“Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə oktyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək. Mədəniyyət Mərkəzindən bildirilib ki, həftə çərçivəsində oktyabrın 23-də Özbəkistan Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunacaq, həmçinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr aparılacaq. Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda oktyabrın 24-də Azərbaycan poeziyası və musiqisinə həsr olunacaq ədəbi-bədii tədbirdə Xalq şairi Vahid Əzizin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz Mirələm Mirələmov və Kamilə Nəbiyeva muğamlarımızı səsləndirəcəklər. Eyni zamanda, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımızı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi təqdim edəcək. Oktyabrın 25-də Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili proqram nümayiş olunacaq. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılıb və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəsi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulur. Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir. Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində “Heydər Əliyev İli” münasibətilə dahi şəxsiyyətə həsr olunmuş kitab və fotosərgi açılacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcək.xeber100.com  

Oktyabr 20, 2023 2:22

“YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək

Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək. Layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir. Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (“British Council”ın dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər. Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək. Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır. “YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni, biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib. Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir. “Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, - deyə layihənin rəhbəri qeyd edir. Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir. “Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, - deyə o vurğulayır. Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.xeber100.com

Oktyabr 19, 2023 3:41

“Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının birgə istehsalı olan "Oğul" filmi ölkədə mədəniyyət sahəsinin inkişafı baxımından çox gözəl publisistik bir kino salnaməsidir. Onun sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə gətirilən, dövlətimizin başçısının tapşırığı ilə mədəniyyət siyasətində həyata keçirilən çox uğurlu layihələr silsiləsindəndir. Sonra çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib. O, film çəkildiyi dövrdə, hadisələrdən 25 il keçməsinə baxmayaraq N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib: “Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür”. Natiq Qasımovun qardaşı Nofəl Qasımov  qeyd edib ki, “Oğul” sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib: “Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı. Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb. Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib. Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir. Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib. Film Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ festivallarında nümayiş etdirilib. Tədbir zamanı, həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağa, Xocalıya, şəhidlərə, erməni əsirliyinə və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər kitablarının satışı da reallaşdırılıb və satışdan əldə olunan gəlir “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.xeber100.com

Oktyabr 19, 2023 3:38

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş filmin təqdimatı keçirilib

Oktyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin təqdimat və “Danışan əllər” sərgisinin açılış mərasimləri keçirilib. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən danışıb. Qeyd olunub ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər milli-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə xas əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb. O, filmin hazırlanma prosesindən danışaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən ekran əsərində nadir foto və video arxivlərindən istifadə olunub. Filmin təqdimatından sonra çıxış edən Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıblar. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, həmçinin mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub.xeber100.com

Oktyabr 19, 2023 3:32

Filarmoniyasının səhnəsində II Braziliya klassik musiqi festivalı çərçivəsində konsert keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində II Braziliya klassik musiqi festivalı çərçivəsində konsert keçirilib. Filarmoniyadan verilən məlumata görə, gecədə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Francisco Braga, Capiba, Heitor Villa-Lobos, Francisco Mignonenin əsərləri səslənib. Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Trionun tərkibinə Azərbaycan Respublikasının Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir. Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarlarının əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə uğurla çıxış edir, S.Ələsgərov adına mükafatın laureatıdır. Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.xeber100.com

Oktyabr 13, 2023 2:38

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub

Oktyabrın 13-də Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub. Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, mədəniyyət naziri Adil Kərimli, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edir. Əvvəlcə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən, Şuşada təşkil olunun tədbir və festivallardan bəhs edən videoçarxa baxılıb, həmçinin ədəbi-bədii proqram təqdim olunub. Mərasimin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisidir. Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bərpa-quruculuq işləri davam edir. Adil Kərimli diqqətə çatdırıb ki, türk dövlətləri birliyinin güclənməsində və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulduğunu vurğulayıb. S.Raev TÜRKSOY-un türkdilli xalqlar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər gördüyünü deyib. Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, BTA-nın prezidenti, akademik Şahin Mustafayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər. Bildirilib ki, türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb edib. Qeyd edək ki, Forum işini üç panel üzrə davam etdirəcək. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılacaq. Forum oktyabrın 14-dək davam edəcək.xeber100.com

Oktyabr 13, 2023 2:21

Milli Xalça Muzeyində “Türk dünyası simvolu – xalça” adlı konfrans işə başlayıb

Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində "II Türk Dünyası Muzeylər Görüşü" tədbiri çərçivəsində "Türk dünyası simvolu - xalça" adlı beynəlxalq konfrans işə başlayıb. Konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin Türk dünyasının mədəni irsinin qorunması baxımından çox önəm daşıdığını bildirib. Qeyd edib ki, konfrans çərçivəsində keçiriləcək "Ümumdünya mədəni irsi -xalça", "Xalçanın dili - damğalar" adlı sessiyalar çox böyük maraq doğurur. TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Bildirib ki, Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək. İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.xeber100.com

Oktyabr 11, 2023 3:25

Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir

Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir. Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir. Bu fikirlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb. Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur. “Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər ən vəhşicəsinə talan olunaraq yerlə-yeksan edilib. İşğal zamanı Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan vurub. Azərbaycanın işğal altında olmuş ərazilərində 2000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb. Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib”, - deyə bəyanatda vurğulanıb. Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də sarsıdıcı təsir göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir azərbaycanlının mədəni hüquqlarına, xüsusən də hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib. Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir. “2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə saxlamışdı. Bu ölkə, həmçinin Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına və təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və mülki infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb”,-deyə bəyanatda qeyd edilib. Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə də Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura, eləcə də mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.xeber100.com

Oktyabr 11, 2023 2:34

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” filmi təqdim olunub

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Baş direktorun birinci müavini Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüzilliyi ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayaraq deyib: “Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib”. Mixail Qusman filmin niyə belə adlandırıldığı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı qələbə qazandığı başqa bir tarixin qeyd olunması çox simvolikdir”. Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. “2020–ci il noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib. Sonra “Liderin ürəyi” sənədli film nümayiş olunub. Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır. Heydər Əliyev Azərbaycan tarixində əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub. “Liderin ürəyi” sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.xeber100.com  

Oktyabr 11, 2023 2:30