XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq

İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Avqustun 2-dək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək. Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər. 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcəklər.xeber100.com  

İyul 25, 2023 2:11

“Nəşrlərin satınalınma müsabiqəsi” elan edilib

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan edib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya həyata keçirəcək. Nazirlikdən bildirilib ki, iştirakçılar tərəfindən nəşrlər avqustun 24-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir. Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər. İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir. Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər haqqında çap olunmuş nəşrlər; Elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika və s) texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya və s.); Uşaq ədəbiyyatı; Milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər; Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər; Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər; Görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar. Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir. Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcəkdir.xeber100.com

İyul 22, 2023 7:01

Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür

Azərbaycan Radiosunun diktoru, Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür. Yusif Muxtarov 22 iyul 1941-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. 1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-ədii veriliş radionun Qızıl fonduna daхil olub. O, həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. Y.Muxtarov deyirdi ki, radionun öz dili, öz ahəngi var: “Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir”. Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Böyük məsuliyyət hissilə öyrəndiklərini eyni həvəslə gənclərə öyrətməyin peşəkarı olan Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Onun tanıyanlar deyirlər ki, Y.Muxtarov harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb. Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.xeber100.com

İyul 21, 2023 10:12

“Avroviziya-2024” – Ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi başlayır

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır. Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır: ∙ göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır; ∙ iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir; ∙ Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır; ∙ mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin musiqi platformalarında yerləşdirilməməlidir. Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır. Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.xeber100.com

İyul 14, 2023 8:02