“British Film Spring” festivalı keçiriləcək

“British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü “British Film Spring” festivalını keçirəcək. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.Azərtac xəbər verir ki, bu barədə aprelin 28-də Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva “British Council Azərbaycan” təşkilatı ilə bir sıra layihələr həyata keçirdiklərini vurğulayıb. “British Film Spring” festivalının digər layihələr kimi maraqla qarşılanacağını söyləyib.Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik festivalda nümayiş olunacaq filmlərin Britaniya kinosunun möhtəşəmliyini əks etdirdiyini deyib. O, festivalın proqramında dram, komediya, animasiya janrlarında filmlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, filmlər ingilis dilində Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.xeber100.com  

Aprel 28, 2017 12:41

“Azərbaycanfilm” kinostudiyasının məlumatı

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.Azərtac xəbər verir ki, bu barədə aprelin 25-də Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Y.Şeyxov və “Azərbaycanfilm” kinostudiyasının direktoru M.Hətəmov məlumat verib.Bildirib ki, mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyası həmin gənclərə müraciət edir.Qeyd edilib ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə  Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.Vurğulanıb ki, abituriyentlərdən lazım olan sənədləri - özləri haqqında məlumat, bioqrafik oçerk, həyat hadisəsi yazmaqları və bunları fotoşəkil daxil etməklə qovluqda Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur.xeber100.com

Aprel 25, 2017 12:49