlər hər bir ölkənin öz dilində nümayiş etdirilir. Bizdə isə distributor sahəsi demək olar ki, yox dərəcəsindədir. İndi bu iş sərfəli olmadığı üçün onunla məşğul olan yoxdur. Hər halda tamaşaçıya öz dilində filmi seyr etməyə imkan yaradılır”.
Aktyorun zəhmətinin yüksək qiymətləndirilməsi vacibdir
Azərbaycan teatr və kinosunun aktyorlarının əksəriyyəti uzun müddət dublyajla məşğul olublar. Uzun illər dublyajla məşğul olan rejissor-aktyor Ağaxan Salmanlının fikrincə, dublyaj, çox adi baxılan iş olsa da, ölçülməz dəyəri olan bir işdir: “Təsəvvür edin ki, dublyaj olmasa biz dünya ilə əlaqədar çəkilən hərtərəfli məlumatlardan məhrum olarıq. Doğrudur ki, sənədli, bədii, tarixi materiallar öz dilimizdə səsləndirilir, ancaq onların nə dərəcədə keyfiyyətli olması əsas şərtdir. Demək olar yarım əsrdən keçmiş bir zaman kəsiyində dublyaj tarixini görmüş, içində yaşamış şəxsəm. Keçmişdə də bu sahədə körkəmli sənətkarlar, çox qüdrətli aktyorlar çalışıblar, indinin özündə də bu sahənin dərin biliciləri, təcrübəli sənətkarları vardır”.
Müqayisəyə gəlincə, xalq artisti qeyd edir ki, keçmiş ilə indiki dublyaj arasında fərq olsa da, nə şəkildə olursa-olsun dublyajın dəyəri itmir: “Keçmişdə dublyaj səsləndirməyə bərabər tutulurdu. Tutaq ki, yeni bir film çəkilib, çəkiliş vaxtı küləyin fısıltısı, yarpaqın xışıltısı və bəzi kənar səslərin kadrlara düşməsi mane olur, onlar təmizlənməlidir. Bu səbəbdən çəkilişdən sonra böyük bir heyət, aktyorlar və texniki heyət səsləndirmə işinə cəlb olunurdu. Hər aktyora uyqun rollar paylanırdı, onlar da çalışırdılar həm vəziyyətə uyqun hiss-həyəcanla, həm də sinxron -yəni dodaqların tərpənməsinə uyqun, zərrə qədər yayıntı olmadan səslərini, necə deyərlər, oturtsunlar. Beləliklə də təbiilik alınırdı, sanki çəkilən adam özü danışır. Çox vaxt çəkilən aktyorun xarici görünüşü rejissoru qane etsə də, səs tembri, danışıq tərzi xoşuna gəlmədiyindən istədiyi rolun səsləndirilməsini başqa aktyora havalə edirdi. Görkəmli rejissor, öz orijinal, müasir filmləri ilə kinomuzun tarixində xüsusi yeri olan Arif Babayevin elə filmi yox idi ki, onun səsləndirilməsində iştirak etməyim. O həmişə deyərdi, -sənin səsinin xüsusi, fərqli çaları var, səni filmimə çəkməsəm də, lakin səsindən imtina edə bilmərəm. "Möcüzələr adası"nda (Vadim),"Uşaqlıqın son günündə" ( məhəllə uşaqı(orada Polad Bülbül oğlunun "Durnalar" mahnısını da oxumuşam). Ən maraqlı hadisə isə "Alma almaya bənzər" filmində oldu. Orada altı qızı olan şişman bir aktyor - deyəsən Əhməd idi adı, çəkilmişdı. Məni indiki dillə desək, səslənmə kastinqinə dəvət etmişdilər. Elə ki,ekrana kadr verildi, oradakılar bu şişman kişini gördülər və bilinəndə ki, Arif müəllim onu səsləndirməkdə məni nəzərdə tutub, hamını təəccüb bürüdü. Arif müəllim məramını heç pozmadan-Narahat olmaqına dəyməz, yoxlayırıq. Sözün düzü mənim özümə də qəribə gəldi, lakin dinmədim, fikirləşdim, rejissordur, yəqin o bilir. Bu mənə inam verdi, özümü, içimi tənzimləyib yazdım. Həmin yazı səslənəndə, hamı təəccüb qaldı. Arif müəllim sevinclə-Gördüz, səsi ekrana necə yapışdı! Bax,həmin .oğlan uşağı istəyən çoxlu qızları olan şişman atanı mən səsləndirmişəm”. Ümumiyyətlə götürdükdə isə A.Salmanlı diblyajda çalışdığı illərdə bir çox maraqlı filmlərə səsi ilə imza atıb: “Ən möhtəşəmi "Kral Lir" kinofilmindəki Oleq Dalın yaratdıqı-Təlxək rolu olub. Həmin filmin dublyaj deməyə dilim gəlmir, səsləndirilməsində, çünki onu nöqtə-bə-nöqtə Əlisəttar Atakişiyev işlədi. O dublyajda Firəngiz Şərifova, Amaliya Pənhova, Şəfiqə Məmmədova, Yusif Vəliyev, baş rolda Səməndər Rzayev kimi qüdrətli sənətkarların yaradıcılığı cəmlənmişdi. Çağdaş dövrümüzdə də dublyaj işi davam edir.Deyərdim əsasən də uğurludur. Əgər ki, haradasa, nəsə xoşa gəlməyən bir vəziyyət olursa(əlbəttə ki, belə hallar tez-tez olur), buna səbəb nə aktyordur, nə də rejissor. Maliyyə imkansızlığı, yaxud ölçüsü səbəbindən rejissor məcbur olur dublyaj etdiyi filmdə bir aktyora bir neçə rol versin. Bəzən iki aktyor filmdəki bütün rolları səs çalarlarını dəyişərək yazırlar. Nə qədər yüksək istedad sahibi olsan belə, səs diapozonun geniş olsa da bu işin öhdəsindən gəlmək mümkünsüzdür. Belə vəziyyətdə aktyorlar baş verən hadisələrin iştirakçısından, bu hadisələrin nağılçısına çevrilirlər. Ancaq az da olsa maliyyə baxımından tutarlı olan filmlərin tutarlı dublyajı alınır-"Yusif və Züleyxa" filmindəni misal gətirə bilərəm. Həmidə Ömərovanın-Züleyxası və Elşən Rüstəmovun -Yusifi sənət nümunəsidir”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev də uzun illərdir dublyajla məşğuldur, dublyaji ayrıca bir sənət kimi ğörür və hər bir aktyor hec olmasa öz çəkildiyi rolu səsləndirməyi bacarmalidir fikrini irəli sürür: “Əvvəllər kompyüter olmadığına görə dublyaj eləmək cox cətin idi. Kinostudiyada dublyaj şöbəsi vardi, həftədə 2 və ya 3 film yazilirdi. Hər rola aktyor dəvət olunurdu, səs yazilirdi, sonra bütün səslər üstünə yığılırdı. Məhz bu səbəbdən dublyaj filmlər yüksək səviyyədə olurdu. Hazırda durum başqadır. Bir filmi yazmag ücün 4 -5 aktyordan istiffadə olunur. Hətta bəzi hallarda bir aktyor, 7-8 rol səsləndirməli olur. Vaxt məhdudiyyəti, maliyyənin azlığı filmin tez-tələsik yazılmasını tələb edir ki, nəticədə də filmdəki aktyorun işini bilmək onun elədiklərini yerindəcə yerinə yetirmək haqqinda fikirləşməyə nə vaxt olur, nə həvəs, sadəcə olaraq tez yazib işi bitirmək haqqinda düşünürsən. Çox təəssuf ki, bu bizdə belədir, başqa dövlətlər bizim indi elədiklərimizi 90- cı, 2000-ci illərin əvvəllərində ediblər. İndi onlar filmləri cox ğözəl dublyaj edirlər lap əvvəl oldugu kimi, səs kastinqləri kecirirlər hər rola aktyor secirlər, aktyorlara yaxşi pul verirlər ki, nəticədəd də aktyorlar canla- başla işləyirlər. Əgər bizdə də belə olsa bizim dublyajlar hec bir olkənin dublyajindan pis olmaz, əksinə yaxşi olar. Zənnimcə, “Azərbaycanfilm” kinostudiyasi bu işi əlinə alib filmlərin dublyaji ilə məşqul olmalidir, bütün kinoteatrlarda filmlər öz dilimizdə olmalidir. Əgər bütün filmlər bir, və yaxud iki yerdə dublyaj olunsa, o zaman həm rəqabət olar həm də yaxşi işlər ortaya cıxar. Bizdə o potensial var və o aktyorları, rejissorları bir yerə yığıb işləmək ücün şərait yaratmaq lazımdır”.
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev o fikirdədir ki, dublyaj dünənlə müqayisədə xeyli inkişaf edib: Hər zaman ruslarin dublyajina qibtə etmişəm. Bunun səbəbi çox sadədir: Texnika ve aktyorun zəhmətinin yüksək qiymətləndirilməsi. Texnika yüksək səviyyədə olsa belə, əgər aktyorun əməyi yüksək qiymətləndirilmirsə, o zaman filmlər yüksək səviyyədə olmur. Çunki aktyor calişır ki, cox film yazsin və nəsə qazana bilsin. Sevindirici haldır ki, artiq hər kəs dublyaj olunmuş filmləri seyr edir. Onu da qeyd edim ki, Sovetlər dövründə yaşamış, o dövrü görmüş insanlar əsasən rus dublyajina üstünlük verirlər. Bir anlıq o dövrdə səsləndirilən filmləri yada salaq. Səviyyəsi yuksek idi, kinostudiya bu işə ciddi yanaşırdı, aktyor yaxşı qiymətləndirilirdi. Doğrudur, o dövrdə texnika o qədər də güclü deyildi, ancaq məhsul göz qabağındadır. Teatrın, filmin, dublyajın özəyi aktyordu, bunu heç bir vaxt yaddan cçıxartmaq olmaz”.
SON SÖZ ƏVƏZİ: Ağaxan Salmanlının sözü ilə desək, dünya dublyajı ilə bizim dublyajın müqayisəsinə gəlincə, ümumiyyətlə teatrımız, kinomuz, təsviri sənətimiz, incəsənətimiz həmişə dünya sənəti və sənətkarlığı ilə müqayisədə inkişaf edib və edəcək də. Ancaq mövcud problemlərin həllinə dövlət səviyyəsində dəstək verildiyi qədər də, əlaqədar təşkilatlar da üzərinə düşən işlərə məsuliyyətlə yanaşarsa, o zaman həlli mümkün olmayan heç bir şey qalmaz.