“Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan Əsintilər” adlı sərgi açılacaq

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan Əsintilər” adlı sərgi açılacaq. Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil edəcəyi sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunacaq. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşıb, onların bu yolda irəliləməsinə təkan verib. SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, qısaca sənətkarın daxili ahənginin var olması üçün öz mövcudluğunu daim davam etdirəcək. Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilməsi planlaşdırılır. Vernisajda təqdim ediləcək dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alacaq. Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi də planlaşdırılır. Sərgi oktyabrın 20-dək davam edəcək.xeber100.com

Sentyabr 29, 2023 2:56

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, “ART - ORDO 2023” IX Teatr Festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub. Sentyabrın 30-dək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı “İnanıram” adlı monotamaşa ilə çıxış edəcək. Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir. Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür... Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.xeber100.com

Sentyabr 22, 2023 2:58

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi” baleti ilə olacaq

Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında təqdimatına 1 gün qalıb. 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi” baleti ilə olacaq. Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi. Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də rol alıb. Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur “Bolşoy” Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə “Bolşoy” Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edəcəklər. Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb. Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib. Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin digər köməkçisi Oksana Tsvetnitskayadır. Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

Sentyabr 17, 2023 2:29

Azərbaycan Milli Xalça Muzeyində konsert proqramı təşkil olunub

Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılıb və uşaqlar üçün konsert proqramı təşkil olunub. Muzeydən bildirilib ki, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdirilir. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçalar, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir. Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb. Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək. Milli Musiqi Günü münasibətilə təşkil olunan konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunub. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.xeber100.com

Sentyabr 16, 2023 2:45