Nizami Kino Mərkəzində təqdimat keçirilib

Noyabrın 28-də Nizami Kino Mərkəzində "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimatı keçirilib.Tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.Film Masallı Rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.Ekran əsrində Xalq artisti Flora Kazımova, Xalq şairi Sabir Rüstəmxanlı, şair-həkim Paşa Qəlbinurun Sarənglə bağlı fikirləri yer alıb.Qeyd edilib ki, şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdırıb.XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mir Kazım Aslanlı sübut edib. O, həmçinin Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.K.Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edib, doğulduğu İsi kəndində dəfn olunub.Qeyd edilib ki, o, çoxlu sayda peşəkar həkimlər yetişdirib. İbrahim bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər çətin vaxtlarda ona dəstək olublar. Üzeyir Hacıbəyli ona fortepiano hədiyyə edib. O, “Sarəng” təxəllüsü ilə şerlər yazıb. Mir Kazım Aslanlı həm də gözəl tərcüməçi olub. Bir çox dillər bilən bu şəxs, dünyaşöhrətli yazarların əsərlərini dilimizə çevirib.Tədbirdə çıxış edənlər "Sarəng" sənədli filminin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürlərini bildiriblər.  

Noyabr 28, 2022 2:58

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin dekabr ayında premyerası keçiriləcək.Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak edəcəklər. Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb.Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.xeber100.com

Noyabr 28, 2022 2:55

Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlıq davam edir

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 16-da ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Mədəniyyət nazirliyindən bildirilib ki, görüşdə Vaqif Əliyev ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın türk respublikaları ilə mədəni əlaqələrində Özbəkistanla olan münasibətlər xüsusi yer tutur.Vaqif Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının əvvəlində Özbəkistana dövlət səfəri, keçirilən görüşlər və qatıldığı tədbirlər iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisidir.Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov görüşə görə təşəkkür edib. Bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının Bakıya qastrol səfəri ilə bağlıdır. Səfər çərçivəsində kollektiv özbək bəstəkarı Ənvər Erqaşovun “Humo” və italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operalarını nümayiş etdirəcək.Göstərilən qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Bahadır Əhmədov bu kimi mədəni layihələrin davamlı olmasına inamını ifadə edib.Görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com  

Noyabr 17, 2022 5:59

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində

Noyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində “Anda sədaqət” adlı sərgi keçirilib.Muzeydən bildirilib ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Artıq iki ildir ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar. Həmçinin qeyd olunub ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Artıq iki ildir ki, Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra bütün işğaldan azad olunmuş ərazilər dirçəlir, tarixi torpaqlara həyat qayıdır.Sonda tədbir iştirakçıları mayor Elşad Həsənov, baş leytenant Hikmət Səfərov, əsgərlər Nicat Əhmədov, Nicat Tarıverdiyev, Sərxan Əliyevə məxsus, muzeyin fondlarında qorunan 80-ə yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.Sərgi noyabrın 24-ə qədər davam edəcək.xeber100.com

Noyabr 17, 2022 5:54

Azərbaycan Bəstəkarlar İttifaqının geniş iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin geniş iclası keçirilib.İttifaqdan bildirilib ki, iclas zamanı ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində - o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapıb.Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və digər bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə - kantatalarda, odalarda, mahnılarda vəsf olunub.Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir.İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına uğun olaraq ona həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib.İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə, Ulu Öndərin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.

Noyabr 17, 2022 5:38

Bakı Bələdiyyə Teatrı 30 illik yubileyində “Şuşada ürəyim qaldı” tamaşasını təqdim etdi

Noyabrın 15-də Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirdi. Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası oldu. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Filologiya elmləri doktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri-Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidiçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Tədbir öncəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalovaya verildi. F.Acalova Mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdırdı və nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim etdi. Növbəti çıxış üçün söz Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılova verildi. H.İsmayılov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaqın Bakı Bələdiyyə Teatrının bir qrup aktyoruna ünvanlanan mükafatlarını təqdim etdi. Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova tədbir iştirakçılarına çatdırdı. AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyinə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsəri təqdim olundu. Eləcə də digər çıxış edənlər teatrın yubiley təbriklərinə qatıldılar. Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik video-rolikin təqdimatından sonra tamaşa başladı. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına necə müsibətlər gəlib və ölkəmiz bu  müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb. General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın  müsibətlərindən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çəkilir. Tamaşada iştirak edirlər: İsmayıl Atakişiyev (general Pavel Sisianov) Rəşad Kəsəmənli (Hüseynqulu xan) Rafiq İbrahimov (İbrahim xan) Hüsniyyə Mürvətova (Tubu xanım)-Əməkdar artist Zülfiyyə Qurbanova (Ağabəyim ağa) Asif  Rəhimov (Fətəli xan) Əfqan Soltanov(Molla Müzəffər ağa) – Əməkdar artist Elxan Rzayev (Saday bəy) Tural Əhməd (Mahmud bəy) Mehman Abdullayev (Şəfi bəy) Toğrul Rza (Dmitri Lisaneviç) Elçin Muradov (kölgə) Rəşid Soltanov (1-ci kölgə) Namiq Cavadov (2-ci kölgə) Nigar Babayeva (1-ci rəqqasə) Günel Həmidova (2-ci rəqqasə) Əzizə Həşimova (3-cü rəqqasə) Yaradıcı heyət Quruluşçu rejissor - Mərahim Fərzəlibəyov(Xalq atristi) Bəstəkar - Eldar Mansurov(Xalq artisti) Quruluşçu rəssam – İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi) İşıq rəssamı – Tərlan Ələsgərli Kostyum sexinin müdiri – Leyla Əkbərova Dizayn üzrə tərtibatçı – Elnur Ehtiramoğlu SON SÖZ ƏVƏZİ: 30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com      

Noyabr 16, 2022 12:27