Rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir

Kinooperator işində sənətkarlıq nümayiş etdirən onlarla operatorlar var ki, onların hər biri Azərbaycan kinosunun yaranma tarixində böyük rol oynayıblar. Əlisəttar Atakişiey, Xan Babayev, Muxtar Dadaşov, Valeri Kərimov kimi kinematoqrafçılarımız dünyasını dəyişsə də yaratdıqları sənət nümunələri ilə hər zaman xatırlanırlar.  Bir vaxtlar adlarını çəkdiyimiz kinematoqrafçılarla  çiyin-çiyinə çalışanlar var ki, hazırda onlar müdrik yaş dövrünü yaşayırlar. Kənan Məmmədovu, Hüseyn Mehdiyevi, onlardan sonra kinematoqrafiyaya gələn kinooperator Rafiq Quliyev kimi kinematoqrafçılar da ustadlar qədər bu sənətdə fədakarlıq nümayiş etdirə bildilər. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan Rafiq Quliyevlə elə dərs dediyi İncəsənət Universitetində söhbət etdik... -Rejissor M.Kosırevlə çəkdiyiniz  "Gənc Mixailin görüntüsü" adlı diplom filminiz Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb ki, nəticədə də festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. Bu da o deməkdir ki, siz şansı məhz tələbəlik illərində əldə etmisiniz və hələlik son uğur kimi diqqətdə dayanan “Çölçü” filmi də bunu bir daha sübut edir. -Əslində mənim şansım Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olanda Vladimir Vasilyeviç Monaxovun kursuna düşməyimlə başladı. Bu artıq mənim ikinci təhsilim idi. Öncə Teatr rejissorluğunu qiyabi oxumuşdum və kinostudiyada işləyirdim. Ancaq hiss etdim ki, bu bilik məni qane etmir və kinooperatorluq fakultəsinə hazırlaşdım. -Maraqlıdır, ikinci təhsili kinorejissorluğu deyil, məhz kinooperatorluq üzrə aldınız... -Bunun səbəbini belə izah edərdim. Mən tanınmış sənədli film ustadı rejissor-operator Kalyaginlə bir yerdə çalışdığım zaman ondan sənətlə bağlı çox şey öyrəndim, ümumiyyətlə kinematoqrafiyaya olan sevgini məndə o aşılamışdı. Ondan öncə isə Hüseyn Mehdiyevin yanında ikinci operator olaraq “Babamızın babasının babası, “İşgüzar səfər” və s. filmlərdə çalışdıq və Hüseyn müəllimdən də çox şey öyrəndim və o da mənə başa saldı ki, mən mütləq təhsilimə davam etməliyəm. 1982-1987-ci illər Moskvada təhsilimə davam etdiyim illər olaraq yadımdadır. Hazırda dünya ölkələrində yaşayan sənətkarların əksəriyyəti ilə Moskvada böyük bir təhsil sistemi keçdik. Etiraf edim ki, sənətkar kimi formalaşmağımda Moskva təhsil sistemi böyük rol oynadı. -Ümumiyyətlə Sovet kino məktəbində təhsil alanlar Azərbaycan kino məktəbinin yaranmasında böyük rol oynayıb... -Çünki Sovet kino məktəbi dünyanın ən aparıcı məktəblərindən biri idi. Çünki orda bütün millətlərin nümayəndələri təhsil alırdı və biz bir-birimizin mədəniyyətimizi, ədəbiyyatımızı, həyata olan baxışımızı, fəlsəfmizi görüb, öyrənirdik. Belə bir mühitdə formalaşaraq özünüdərk prosesini, kamillik yolunu keçirdik. Özünə qarşı, işinə qarşı olan tələbkarlıq, tənqid və s. hamısı məhz o mühitdə formalaşdığım dövrdən yaranıb. Təhsil aldığım illərdə bir çox filmlər çəkdim ki, onların da hər birini rus, türk, ispan, ərəb, azərbaycanlı və b. rejissorlarla çəkdim, ancaq qazandığım təcrübəyə baxmayaraq mənə elə gəlirdi ki, hələ tam olaraq operator kimi yetişməmişəm. Bəlkə də insanın özünəqarşı tələbkar olması ona görə yaxşıdır ki, hər dəfə qazandığın uğurda yerində saymırsan, “daha yaxşı ola bilərdi” fikri ilə davam edirsən. -Moskvadan döndükdən sonra ilk olaraq “Yaramaz” filmində ikinci operator olaraq çalışsanız da bildiyim qədərilə əslində filmi əsas məsuliyyət yükünü siz daşımısınız... -Aleksandr İlxovski müəyyən məsələlərə görə filmin axırına yaxın çıxıb getdi və məhz bu səbəbdən filmi mən tamamladım. Ümumiyyətlə filmdə elə kadrlar var ki, mənim çəkilişlərimdir. Yəni beləliklə də mənim operataor olaraq sərbəst fəaliyyət  dövrüm başladı və bu günə qədər də bu sənətin hər xırdalığını öyrənirəm və tələbələrimin peşəkar kimi yetişməsi üçün onlarla mütəmadi məşğul oluram. -Operator kimi çəkdiyiniz bədii filmlərin, qısametrajlı filmlərin, sənədli filmlərin sayı-hesabı yoxdur. Hansı filminiz sizin operatorluq imkanlarınızı tam olaraq açıb? -Çəkdiyim bütün filmlər birbaşa marağımda olan mövzular üzərində qurulub. Yəni, mən operator olaraq düşündürməyən mövzularda olan filmləri çəkməmişəm, ciddi mövzular mənim üçün əsasdır. “Cansıxıcı əhvalat” filmində rejissor Cəmil Quliyevlə birgə mövzu üzərində olan iş prosesi mənim operator kimi imkanlarımın açılmasında böyük rol oynayıb, hətta eyni hissləri “Çölçü” filmində də hiss etmişəm. Hər iki film mənə çox əzizdir, çünki hər iki filmdə operator duyumu çox güclüdür. -Xarakter etibarilə ustadınız Hüseyn Mehdiyevlə oxşar cəhətləriniz çoxdur. Mövzu seçimi, ciddi yanaşma, tələbkarlıq və s...Əslində demək olarmı ki, çalışdığınız rejissorlar sizinlə hesablaşmalıdır? -Mən rejissorla hesablaşaram, ancaq o rejissorla ki, o nə çəkdiyini bilsin, məni inandıra bilsin, mövzunu mənim üçün aça bilsin. Mövzunu içindən keçirib onunla yaşamağı bacaran rejissorlarla işləmək mənim üçün daha önəmlidir. Çox təəssüf ki, belələri çox azdır... -Kinostudiyadakı fəaliyyətinizlə yanaşı bir müddət Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil etmisiniz. Bu, çox az bir müddəti əhatə edir... -1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışdım və bir çox işlərə imza atdım, hətta paralel olaraq elmi işlə də məşğul olurdum. Bilirsinizmi mən aktif fəaliyyəti xoşlayan insanam. Mənim üçün çəkiliş meydançası həyatdır. Əgər mən işlə məşğul olmuramsa o zaman sanki həyatımı itirmiş oluram, nəfəsim daralır, qocalıram...Bir etirafı edim. “Çölçü” filmindən və filmə münasibətdən  sonra qismən bədbinləşən Rafiq Quliyev daxilən o qədər qocalmışdı ki, hətta kinodan uzaqlaşmaq qərarına gəlmək istədi. Filmin dəyərini anlamayanların münasibəti  yaradıcı heyətə çox pis təsir edirdi ki, bu da filmin operatoru olaraq məndən də yan keçməyə bilməzdi. Ancaq bunun da öhdəsindən gələ bildim, artıq “yenidən davam” deyirəm. Çünki elə bir proses baş verdi ki, mən sənətə lazım olduğumu anladım. -Yeri gəlmişkən, ətrafın münasibəti sizə nə dərəcədə təsir edir...Tutaq ki, ustad sənətkarın biri sizin gördüyünüz ərsəyə gətirdiyiniz sənət nümunəsi haqqında hər hansı bir mənfi fikir söyləyə bilər, bir də var, anlayışı belə olmayan hər hansı bir fikir söyləməklə mənfi təsir göstərir... -Özümlə bağlı heç bir fikir məni incitməz.  Problem ondadır ki, sənətə qarşı olan fikirlər məni incidə bilər. Müsbət və ya mənfi fikir yürütmək odur ki, yaratdığın sənət nümunəsi yaşayır ki, üzərində mübahisələr gedir. Tənqid hissini normal qarşılayıram, çünki bu insana stimul verir. -Elə ola bilər yaradılan sənət nümunəsindən xəbərsiz  biri korkoranə tənqid edə, zənnimcə bu durum heç də könülaçan deyil... -Bilirsinizmi sənət adamı çox həssas olduğu üçün gördüyü işlərə qarşı yaxşı fikirlər eşitməyi xoşlayır. Şəxsən mən buna  qarşıyam, bu barədə bir qədər fərqli düşünürəm, daha sərt mövqedə dayanıram. Düşünürəm ki, tərifdən uzaq durmaq lazımdır, çünki məni belə formalaşdırıblar. Tərif insanı məhvə apara bilər, ancaq tənqid insanın işində ən böyük güc vasitəsidir. Hətta korkoranə tənqiddə belə müsbət tərəfləri axtarıb tapmaq mümkündür. Təsəvvür edin ki, min bir zəhmətlə yaradılan yeni bir sənət nümunəsi haqqında jurnalistlərin kinoşünas iddiasında olaraq  vətəndaş mövqeyindən fikir buildirməsi nə dərəcədə doğrudur?!  Mən demirəm ki, bilikləri aşağı səviyyədədir, sadəcə iddia yanlışdır. Sənətşünaslar hardadır, niyə sənətşünaslar yoxdur? Yaradıcı insanların xofundan qorxub öz mövqeyini ortaya qoyanlar, sağlam analizlər edən insanlarımız azdır. Hazırda kinoda yaranmış meşə qanunlarını düzgün məcraya yönəltsinlər, tör-töküntüdən, “cəsədlər”dən təmizləsinlər. Bu onların missiyası idi. Çox təəssüf ki, durum göz qabağında, zənnimcə bütün bunlarla mübarizə aparmaq lazımdır. İlk növbədə  sağlam tənqid olmalıdır, sağlam fikir yürüdülməlidir ki, bunu da ancaq kinoşünaslar edə bilər. Ancaq kinoşünaslıqda yaranmış problemlər bizi illərdir geridə qoyub. Sağlam analiz yoxdur. Tutaq kı, filmin tənqidinə yer verilir, ancaq ortaya vətəndaşlıq mövqeyi qoyulur “Azərbaycanlı bunu edə bilməzdi” kimi. Axı bu filmi azərbaycanlı çəkibsə, deməli edə bilərdi də. Ya da ki, mənim xoşuma gəlir və ya gəlmir səviyəsində rəy verilir. Analiz lazımdır, niyə xoşuna gəlir və ya əksinə. Bütün bunlar məni çox narahat edir. -Bu narahat məqamlardan sizi uzaqlaşdıraraq bir qədər dünya kinosunda olan durumla söhbətə davam etməyi təklif edirəm. Hazırda sadəcə Azərbaycan kinosunda deyil, eləcə də dünya kinosunda rəqəmsal mərhələ başlayıb. Klassik kino təhsili alan bir operator olaraq bu durumu necə dəyərləndirisiniz? -Əgər Azərbaycan kinosu dünya kinosu ailəsinə daxil olmaq istəyirsə o zaman mütləq rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir və rəqəmsal texnologiyaların milli kinematoqrafiyada istifadəsinə maksimum şərait yaradılmalıdır. Ancaq bu o demək deyil ki, biz klassik ənənələri unutmuş olaq. Əlbəttə ki, məzmun baxımından, yanaşma baxımından klassik ənənələrimizi unutmadan yeni formalar və bu formaların müasir texnologiyalar vasitəsilə həyata keçirməyə səy göstərməliyik.  Onu da qeyd edim ki, Azərbaycanda ilk dəfə rəqəmsal mərhələyə mən bir operator kimi “Vəkil hanı”(2010-cu il) filmi ilə başladım. İlk dəfə bu texnologiyalarla çəkmək üçün mən Moskva və Gürcüstanda ezamiyyətdə oldum, kurs yoldaşlarım və bu texnologiyalarda çalışa bilən sənətkarlardan çox şey öyrənmək üçün testlər apardım. Bunun da səbəbi o idi ki, rəqəmsal  texnologiyalarda işləmək, kinolentdə işləməkdən daha çox məsuliyyət tələb edir. Bir çox məmurlar və çox təəssüf ki “sənətkarlar” düşünürlər ki, əgər biz rəqəmsal  texnologiyalarda təsviri vizual nəzarət vasitəsilə idarə edə biliriksə, yəni onun fotoqrafik keyfiyyətini, kadrdaxili informasiyanı, mizanları, kompozisiyanı və s. kifayət edirsə başqa heç bir şey lazım deyil. Ancaq rəqəmsal texnologiya 3-cü ölçünün yaradılması baxımından, işıq rəsmindən daha incə işləmək tələbini  irəli sürür. Kinolentdə təsvir dərinliyini almaq üçün kinolentin özündə xüsusi təbəqələr bir-birinin üzərində müəyyən mikronlarla, müəyyən ölçü vahidini bölür ki, nəticədə də bu dərinlik ekranda qabarmış olur. Ancaq rəqəmsal texnologiyalarda bu yoxdur. Sadəcə bir səthin üzərində təsvir qurulur. Bu baxımdan daha incə işləmək lazımdır ki, bu da böyük məsuliyyət tələb edir. Doğrudur ki,  rəqəmsal texnologiyalar istənilən mövzunun açılışına, yozumun ifadəsinə daha geniş imkanlar açır. Yəni, daha rahat, çəkdiyini transformasiya edərək istənilən variantı, üslubu əldə edə bilirsən. Ancaq bunun üçün daha geniş  bilgilərin, peşə vərdişləri tələb olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycan kinosunda böyük problemlər var. Və bu problemlərin aradan qalxması  üçün çalışmalıyıq.    

Fevral 8, 2017 1:31